Politoloq: “Lazarev klubu” şər yuvasıdır

Zatulinin növbəti dəfə Azərbaycanı qaralamasına əsla təəccüblənmirik
 
 
 Vaxtilə ATƏT-in bədnam Minsk Qrupuna həmsədrlik etmiş Fransanın, Rusiyanın, ABŞ-nin bəzi parlamentarilərinin və hərbi-siyasi ekspertlərinin 30 illik işğal dönəmində olduğu kimi bu gün də çörəyi erməni lobbisinə nökərçilik etməkdən və qatı anti-Azərbaycan mövqeli çıxışlar etməkdən çıxırdı. Erməni lobbisinin həmin sadiq nökərlərindən, lakeylərindən biri də Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulindir. Qatı ermənipərəst mövqeyi ilə tanınan K.Zatulin Moskvada keçirilən “Lazarev Klubu”nun 6-cı iclasında son günlər Ermənistanda baş verən hadisələrə, o cümlədən keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi etiraz aksiyalarına münasibət bildirərkən, fürsətdən istifadə edib yenə Azərbaycan əleyhinə təxribatçı fikirlər səsləndirib. Zatulin ənənəvi saxtakarlıq donuna bürünərək iddia edib ki, Qarabağdakı alban kilsələri guya, əslində, “erməni kilsələri”dir və bu kilsələr hazırda Azərbaycan tərəfindən albanlaşdırılır.
 
 Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, bu cür sərsəm böhtanı Azərbaycan tərəfindən “mədəni və tarixi irsə qarşı birbaşa cinayət” kimi təqdim edən rusiyalı deputat belə bir həyasız iddiaları səsləndirməklə, əslində, özü də birbaşa mənəvi və hüquqi məsuliyyət yaradan hərəkətə yol verib. Lakin ekspertin sözlərinə görə, Zatulinin növbəti dəfə Azərbaycanı qaralamasına əsla təəccüblənmirik:

 "Çünki ermənilərdən daha çox erməniçilik edən bu təxribatçı deputat Azərbaycanın Qarabağı işğaldan azad etməsi, qondarma və separatçı “sarsax” rejimini tarixin zibilliyinə göndərməsi faktı ilə hələ də barışa bilmir. Erməni separatizminə və “Qarabağ klanı”na dəstək verən “Lazarev klubu” isə Zatulin kimi iftiraçıların Azərbaycanı ağlasığmaz ittihamlarla hədəfə almaları üçün əlverişli platformaya çevrilib. Bu kluba toplaşan rusiyalı və erməni “ekspert”lər tarixi həqiqətləri təhrif etməkdən, o cümlədən, Qarabağdakı alban kilsələrini “erməni kilsəsi” kimi təqdim etməkdən utanmırlar. Onlar bu cür təhrif və təqdimatlarının qarşılığında erməni lobbisindən, eləcə də Baqrat Qalstanyan kimi təxribatçı keşişin əli ilə Ermənistanda aranı qarışdırıb hakimiyyəti yenidən ələ keçirməyə çalışan cinayətkar Robert Koçaryandan “qonorar” alırlar. Ona görə də Zatulin kimi fürsətçilər öz “sponsor”larının inamını doğrultmaq üçün dəridən-qabıqdan çıxırlar. Lakin bu cür miskin ermənipərəstlərin istifadə müddəti artıq çoxdan bitib".