Fuad Abbasov: “Azərbaycan Konstitusiyasında erməni tərəfinin iddia etdiyi kimi sülhə mane olacaq heç bir nüans yoxdur”
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib ki, ölkə konstitusiyasının dəyişdirilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə daxil deyil. Onun sözlərinə görə, konstitsuiyanın dəyişdirilməsi məsələsi Ermənistanın daxili qərarıdır. Bununla belə, nazir qeyd edib ki, həm Ermənistan, həm də Azərbaycan bir-birinin qarşısında mövqe səsləndirib, hər biri digərinin konstitusiyasında uzunmüddətli sülhün bərqərar olması üçün mühüm problemlər və maneələr görür: “Bizim konstitusiya dəyişikliklərimizə və hökumətimizin bu barədə müzakirəsinə gəlincə, yaddaşınızı təzələməyə dəyər. Biz bu barədə ən azı 2018-ci ildən danışırıq. Bu bizim işimizdir, bunu hökumət daxildə həll etməlidir, sonra referendum şəklində, əlbəttə, o mərhələyə çatsaq". Ermənistan rəsmisi iddia edir ki, qonşularla münasibətlərin tənzimlənməsi, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və regionda nəqliyyat və iqtisadi infrastrukturların blokadadan çıxarılması İrəvanın xarici siyasətində əsas istiqamətlərdir. Erməni nazirin yanlışı ordadır ki, Ermənistan konstitusiyasından fərqli olaraq, Azərbaycan konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Ermənistan konstitusiyasında aşkar şəkildə Azərbaycanın Qarabağ iqtisadi rayonu ilə yanaşı, Türkiyəyə qarşı da ərazi iddiaları qaldırılır. Buna görə də dayanıqlı sülh üçün Ermənistanın separatçı konstitusiyasının dəyişdirilməsi rəsmi Bakının əsas tələblərindən biridir.
Mirzoyanın açıqlamasını "Sherg.az"a dəyərləndirən politoloq Fuad Abbasov deyib ki, Ermənistan XİN başçısının Azərbaycanın Konstitusiyası ilə bağlı iddiaları qeyri-konstruktiv və qeyri-qanuni bir tələbdir. Analitik vurğulayıb ki, ilk növbədə məğlub tərəf olan Ermənistanın qalib ölkə qarşısında hansısa tələblə çıxış etməsi qəbuledilməzdir:
"Digər yandan Azərbaycan Konstitusiyasında erməni tərəfinin iddia etdiyi kimi sülhə mane olacaq heç bir nüans yoxdur. Ermənistanın öz qanunvericilik aktının dəyişdirilməsi qarşılığında bunu tələb etməsi də absurddur. Bakı tələb edir ki, Ermənistan konstitusiyasında keçmiş "Dağlıq Qarabağ"ın Ermənistana birləşdirilməsi haqqında maddə çıxarılsın. Səhv etmirəmsə, bu məsələ Ermənistan konstitusiyasının ikinci maddəsidir. Həmçinin Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə ərazi iddiaları ortadan qalxmalıdır. Bakı bunları tələb edir və tamamilə haqlıdır. Ancaq görünür, Ermənistanın "Miatsum" adlandırığı, uzun illər beyinlərə hopdurulmuş zərərli ideologiyanın dəyişdirilməsi üçün İrəvan hökumətinə ictimaiyyəti razı salmaq üçün bəhanə lazımdır. Paşinyan hakimiyyətinin bəhanəsi odur ki, guya Ermənistan konstitusiyasının dəyişdirilməsinin qarşılığında Azərbaycan da bunu etməlidir, edəcək və s".
F.Abbasov vurğulayıb ki, Ermənistanı narahat edən məqamlar bəllidir, amma məğlub ölkənin qalib tərəfə nəyisə diktə etməyə haqqı çatmır: "Azərbaycan Respublikası 1918-20-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisidir. 1991-ci ildə imzalanmış Müstəqillik Bəyannaməsində "Azərbaycan Respublikasının müstəqiliyi bərpa olunur" sözü keçir. Cümhuriyyətin sərhədlərinə - Zəngəzur, Dərələyəz Göyçə gölünün şərq hissəsi də daxil idi. Bu da o deməkdir ki, indiki Ermənistan ərazilərinin böyük hissəsi Cümhuriyyətin sərhədləri daxilindədir. Əgər biz Mirzoyanın dediyi kimi konstitusiya dəyişikliyinə getməliyiksə, öz tarixi torpaqlarımızı da ermənilərdən tələb etməliyik. Mirzoyandan soruşmaq lazımdır ki, onu narahat edən, içini göynədən nədir? Əslində, erməni rəsmilər "Azərbaycan Respublikası AXC-nin hüquqi-siyasi varisidir" prinsipinə qarşı çıxmaqla bir növ torpaqlarımızın Ermənistana verildiyini etiraf etmiş olurlar. O da bəllidir ki, Ermənistan hökumətinin nümayəndələrinin açıqlamaları erməni ictimaiyyətinə hesablanıb".