Tədbir qlobal enerji məsələlərinin müzakirəsinə imkan yaradacaq
Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyinə hazırlaşır. 4-6 iyun tarixlərində regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi keçiriləcək. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “CaspianOil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “CaspianPower” və 29-cu Bakı Enerji Forumu. Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dəkşirkət iştirakını təsdiq edilib. Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur. 2024-cü ildə Bakı Enerji Həftəsi əhəmiyyətli bir sıra əlamətdar hadisələrə təsadüf edir. Bu il Respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapıb. Müasir müstəqil Azərbaycanın banisi, Azərbaycanın yeni enerji strategiyasının müəllifi, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın dünyanın neft ixracatçılarından birinə çevrilməsində mühüm rol oynayıb. Məhz "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycanınyeni enerji strategiyasının əsası qoyulub. Eyni zamanda bu il Beynəlxalq Xəzər Neft və Qaz “CaspianOil&Gas” sərgisinin təsis edilməsindən 30 il ötür. İlk dəfə 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərgi təşkil olunub və həmin dövrdən etibarən, “CaspianOil&Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib.
Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan “yaşıl enerji” istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında əks olunub. Son dövrlərdə Azərbaycan artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. Ölkə konqres və sərgi fəaliyyətlərində fəal iştirak edir, inkişaf etmiş infrastruktura malikdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və geniş miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Belə genişmiqyaslı hadisə ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha vurğulayacaq.
Bakı Enerji Həftəsi isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir. Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi “CaspianOil&Gas” sərgisində müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a deyib ki, Bakı Enerji Həftəsi yalnız Azərbaycanın enerji potensialının təqdim edilməsi baxımından deyil, eyni zamanda, bu sahədə əməkdaşlığın gücləndirilməsi aspektindən də vacibdir. Deputatın sözlərinə görə, nəzərə alaq ki, bu toplantıya dünyanın aparıcı şirkətlərinin əməkdaşları gəlir:
"Bakı Enerji Həftəsi fərqli dövlət və hökumət rəsmiləri, beyin mərkəzinin əməkdaşlarının bir araya gəlməsinə və qlobal enerji məsələlərinin müzakirəsinə imkan yaradır. Bu da nəticə etibarı ilə həm enerji sahəsində dövlət- özəl sektor əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirə olunması və bu sahədə real, perspektivə hesablanan addımların atılmasına gətirib çıxarır. Həm də innovasiya və texnologiyanın təqdimatı baxımından çox vacibdir. Enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir. Bakıda keçirilən bu forum həm də yeni texnoloji innovasiyaların şirkətlər tərəfindən təqdim edilməsinə, dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsinə imkan yaradır. Bu baxımdan regional və qlobal əhəmiyyət daşıyır. Azərbaycanın bu sahədəki potensialı ilə yanaşı, eyni zamanda gücünü göstərən əsas faktorlardan biridir".