Baş nazir Azərbaycanla sülh prosesini bir an öncə yekunlaşdırmaq niyyətindədir
İrəvanda revanşistlərin etiraz yürüşü davam edir. İrəvanın Respublika meydanına doğru hərəkət edən etirazçıların önü polis tərəfindən kəsilib. Yürüşdə aksiyalara rəhbərlik edən revanşist keşiş Baqrat Qalstanyan da iştirak edib. Hətta Baqrat Qalstanyan tərəfdarlarına Xarici İşlər Nazirliyinin binasına hücum etmək göstərişi verib. İrəvan hökuməti vəziyyətin gərgin olduğunu və etirazçılar arasında açıq-aşkar aqressiv əhvali-ruhiyyəli təxribatçıların olduğunu deyib.
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan hökuməti artıq öz yolunu müəyyənləşdirib və həmin istiqamətdə hərəkət etməkdədir. Ekspert vurğulayıb ki, Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh prosesini bir an öncə yekunlaşdırmaq niyyətindədir:
"Paşinyan paralel olaraq Rusiyadan qəti şəkildə uzaqlaşmaq siyasətini həyata keçirir. Çünki İrəvan hökuməti Qərbə inteqrasiya yolunu tutduğunu açıq şəkildə bəyan edib. Görünən də odur ki, Paşinyan geri addım atmaq fikrində deyil. Ermənistanın Qazaxın 4 kəndini Azərbaycana qaytarmasına da bu kontekstdə baxmaq lazımdır. Azərbaycanla qarşıdurma, müharibə istəməyən İrəvan hökuməti bütün etirazlara rəğmən, Bakının tələblərini yerinə yetirir. Həmçinin Ermənistan Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətləri normallaşdırmaq, əlaqələri bərpa etmək, sərhədləri açmaq istəyir. Keşiş Baqrat Qalstanyanın başlatdığı və hələ də davam edən etiraz aksiyalarının məqsədi Paşinyana mane olmaq, onu geri addım atmağa məcbur buraxmaqdır. Revanşistlər, keçmiş "Qarabağ klanı" hakimiyyəti devirmək istəyir və buna nail olmaq üçün fərqli üsullara əl atırlar".
Analitik vurğulayıb ki, Tavuş vilayətindən başlayan və İrəvan küçələrində davam edən etiraz aksiyaları Koçaryan-Sarkisyan qruplaşması tərəfindən təşkil olunub: "Bu gün erməniləri Azərbaycanla müharibəyə səsləyən keçmiş müdafiə naziri Seyran Ohanyan özü Şuşada Ordumuzun qabağından qaçmışdı. Ermənistan cəmiyyəti hakimiyyət uğrunda gedən mübarizənin fərqindədir. Revanşistlər kənardan aldıqları dəstəklə son kartlarını açıq formada oynayırlar. Ancaq Paşinyan qarşısında qüvvələrin real gücünün fərqində olduğu üçün onları təhlükə və təhdid saymır. Baş nazir aksiyaların uğursuzluqla nəticələnəcəyini dəqiq bilir".