CHP-nin yeni sədri yanlış siyasəti düzəltməyə çalışmaqla çox doğru hərəkət edir
Azərbaycanla münasibəti pis olan ana müxalifət partiyası ola bilməz. Bu sözləri Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Özgür Özəl “Habertürk”ə müsahibəsində söyləyib. Partiya sədri vurğulayıb ki, yanlış varsa, düzəldilməlidir. Özgür Özəl yaxın günlərdə Azərbaycana səfər edəcəyini də deyib. Qeyd edib ki, CHP dövləti qurmuş, institutlaşdırmış partiyadır: "Dövlətin bəzi ənənələrindən uzaqlaşmaq olmaz. Seçkilər bitdi, qurultaydan sədr kimi çıxdım. İlk ziyarəti Şimali Kiprə etdim. Daha sonra Azərbaycandan görüş istədim. İkinci səfər də Azərbaycana edilməlidir". Xatırladaq ki, aprelin 17-də CHP-nin sədri Özgür Özəl Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edərkən Azərbaycana dəstəyini ifadə etmişdi. Bundan başqa, fevralın 17-də ana müxalifət lideri Azərbaycan Prezidenti İlham Əliyevi seçkidəki qələbə münasibəti ilə təbrik edib. Həmçinin 28 May - Müstəqillik Günü münasibətilə də dövlət başçısına təbrik məktubu ünvanlayıb. Ümumiyyətlə, yeni rəhbərlikdən sonra Türkiyənin ana müxalifət partiyasının Azərbaycanla bağlı mövqeyində müsbət dəyişiklik var. CHP Türkiyədə keçirilən son bələdiyyə seçkilərində qalib gəlib, siyasi arenada mövqeyini bir qədər gücləndirib. İkinci Qarabağ müharibəsində CHP-nin ovaxtkı sədri Kamal Kılıçdaroğlu və partiya funksionerlərinin ölkəmizə ciddi dəstəyinin şahidi olmamışdıq. Əksinə, CHP-nin bəzi üzvləri “Azərbaycanda nə işimiz var?” kimi fikirlər səsləndirmişdilər. Seçkiqabağı kampaniyada “dəhliz projesi”ni açıqlayan Kılıçdaroğlu Azərbaycanı bundan kənarda saxlamışdı. Məhərrəm İncə də CHP-dən gedərkən bu məqama diqqət çəkmişdi. Özgür Özəlin Azərbaycana münasibəti isə sələfindən ciddi şəkildə fərqlənir və CHP-nin yeni sədri Azərbaycan-Türkiyə qardaşlığına sadiqliyi ilə seçilir. Özəl Prezident R.T.Ərdoğan və MHP sədri Dövlət Baxçalı ilə də görüş keçirib. Görünən odur ki, yeni CHP rəhbərliyi Azərbaycan siyasətində ciddi korrektlər etməyə başlayıb və Kılıçdaroğlunun səhvini düzəldir.
Politoloq Qabil Hüseynli "Sherg.az"a deyib ki, Cümhuriyyət Xalq Partiyası Türkiyənin qurucu və aparıcı müxalifət partiyasıdır. Ekspertin sözlərinə görə, hazırda Türkiyənin paytaxtı başda olmaqla ən böyük şəhərləri CHP bələdiyyələrindədir:
"Əksəriyyət gələcəkdə CHP-ni iqtidar partiyası kimi görür. O baxımdan Azərbaycan hökuməti və ictimaiyyəti ilə Türkiyənin ana müxalifətinin də münasibətlərinin normal olması, əməkdaşlıq edilməsi yaxşı haldır. CHP-nin özü üçün də Azərbaycanla yaxınlıq çox faydalıdır. Azərbaycana dəstək ana müxalifət partiyasının xalq arasında nüfuzunu, reytinqini artırır. Çünki əvvəlki partiya rəhbərliyinin ölkəmizlə bağlı mənfi mövqeyi və açıqlamaları CHP tərəfdarları tərəfindən də birmənalı qarşılanmamışdı. Özgür Özəl bu yanlış siyasəti düzəltməyə çalışmaqla çox doğru hərəkət edir. Onun Azərbaycana gələcəyi və Prezident İlham Əliyevlə görüşü də önəmli gediş olar. Həm də CHP üçün əlavə dividendlər gətirər. Hər halda CHP-nin yeni sədri çox cəsarətli addımlar atır. K.Kılıçdaroğlundan fərqli olaraq cavan, enerjilidir. Ən əsası isə Azərbaycana münasibəti yaxşıdır. Azərbaycan hökuməti qardaş ölkədə terrorçuları təbliğ edən, bölücülərə onlara dəstək verən siyasi təşkilatlar istisna olmaqla bütün partiyalara qapısı açıqdır".