28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə müxtəlif ölkə rəhbərləri tərəfindən təbrik məktubları ünvanlanır. Bu təbriklərin sırasında ABŞ dövlət başçısı Cozef Bayden tərəfindən yazılan məktub diqqət çəkir.
Co Baydenin məktubundan bəlli olur ki, 44 günlük müharibədən sonra Cənubi Qafqazda formalaşmış yeni reallıq bütün dünya kimi ABŞ tərəfindən də qəbul olunur. Məktub yeni reallıqlar çərçivəsində Azərbaycanla əməkdaşlığın davam etdirilməsi əzminin ifadəsidir.
Təbrikdə deyilir ki, Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinə dəyər verir.
“Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir. Biz, həmçinin Rusiyanın davam edən qəddar müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı da yüksək qiymətləndiririk”, təbrikdə deyilir.
Cozef Bayden bildirir ki, İlham Əliyevin prezidentliyinin beşinci müddətinin başladığı bir vaxtda, Amerika Birləşmiş Ştatları regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığı dərinləşdirməyə səy göstərəcək.
“Biz Azərbaycanı demokratik idarəetmənin gücləndirilməsi və bütün azərbaycanlıların insan hüquqları və fundamental azadlıqlarının qorunması üçün əsaslı addımlar atmağa dəvət edirik. Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq”, ABŞ Prezidenti qeyd edib.
Təbrikdə həmçinin deyilir ki, Azərbaycanın müstəqilliyinin qeyd edildiyi bu bayramda Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq edir.
“Biz Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq və bu səyləri dəstəkləməyə hazırıq. Ən əsası isə, biz Azərbaycan xalqı ilə tərəfdaşlığımızı inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayırıq”, ABŞ Prezidentinin təbrikində qeyd edilir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Turan Rzayev bildirib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevi dövlətimizi Müstəqillik Günü münasibətilə təbrik etməsi artıq ənənə halını alıb:
“Yəni hər il Azərbaycanın rəsmi bayramlarında ABŞ Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayır. Prezident ölkəsinin Azərbaycana baxış bucağını təbrik mesajında kiçik detallarla çatdırır. Nəzərə almaq lazımdır ki, anqlo-saksın diplomatiyasında bu tipli məktublar hər ölkəyə edilmir. Co Bayden cənab İlham Əliyevi təbrik edirsə, deməli, Azərbaycanın diplomatik və siyasi çəkisi böyükdür. Eyni zamanda, Azərbaycan regionda söz sahibi olan ölkələrdən biridir. Xüsusilə də enerji sahəsində ABŞ və Azərbaycan münasibətləri inkişaf edir. Rəsmi Vaşinqtonun Bakıya bu istiqamətdə maraqları çoxdur. Amma Amerika və Azərbaycan əlaqələrində soyuqluq yaradan məqamlar da mövcuddur. Məsələn, Amerikanın Ermənistana verdiyi dəstək və Azərbaycana qarşı silah satışına dair qadağanın hələ də qalması iki ölkə münasibətlərinə mənfi təsir edən amillərdir. Təbrik mesajında demokratik idarəetmənin gücləndirilməsi və bütün azərbaycanlıların fundemental azadlıqlarının qorunması kimi məqamların qeyd edilməsi Amerikanın da bu məsələlərdə Azərbaycanla razı olduğunu deməyə əsas verir. Bütün hallarda sözügedən təbrik mesajı Azərbaycanın maraqlarına uyğundur. Amerika tərəfindən belə məktubun gəlməsi bizim üçün pozitiv haldır”.