Tacikistanla bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyət genişlənəcək -ŞƏRH

Prezident İlham Əliyev hədəfləri açıqladı

Emoməli Rəhmon da vurğulayıb ki, görüşlərin nəticələri ölkələrimizin əməkdaşlığını yeni inkişaf səviyyəsinə yüksəldəcək

Dostluq və həmrəyliyimiz strateji tərəfdaşlıq müstəvisinə keçir


  Mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə səfərdə olan Tacikistan rəhbəri Emoməli Rəhmon ilə ikitərəfli və geniş tərkibdə görüşləri keçirilib. Tacikistan prezidentinin Azərbaycana səfəri çərçivəsində tərəflər arasında bir çox sahədə mühüm sənədlər imzalanıb. Prezident İlham Əliyev deyib ki, əsas hədəf bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir. Ölkə rəhbəri qeyd edib ki, Tacikistanın Azərbaycanda Mədəniyyət Günləri keçirilir: "Bütün bunlar münasibətlərimizi konkret məzmunla zənginləşdirir. İqtisadi xarakterli bir neçə sənəd imzalanıb. Bu gün nümayəndə heyətlərinin üzvləri ilə müzakirələr çərçivəsində əlaqələrimizə daha çox məzmun əlavə etmək üçün bu gündəliyi ətraflı nəzərdən keçirəcəyik. Çünki ticarət dövriyyəsinin statistik rəqəmləri ilə tanış olduqdan sonra, əlbəttə ki, onların hələlik bizi qane edə biləcəyini deyə bilmərik. Düşünürəm ki, bizim bu gün Sizinlə, sonra nümayəndə heyətlərinin üzvləri ilə artıq razılığa gəldiyimiz və müzakirə edəcəyimiz məsələlər ticarət dövriyyəsinin artmasına kömək edəcək. Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır". Dövlət başçısı vurğulayıb ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq: "Çünki Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır". Tacikistan Prezidenti Emoməli Rəhmon da diqqətə çatdırıb ki, görüşlərin nəticələri ölkələrimizin əməkdaşlığını yeni inkişaf səviyyəsinə yüksəldəcək: "Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir. Bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir. Bu gün biz dövlətlərarası münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən tarixi qərar qəbul edəcəyik. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun əsrlərdən bəri davam edən ənənələrinin ruhuna uyğundur. Bu qərarlar müstəqilliyimizin bütün dövründə qarşılıqlı fəaliyyətimizin irəliləməsində əldə olunan uğurları daha da möhkəmləndirir. Bu baxımdan qeyd etmək istərdim ki, bu prosesin başlanğıcını Azərbaycan xalqının Ümummilli Lideri, çox hörmətli Heydər Əlirza oğlu Əliyev qoyub. Əminəm ki, bu gün əldə ediləcək razılaşmalar qardaş xalqlarımızın dərin maraqlarına cavab verəcək və Tacikistan-Azərbaycan münasibətlərinin möhkəm təməlinə çevriləcək. Sizə təşəkkür edirəm". 
  Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Ötən il dövlətlərimiz arasında ali səfərlər baxımından olduqca məhsuldar il olub. Azərbaycan Prezidenti 2023-cü ildə dost ölkədə iki dəfə səfərdə olub. Dövlətimizin başçısı 2023-cü il aprelin 5-6-da Tacikistana dövlət səfəri edib. Prezident İlham Əliyev ötən il sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Prezident Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Tacikistan Prezidenti Emoməli Rəhmonun bu dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İqtisadi əlaqələrə gəldikdə vurğulamaq lazımdır ki, iki dost ölkə arasında siyasi münasibətlər yüksək səviyyədə olsa da, iqtisadi sahədə əlaqələr ölkələrimizin potensialını tam əks etdirmir. İki ölkə arasında illik ticarət dövriyyəsinin həcmi 6 milyon dollardır ki, bu da çox azdır. Hər iki ölkənin iqtisadi potensialı ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılmasına imkan verir. İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. Azərbaycan-Tacikistan mədəni əlaqələri də məhsuldarlığı ilə seçilir. Ümumiyyətlə, o da qeyd edilməlidir ki, Azərbaycanın çoxşaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da genişlənərək inkişaf edir. Son illərdə dünyada, xüsusilə regionda yaşanan proseslər ölkələrdən daha sıx əməkdaşlıq etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu dinamika Azərbaycanın xarici siyasətində açıq şəkildə hiss olunur. Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır. Mərkəzi Asiya regionu ilə münasibətlərin möhkəmləndirilməsi hazırkı geosiyasi şəraitdə mühüm perspektivlər vəd edir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır. Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. 

  Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, son vaxtlar Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində atdığı addımlar getdikcə daha da intensivləşir. Onun sözlərinə görə, bu kontekstdə Azərbaycanın Mərkəzi Asiyanın türk dövlətləri ilə münasibətlərində də xüsusi fəallıq müşahidə olunur: 
\"Əminliklə deyə bilərik ki, türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın hazırkı xarici siyasət kursunun əsas prioritetlərindən biridir. Tacikistan türk dövləti sayılmasa da, lakin Azərbaycan-Tacikistan əlaqələrinin genişləndirilməsi də Mərkəzi Asiya dövlətləri ilə münasibətlərimiz sistemində xüsusi yer tutur. Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə bugünkü səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümünə təsadüf edir. Bu səfərin ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına yeni impuls verəcəyi şəksizdir. Rəsmi Bakı və Düşənbə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıdır. Keçmiş Sovet imperiyasının dağılmasından sonra Mərkəzi Asiyanın gənc müstəqil dövlətləri həm geosiyasi baxımdan, həm də zəngin təbii ehtiyatlar səbəbindən dərhal qlobal güclərin qızğın rəqabət hədəfinə çevrildi. Odur ki, bu ölkələrin müstəqil dövlətçiliyi son 30 ildə zaman-zaman çətin sınaqlarla üz-üzə qalıb. Həmin sınaqlar qarşısında duruş gətirməyin və beynəlxalq münasibətlər sistemində layiqli yer tutmağın ən optimal yollarından biri də çoxəsrlik dostluq münasibətlərinə, ortaq mədəni və dini dəyərlərə malik olan ölkələrin ikitərəfli əlaqələri gücləndirməsidir. Bu mənada Tacikistanla Azərbaycanı da ortaq tarixi keçmiş və dostluq ənənələri birləşdirir. Və bu gün ikitərəfli əlaqələrin genişləndirilməsi üçün olduqca böyük potensial mövcuddur". 
  
Analitik vurğulayıb ki, hazırda Tacikistanla Azərbaycan arasında mədəni əlaqələr, hərbi sahədə əməkdaşlıq, siyasi, iqtisadi humanitar, elm və təhsil sahəsində və digər sahələrdə münasibətlər sürətlə inkişaf etməkdədir:
 "Azərbaycanın müxtəlif ali məktəblərində Tacikistandan olan tələbələr təhsil alır, müəllim və tələbələrin mübadiləsi həyata keçirilir. Azərbaycan ilə Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlığın həcmi günü-gündən genişlənir, ticarət dövriyyəsi artır. Qarşılıqlı sərmayə qoyuluşu da davam edir. Ötən il Tacikistandan Azərbaycana 5 milyon dollara yaxın, Azərbaycandan Tacikistana isə təxminən 2 milyon civarında investisiya qoyulub. Bir sözlə, iki ölkə arasında çoxşaxəli münasibətlərin inkişafı üçün münbit zəmin var və əməkdaşlığın genişlənməsi yaxşı perspektivlər vəd edir. Hər iki ölkənin beynəlxalq və regional təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etməsi isə tərəflərin həlledici məqamlarda bir-birinin maraq və mənafelərini müdafiə etmələri üçün etibarlı zəmin yaradır".

  Ə.Hüseynov əlavə edib ki, Emoməli Rəhmonun səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə stimul verəcək: 
"Prezidentlər həm təkbətək və geniş tərkibdə görüş zamanı, həm də mətbuata bəyanatlarında ikitərəfli münasibətlərin gündəliyində olan bir çox mühüm məsələləri müzakirə etdiklərini və gündəliyin kifayət qədər geniş olduğunu bildirdilər. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ilə Tacikistan arasında qarşılıqlı münasibətlərin tarixinə və xarakterinə nəzər salsaq, onların çoxdan strateji tərəfdaşlıq xarakteri daşıdığını görərik. İki ölkə arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması isə münasibətlərin inkişafında mühüm mərhələlərdən biri olacaq və bununla da, münasibətlərimizin səviyyəsi rəsmi şəkildə daha da yüksələcək. Ümumiyyətlə, bu gün əldə edilən razılaşmalar Azərbaycan-Tacikistan münasibətlərinin daha geniş inkişafı üçün möhkəm təmələ çevriləcək. Emoməli Rəhmon isə öz növbəsində bizim ölkələrimizi zamanın sınağından çıxmış münasibətlərin birləşdirdiyini vurğulayaraq Azərbaycanın Tacikistanın etibarlı dostu və tərəfdaşı olduğunu bəyan etdi. Tacikistan Prezidenti həmçinin bildirdi ki, bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir və ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir. O, bu prosesin başlanğıcının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu da diqqətə çatdırdı. Beləliklə, bu səfər çərçivəsində dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə dair tarixi qərarın qəbul edilməsi iki ölkə arasındakı əlaqələrin  inkişafı üçün yeni səhifə açacaq. Dostluq və həmrəyliyimiz strateji tərəfdaşlıq müstəvisinə keçir".