Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Türk Dövlətləri Təşkilatı prezidentlərinin diplomatik müşavirlərinin toplantısı təsadüfi deyil
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək Tərəflər Konfransının 29-cu sessiyası yaxınlaşdıqca Türk dünyasında diplomatik fəaliyyət prioritet olacaq. Bir sıra görüş və sammit ərəfəsində Türk Dövlətləri Təşkilatı üzv dövlətlər arasında əməkdaşlığın aktivləşməsi dövrünə hazırlaşır. Hazırda Bişkekdə (Qırğızıstan) Türk Şurası Parlament Assambleyası çərçivəsində iqtisadi və mədəni məsələlərlə məşğul olan komitələr yaradılır. May ayında Türkiyə Böyük Millət Məclisinin təşkil etdiyi konfransda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müdafiə komitələri toplandı. Türk dünyasında təhlükəsizlik problemlərinin həlli və hərbi əməkdaşlığın möhkəmləndirilməsi müzakirə edildi. Həmçinin mayın 27-dən 30-na kimi Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin nazirlikləri və dövlət qurumlarının mətbuat xidmətləri üçün “İnformasiya xidmətləri–2024: yerli və xarici təcrübə” adlı seminar keçirilib. Görüşdə Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi tərəfindən təşkil olunan tədbirdə türk dövlətlərinin müvafiq qurumları arasında səmərəli kommunikasiyanın qurulması, qarşılıqlı informasiya mübadiləsi və dialoqun aparılmasından danışılıb. Qeyd olunub ki, TDT üzv ölkələrlə yalnız iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində deyil, həmçinin informasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə diqqət yetirir. Buraya, eyni zamanda feyk xəbərlərlə və dezinformasiya ilə birgə mübarizə, qurumlar arasında operativ dialoq daxildir. Bu məqsədlə üzv ölkələrin media və dövlət qurumlarının nümayəndələri mütəmadi olaraq Azərbaycan, Türkiyə və Qazaxıstanda keçirilən treninqlərdə iştirak ediblər. Bundan başqa, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müvafiq qurumlarının nümayəndələrinin məruzələri dinlənilib. Bu ay Bakıda Türk Dövlətləri Təşkilatı ölkələrinin parlament sədrlərinin görüşünün keçirilməsi planlaşdırılır. Görüş mühüm regional və qlobal məsələlər üzrə yüksəksəviyyəli dialoq və strateji koordinasiya üçün platforma olacaq. Parlament tədbirlərinə əlavə olaraq Türk Dövlətləri Təşkilatı bu ilin iyulunda Şuşada sammit keçirməyə hazırlaşır ki, bu da türk regional diplomatiyasında mühüm mərhələ olacaq. Türk ölkələri diplomatik cəbhədə qarşılıqlı fəaliyyəti və əməkdaşlığı dərinləşdirməyə davam etdikcə, regional sabitlik və rifah perspektivləri daha ümidverici görünür.
Qeyd edək ki, Almatıda Türk Dövlətləri Təşkilatı Prezidentlərinin Diplomatik Müşavirlərinin/Köməkçilərinin 2-ci Toplantısı keçirilib. Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, görüşdə təşkilat çərçivəsində tərəfdaşlıq və əməkdaşlıq nəzərdən keçirilib, qarşıdan gələn qeyri-rəsmi Şuşa Sammitinin gündəliyi, həmçinin Azərbaycanda keçiriləcək COP29 çərçivəsində birgə fəaliyyətlər, təşəbbüslər, habelə Türk Dövlətləri Təşkilatının gələcək institusional inkişafı müzakirə edilib. Hikmət Hacıyev Türkiyə və Özbəkistandan olan həmkarları ilə də görüşüb. O qeyd edib ki, Akif Çağatay (Türkiyə) və Əlişir Peyqamovla (Özbəkistan) Almatıda keçirilən Türkdilli Dövlətlər Təşkilatının Diplomatik Müşavirlərinin/Prezident köməkçilərinin görüşü çərçivəsində ölkələrimiz arasında qardaşlıq münasibətlərinin perspektivlərini və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edib: "Türk Dünyası bizim ailəmizdir!".
Şübhəsiz, Türk Dövlətləri Təşkilatının yaradılmasında əsas məqsəd oxşar tarixi-mədəni irsə, ortaq milli-mənəvi dəyərlərə, məişət tərzinə malik olan xalqların birliyini gücləndirmək, siyasi, ticarət və iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk platformasının yaradılması olub. Qurumun fəaliyyət
istiqamətləri siyasi dialoq, turizm, iqtisadiyyat, ticarət, gömrük, nəqliyyat, təhsil, gənclər və idman, kənd təsərrüfatı, ədliyyə, miqrasiya, informasiya və s. sahələri əhatə edir. Yaradılarkən xoş məramın əsas götürülməsi və üzv dövlətlər arasında yüzilliklər boyunca formalaşan tarixi bağlar, təbii amillər, cəmiyyətlərin qarşılıqlı rəğbət hissləri, bir-birinə yaxınlaşmaq istəkləri bu təşkilatın uzunömürlülüyünə güclü təminatlar verir. Əslində, dünyanın hazırkı mənzərəsi fonunda türk dövlətlərinin bir çətir altında birləşmələri tarixi zərurətə çevrilmişdi, desək, yanılmarıq. Məlumdur ki, hazırda beynəlxalq səviyyədə qütbləşmə meyilləri güclənib. Nə qədər qəribə görünsə də, XXI əsrdə multikulturalizm ideyaları bir sıra hallarda inkar edilir, millətçilik, irqçilik, etiqad fərqliliyi önə çəkilir. Hazırda dünyanın ayrı-ayrı regionlarında islamafobiyanın genişlənməsini izləmək acı təəssüf hissi doğurur. Biz qlobal güc mərkəzlərinin selektiv siyasət apardıqlarını,
eyni məsələlərə fərqli yanaşmalar sərgilədiklərinin şahidi oluruq. Açıq demək lazımdır ki, ikili yanaşmalardan həm də Türk dövlətləri əziyyət çəkirlər, bir sıra hallarda onlara qarşı açıq-aşkar təzyiq cəhdləri göstərilir. Belə bir şəraitdə Türk dövlətlərinin hansısa saxta, keçici maraqlara deyil, məhz soy-kökdən gələn yaxınlığa istinad etməklə potensiallarını və fəaliyyətlərini əlaqələndirmələri bir zərurət kimi çıxış edirdi. TDT-nin yaranması geniş türk coğrafiyası ilə dünyadakı ayrı-ayrı güc mərkəzləri arasında qüvvələr balansının tarazlaşdırılmasına geniş imkanlar açır. TDT-nin ən mühüm missiyalarından biri məhz budur. Bu gün TDT dünya miqyasında yeni güc mərkəzi qismində çıxış edir. Qeyd etdiyimiz kimi, türk birliyinin əsası qoyularkən xoş məram əsas götürülüb. Bu qurumun hansısa bir qara niyyəti, təcavüzkarlıq, nifaq yaratmaq, imperialist siyasət aparmaq məqsədi yoxdur. Təbii ki, milli maraqlarını təmin etmək, müxtəlif mərkəzlərdən
gələn ekspansionist cəhdlərin qarşısını almaq da türk dövlətlərinin haqqıdır. Qurum burada cəmləşən ölkələr arasında əlaqələri gücləndirmək istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirdiyi kimi, digər ölkələrlə və beynəlxalq təşkilatlarla, o cümlədən də Avropa İttifaqı ilə inteqrasiyanın dərinləşdirilməsinə açıqdır. Əlbəttə ki, paritet əsaslarla, qarşılıqlı maraqların təmin edilməsi yolu ilə. Hazırda Avropada və bütün dünyada TDT-də birləşən ölkələrə böyük maraq var. Bu da ilk növbədə türk ölkələrinin malik olduqları zəngin iqtisadi potensialla bağlıdır. 4,5 milyon kvadratmetr coğrafi ərazini əhatə edən geniş türk coğrafiyasında təxminən 155 milyon əhali yaşayır. Qeyd edək ki, bu coğrafiyada tarixən əhali artımının dinamikası yüksək olub. Azərbaycan və digər türkdilli ölkələr öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Türk dövlətləri arasında ticarət dövriyyəsi 2022-ci ildəki 33 milyard ABŞ dollarından 2023-cü ildə 42 milyard dollara yüksəlib. Bu, il ərzində 27,3 faiz artım deməkdir. TDT 2021-ci ildə 47, 2022-ci ildə 62 tədbir keçirib. Ötən il isə TDT üzrə müxtəlif istiqamətləri əhatə edən 110-dan çox tədbir baş tutub. Bu tədbirlərdə iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı aktual müzakirələr aparılıb, potensial imkanlara diqqət çəkilib. Qeyd etdiyimiz kimi, TDT qurum daxilində olduğu kimi, digər ölkələr və beynəlxalq təşkilatlarla da əlaqələri genişləndirməkdə maraqlıdır.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a bildirib ki, Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biri beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq, qarşılıqlı maraqlar kontekstində bu əlaqələrin daha da dərinləşməsindən ibarətdir. Deputatın sözlərinə görə, heç şübhəsiz, öz miqyasına və nüfuzuna görə dünyanın ən böyük tədbirlərindən biri hesab olunan BMT-nin Qlobal İqlim dəyişikliyi proqramına həsr olunmuş COP29 tədbirinin Azərbaycanda keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki nüfuzunun və rolunun göstəricisidir. Həm də Azərbaycanın yenidən beynəlxalq münasibətlərin diqqət mərkəzinə gəlməsidir:
"Azərbaycan bu prosesə hərtərəfli hazırlaşır və yeni bir ənənə yaradır. Əgər COP29 yaşıl enerji və qlobal ekoloji problemlərin iqlim dəyişiklikləri kontekstində baş verən hadisələrin önünə keçməkdirsə, bu prosesdə qazıntı enerjisi resurslarına malik olan Azərbaycan prosesə mühüm töhfələr verəcək yeni nümunə yaradır. Hələ andiçmə mərasimində Azərbaycan Prezidenti qeyd etmişdi ki, bizim xarici siyasət prioritetlərimizdən birini Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə daha dərin və daha sıx əməkdaşlıq təşkil edir. Bu mənada Şuşada keçiriləcək Türkdilli Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin görüşünə ciddi hazırlıq həyata keçirilir. Prezidentin köməkçisi Hikmət Hacıyevin də Türk Dövlətləri Təşkilatı prezidentlərinin diplomatik müşavirlərinin toplantısında iştirakı təsadüfi deyil. Çünki Şuşada keçiriləcək Zirvə görüşü üçün hazırlıq mərhələsidir. Prezident Türk Dövlətləri Təşkilatı haqqında danışarkən çıxışlarının birində qeyd etmişdi ki, türk dövlətlərinin əlaqələrinin institutlaşması lazımdır. TDT artıq tanınmış beynəlxalq təşkilatdır. Amma bu təşkilat çərçivəsində institutlaşmanın həyata keçirilməsi əlaqələrin daha da dərinləşməsi və funksionallığı baxımından olduqca əhəmiyyətlidir. Hikmət Hacıyevin iştirak etdiyi görüşlərdə də bu məsələlər müzakirə olunur. Türk Dövlətləri Təşkilatı bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi statusu əldə edib. COP29-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin iştirakı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Nəticə etibarilə qlobal iqlim dəyişikliyi kontekstində bu ölkələrin verə biləcəyi töhfələr yaşadığımız region baxımından da olduqca əhəmiyyətlidir".