İrəvanda etirazlar: Vətəndaş müharibəsi yaranacaq?

Məqsəd odur ki, qan tökülsün

Kreml İrəvandakı etiraz aksiyalarından ikiəlli yapışıb

Rusiya orada qan tökməklə süni vətəndaş müharibəsi yaratmaq niyyəti güdür

  Mayın 9-dan İrəvanda Paşinyanın istefası, Azərbaycanla sərhədin delimitasiyası prosesinə son qoyulması və bir sıra sərhədyanı ərazilərin Azərbaycana verilməsi tələbi ilə etirazlar keçirilir. Etiraz aksiyasına erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan başçılıq edir. Etiraz hərəkatının iştirakçıları onun Ermənistan hökumətinin başçısı vəzifəsinə namizədliyini irəli sürüblər. Ötən gün etirazçılar ölkənin istintaq komitəsinin binasına doğru yürüş ediblər. XİN-in binası yaxınlığında saxlanılanların azadlığa buraxılmasını istəyiblər, İrəvanın polis rəisi Aram Ovannisyanla görüşməyi tələb ediblər. Ancaq bu tələb yerinə yetirilməyib. Baqrat hərəkatı təmsil edən şəxslərin səfirlik və beynəlxalq təşkilatların ofislərinə baş çəkəcəklərini, diplomatlarla görüşəcəklərini də açıqlayıb. Keşişin sözlərinə görə, etirazçılar öz tələblərini irəli sürüblər və sona qədər onların yerinə yetirilməsinə nail olmağa çalışacaqlar. Ermənistanda davam edən etirazlar fonunda rəsmi Moskva da gözlənilmədən ritorikasını dəyişib. Erməni ekspertlər bildirirlər ki, görünür, Rusiyanın siyasi dairələri Paşinyanı devirməyin mümkün olmadığını anladıqları üçün onunla əməkdaşlıq etmək yolunu tutublar. İyunun 1-də Rusiyanın həm prezidenti, həm də baş naziri N.Paşinyanı doğum günü münasibətilə təbrik ediblər. Qeyd edilir ki, Kremldən birbaşa dəstəyin olmaması da erməni müxalifət tərəfdarlarının motivasiyasını azaldır.
  Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistandakı etirazlar kilsə, II Qaregin tərəfindən idarə olunur. Ekspert vurğulayıb ki, erməni kilsəsi heç zaman azad olmayıb, konkret dövlətlərin, güc mərkəzlərinin geosiyasi maraqlarına xidmət edib: 

"Erməni kilsəsi bir casus təşkilatıdır və hər zaman erməni cəmiyyətini rahatlıqla idarə edə bilmək alətidir. Bunların arxasında birmənalı olaraq Rusiya və erməni lobbisi, onların kriminal maliyyəsi durur. Etirazları təşkil etmək üçün lazım olan vəsait artıq ödənilib və indi nəticə tələb olunur. Ancaq istənilən nəticələri ala bilmirlər. Ona görə də dinc etirazlardan daha çox toqquşmalara sövq edən, təxribat xarakterli açıqlamalar yayılır, süni qarşıdurmalar meydana gətirilir. Məqsəd odur ki, hüquq-mühafizə orqanları gücə baş vursun və qan tökülsün. Aksiyalarda qan tökülməsi etirazı idarə edənlərə hökuməti ittiham etmək üçün əlavə bəhanələr verəcək. Bir növ gələcəyə "siyasi tutacaqlar" hazırlayırlar. Hakimiyyəti gözdən salaraq, daha çox insanı etirazlara cəlb etmək, meydanlara çıxarmaq istəyirlər. Baqrat paytaxt İrəvanda müxtəlif dairələrlə görüşdü, bütün kəsimlərə davamlı çağırışlar etdi, əhalini hökumətə qarşı etiraza səslədi. Lakin bunların effekt vermədiyini gördü. Ona görə yenidən regionlara üz tutdu. Çalışdı ki, müxtəlif regiondakı erməniləri ayağa qaldırsın. Ancaq bu da baş tutmadı. Görünən odur ki, toplum kilsə və revanşistlərə inamını, etimadını tamam itirib. Erməni ictimaiyyəti bu hərəkatı birmənalı dəstəkləmir. Çünki ictimaiyyətə gələcəyi aydın göstərəcək konseptual proqram mövcud deyil. Dövləti irəliyə aparacaq ciddi gündəm yoxdur. Spontan, lokal addımlarla, narazılıq görüntüsü yaratmaqla toplumu aldatmaq mümkün deyil. Bugünədək Ermənistanın inkişafının qarşısını alan Rusiya çətiri demokratik yöndə inkişaf etmiş dünyanın yeni güc mərkəzləri ilə əvəzlənməkdədir. Erməni xalqı da seçim qarşısındadır. İctimaiyyətin daha çox Qərbdən yana olduğu görüntüsü müşahidə olunur. Ona görə də Rusiyanın müdafiə etdiyi keşiş etirazları nəticə vermir".
  N.Miri bəyan edib ki, hüquqi müstəvidə hökuməti devirmək mümkünsüzdür. Yeganə üsul zor tətbiqi, üsyan və qan tökməyə hesablanmış təxribatlardır: "Paşinyan hökumətinin buna imkan verməyəcəyi və yaxın günlərdə etirazçıları sərt cəzalandıracağı ehtimalı böyükdür. Çünki ortada antikonstitusion və təhlükəli fəaliyyət var, etirazçılar cəmiyyəti, qurumların işini iflic edirlər. Hələlik buna imkan yaradılsa da, Paşinyanın çox səbr edəcəyini söyləmək olmaz".
  Siyasi şərhçi əlavə edib ki, Ermənistanda keşiş Baqrat Qalstanyanın başlatdığı etiraz Moskvanın son cəhdi, son fürsəti və şansıdır: "Rusiya Azərbaycan-Ermənistan arasındakı sülh prosesində oyundankənar vəziyyətdə saxlanılır. Rusiyanın ən çox iddialı olduğu məsələlər tərəflər arasında sərhədlərin müəyyənləşməsi və kommunikasiya sistemlərinin açılması idi. Moskva düşünürdü ki, Rusiyanın burada ağırlığı var və prosesdə Kremlə ehtiyac duyulur. Zənn edirdi ki, Rusiyaya məcburi ehtiyac olduğu üçün Moskva bu kart üzərindən oynamağa davam edəcək. Amma bu, fiaskoya uğradı. Ermənistan Rusiyanın iştirakı olmadan, bir güllə atılmadan, Bakı ilə danışıqların nəticəsi kimi Qazaxın 4 kəndini Azərbaycana qaytardı. Artıq iki ölkə arasında 12.5 kilometrlik sərhəd delimitasiya və demarkasiya olunub. Bu onu göstərdi ki, deməli, Rusiyanın iştirakı olmadan sərhədlərin müəyyənləşməsini, hətta kommunikasiyaların açılmasını belə təmin etmək olar".
  Politoloq diqqətə çatdırıb ki, müəyyən dairələr Ermənistan ictimaiyyətində ajiotaj yaratmağa çalışdılar ki, guya Moskvanın prosesdən kənarda qalması ermənilərin əraziləri verməsinə səbəb oldu və s. Amma bu ajiotaj ictimai fikirdə dəstək qazanmadı: "Əgər tərəflər arasında sülh sazişi imzalanarsa, sərhədlərin delimitasiya və demarkasiya prosesi tədricən sürətlənərsə, nəqliyyat-kommunikasiya sistemlərinin açılması yönündə müəyyən razılıq olarsa, Rusiyanın təsir imkanları tamamilə sıfıra endiriləcək. Rusiyanın təsir imkanlarının olmadığı Ermənistanda erməni xalqını Paşinyan hökumətinin əleyhinə qaldırmaq imkansız hala gələcək. O səbəbdən Rusiya İrəvandakı etiraz aksiyalarından ikiəlli yapışıb. Ermənistandakı aksiyalarda aqressivləşmə və radikallaşma göstərir ki, Rusiya orada qan tökməklə süni vətəndaş müharibəsi yaratmaq niyyəti güdür. Bunun qarşısı alınmalıdır".