NATO ölkələri Rusiyanın hücumlarından qorumaq üçün Ukraynanın qərb torpaqları üzərində səmanı bağlamaq imkanını müzakirə edir.
Bu barədə Bild öz mənbələrinə istinadən yazıb.
"Qərbi Ukraynanın hava məkanının NATO-nun zenit sistemlərinin köməyi ilə mühafizəsi imkanları nəzərdən keçirilir. Polşa "qabaqcıl hava hücumundan müdafiə" təşəbbüsünü öz üzərinə götürüb, lakin yekun qərar hələ verilməyib", Bild yazıb.
Politoloq Fuad Abbasov “Sherg.az”a bildirib ki, NATO və Qərb dövlətləri Ukraynanı Rusiyadan qorumaq məqsədilə müxtəlif metodları sınaqdan keçirirlər:
“Sınaqdan keçirilən üsul isə Rusiyanın reaksiyası ilə yoxlanılır və həyata keçirilir. Rusiya Ukraynaya 2022-ci ilin fevral ayında hücum edən zaman ciddi şəkildə Rəsmi Kiyevə dəstək verilmədi. Qərb dövlətləri yavaş-yavaş Rusiyanın nəbzini tutaraq həmin planları icra etdi. Bu gün NATO və Qərbin Ukraynaya göstərdiyi dəstək 2022-ci illə müqayisədə misilsizdir. Son günlər Ukraynanın Qərbdən canlı qüvvə yardımı ilə bağlı da müraciət etməsi gündəmə gəlmişdi. Qərb dövlətləri isə dəfələrlə Ukraynaya əsgər göndərməyəcəyini açıqlamışdı. Bu isə Ukraynaya canlı qüvvə ilə texnika göndərmək arasında mövqe olaraq Rusiyanın səbrini sınamaq məqdəsi daşıyır. Bu sınağı isə Alman qəzetinin nəşri ilə dünya ictimaiyyətinə çatdırırlar. Qərb dövlətləri Rusiyanın buna verəcəyi cavab əsasında rəsmi Moskvanın hava hücumuna qarşı Ukraynanın səmasını qoruyub-qorumayacağlarına qərar verəcəklər. Sözügedən məsələ NATO və Rusiya müharibəsinin başlamasına dəlalət deyil”.