Millət vəkili: “Öz gözündə tiri görməyən, başqalarının gözündə tük axtarar”

"Azərbaycanda yaxşı bir el məsəli var - "Şüşəli evdə oturub, qonşunun həyətinə daş atmazlar".

Xəbər verdiyimiz kimi Avropa Parlamenti yenidən rüşvət qalmaqalı ilə üz-üzədir. Belçika polisi "Russiagate" işi ilə əlaqədar olaraq Avropa Parlamentində axtarış aparıb. Bu qalmaqalda Avropa Parlamentinin bəzi deputatlarının Rusiya təbliğatını "Avropanın səsi" saytı vasitəsilə yayımlamaları üçün rüşvət aldıqları iddia olunur. Axtarış zamanı rüşvət və korrupsiya ilə bağlı sübutlar toplanılıb. "Russiagate" işi Rusiyanın Avropa Parlamentində təsir gücünü artırmaq üçün rüşvət mexanizmlərindən istifadə etdiyini iddia edir. Xüsusilə bu rüşvətlərin "Avropanın səsi" saytı vasitəsilə Rusiya təbliğatını yaymaq məqsədilə verildiyi ehtimal edilir. Avropa Parlamentində rüşvət və korrupsiya skandalları artıq adət halını alıb. Bu cür hadisələrin sistematik olduğu və Avropa institutlarında geniş yayıldığı iddia olunur. Korrupsiya skandalları, Avropa Parlamentinin şəffaflığı və etibarlılığına ciddi zərbə vurur. Rüşvət qalmaqalı Avropa institutlarının nüfuzuna və şəffaflıq səviyyəsinə ciddi təsir göstərir. Bu qalmaqalların geniş miqyasda yayılması, Avropa Birliyinin demokratik və şəffaf fəaliyyətlərinə kölgə salır. Avropa Parlamentinin rəhbərliyi, korrupsiya və rüşvət mexanizmlərinə qarşı daha sərt tədbirlər görməyi planlaşdırır. Bu qalmaqalda erməni lobbisinin də rolu diqqət mərkəzindədir. Brüsseldə oturan erməni iş adamı Kaspar Karapetyanın Avropa Parlamentindəki korrupsiya və rüşvət mexanizmlərində mühüm rol oynadığı iddia edilir. Xatırladaq ki, Avropa Parlamentində rüşvət və korrupsiya skandalları artıq adət halını alıb. 2022-ci ildə Avropa Parlamentinin vitse-prezidenti, yunan deputat Eva Kayli və daha 3 nəfərin Qətərdən rüşvət almaları faktı məlum olmuşdu. 2023-cü ilin aprelində də AP-də korrupsiya qalmaqalı yaşanıb. Belçika polisi və alman müstəntiqləri Almaniyada başladılan istintaq çərçivəsində sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahına basqın ediblər. 

Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında bildirib ki, Avropa parlamentinin bəzi deputatlarının rüşvət və korrupsiyaya görə ittiham olunması, yeni hal deyil və artıq heç kimi təəccübləndirmir. Deputatın sözlərinə görə, Belçika polisinin axtarış apardığı şəxslər Almaniya və Niderlandı təmsil edən deputatlardır: 
"Onlar Rusiyanın xeyrinə təbliğat aparmaqda günahlandırılırlar. Daha əvvəllər də həm Avropa parlamentində, həm də Avropa İttifaqının üzvü olan ayrı-ayrı ölkələrdə korrupsiya faktları barədə mətbuatda çox saylı məlumatlar getmişdi. Məsələn, Fransanın keçmiş prezidenti Sarkozinin seçki kampaniyasının Liviyanın keçmiş rəhbəri M.Kaddafi tərəfindən maliyyələşdirilməsi, Qətərdə futbol üzrə dünya çempionatının keçirilməsi üçün beynəlxalq təşkilatlarla pərdəarxası münasibətlər, bu yaxınlarda Avropa parlamentinin Yunanıstandan olan deputatının 2,6 milyon avroluq rüşvət qalmaqalını və s. misal göstərmək olar. Bu yaxınlarda, ABŞ konqresinin xarici əlaqələr komitəsinin sabiq sədri, qatı ermənipərəst Bob Menendesi də bu siyahıya qatmaq olar. Belə yerdə deyərlər, “öz gözündə tiri görməyən, başqalarının gözündə tük axtarar”. Avropa strukturlarında, həmçinin, İttifaqa daxil olan aparıcı ölkələrin qanunverici orqanlarında, lobbiçilik fəaliyyəti adı altında hər zaman rüşvətxorluq olub, gələcəkdə də olmayacağına heç kim qarantiya verə bilməz". 

Parlament üzvü bildirib ki, Azərbaycan 30 illik işğal dövründə, dəfələrlə ikili standartlarla, ədalətsiz, qərəzli yanaşmalarla üzləşib: 
"Heç kimə sirr deyil ki, erməni diasporası tərəfindən satın alınmış çoxsaylı, parlamentarilər, siyasətçilər, jurnalistlər "quru sağ ol"la kifayətlənmirdilər. Azərbaycanda yaxşı bir el məsəli var. “Şüşəli evdə oturub, qonşunun həyətinə daş atmazlar”. Son illər Avropa parlamentinin Azərbaycanı sistemli şəkildə hədəfə almasının əsas səbəbi, Qarabağın işğaldan azad olunması və qlobal güclərin planlarının pozulması ilə bağlıdır. Həmin qüvvələr, məhz, bu faktla barışmaq istəmir, ölkəmizə yönəlik təzyiqləri artırırlar. Qatar gedib, artıq gecdir".