Misir ərəb-müsəlman aləminin açar ölkələrindən biri sayılır
Bu münasibətlər bütün müsəlman ölkələri üçün müsbət örnək rolunu oynaya bilər
Prezident İlham Əliyev iyunun 7-8 tarixlərində Misirdə səfərdə olub. Dövlət başçısı səfər çərçivəsində Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib. Daha sonra iki ölkə arasında mühüm sənədlər imzalanıb. Liderlərin görüşlərində Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olundu. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirildi, bu xüsusda Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında işbirliyi vurğulandı. Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsi vurğulanaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması qeyd olundu. BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) vasitəsilə Dünya Şəhərsalma Forumuna Misirin bu il, Azərbaycanın isə 2026-cı ildə ev sahibliyi edəcəyi nəzərə alınaraq, bu sahədə də təcrübə mübadiləsinin və birgə əməkdaşlığın önəmi vurğulandı. Söhbət zamanı ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirildi. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd olundu. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək, Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşma prosesinin Misir tərəfindən dəstəkləndiyi, dörd kəndin danışıqlar yolu ilə Azərbaycana qaytarıldığı, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində aparılan işlər təqdir olundu. Misir şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərində iştirak etməkdə maraqlı olduqları vurğulandı. Prezident İlham Əliyev vurğulayıb ki, Misirlə siyasi dialoq müntəzəm xarakter daşıyır. Ölkə rəhbərinin sözlərinə görə, bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük təkan verəcək: “Keçən il biz Prezident Sisini Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm. Yəni bu onu göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır və biz razılaşdıq ki, bundan sonra da bu siyasi dialoq davam etdirilsin”. Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də ərəb dövlətləri ilə əlaqələr təşkil edir. Azərbaycanın Ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı ildən-ilə möhkəmləndirilir. Azərbaycanın Ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misirə rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında ozamankı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib. İslam həmrəyliyi prinsipini daim rəhbər tutan Azərbaycan bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olub. Ölkəmiz, həmçinin Ərəb dünyasının haqq işini həmişə dəstəkləyib. Dünyada islamafobiya meyillərinin daha da gücləndiyi dövrdə Azərbaycan islamafobiyaya qəti şəkildə qarşı çıxır. Dövlətimiz daim beynəlxalq miqyasda belə mənfi tendensiyalarla fəal mübarizə aparıb.
Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətlər də xüsusi əhəmiyyətə malikdir. Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Bu əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Qeyd edək ki, hələ 1958-ci ilin mayında keçmiş SSRİ-də rəsmi səfərdə olan Misirin o dövrdəki Prezidenti Camal Əbdülnasir Bakıya gəlib və ölkəmizdən çox böyük təəssüratlarla ayrılıb. Ulu Öndər Heydər Əliyev iki ölkə arasında münasibətlərin inkişafına daim böyük önəm verirdi. 1994-cü ilin sentyabrında Azərbaycan Prezidenti Heydər Əliyev BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfəri zamanı Misir Prezidenti Hüsnü Mübarəklə görüşüb. Bu görüş Azərbaycan-Misir münasibətlərinin möhkəmləndirilməsində və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edib. İki ölkə arasında münasibətlərin gələcəyinin müəyyənləşdiyi bu səfərdən sonra Azərbaycan ilə Misir arasında müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb. Ulu Öndər Heydər Əliyevin əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir mədəniyyət günləri keçirilib. Qeyd etmək yerinə düşər ki, Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyir. Elə Prezident İlham Əliyevin həmin səfəri zamanı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın vəziyyəti, bu əlaqələrin genişləndirilməsi perspektivləri də müzakirə olunub, Liqaya üzv ölkələrin səfirləri ilə görüş keçirilib. Bundan başqa, 2016-cı il noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Misirdə, 2019-cu ilin noyabrında Misirin xarici işlər naziri Sameh Şukri Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdə olub. Bu səfərlər zamanı keçirilən görüşlər və müzakirə olunan məsələlər qarşılıqlı əlaqələrin bugünkü inkişaf səviyyəsinə çatmasında əhəmiyyətli rol oynayıb. Hələ 2002-ci ilin oktyabrında Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb ki, bunun da fəaliyyəti nəticəsində əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Komissiyanın fəaliyyətinin nəticəsi olaraq indiyədək ölkələrimiz arasında 60-dan çox sənəd imzalanıb. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri həm ikitərəfli, həm də beynəlxalq əlaqələrin genişlənməsində sözsüz ki, olduqca mühüm rol oynayır. Bu kontekstdə Prezident İlham Əliyevin iyunun 7-8 tarixlərində Misir Ərəb Respublikasına gerçəkləşdirdiyi səfəri də Azərbaycanın çoxşaxəli xarici siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir:
"Bu səfər çərçivəsində Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi, müzakirələr zamanı Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olundu, eləcə də ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirildi. Eyni zamanda iki ölkə arasında bir sıra mühüm sənədlər imzalandı. Prezidentin Misirə səfəri həm ikitərəfli əlaqələrin inkişafına, həm də bütövlükdə Ərəb dünyası ilə münasibətlərin dərinləşməsinə mühüm töhfə verəcək. Misir-Azərbaycan münasibətlərində yeni səhifə açılacaq. Nəzərə alsaq ki, Misir ərəb-müsəlman aləminin açar ölkələrindən biri sayılır və ərəb ölkələri ilə etibarlı münasibətlərin qurulmasında Misirin mövqeyi mühüm rol oynayır, dövlətimizin başçısının bu ölkəyə rəsmi səfərinin həm ikitərəfli əməkdaşlığın genişləndirilməsinə, həm də İslam həmrəyliyinin güclənməsinə təkan verəcəyi şəksizdir. Azərbaycan və Misir prezidentlərinin görüşü zamanı müzakirə olunan aktual məsələlərin spektrinin genişliyini də xüsusi olaraq qeyd etməliyik. Bu da Azərbaycan-Misir əlaqələrinin sürətli inkişafının göstəricilərindən biridir. Misirlə iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi Azərbaycan üçün perspektivli istiqamətlərdən biri sayılır. Hazırkı səfərin nəticələri isə ilk növbədə energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etməyə təkan verəcək. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi və beynəlxalq yükdaşımalar üçün Azərbaycan ərazisində bütün lazımi infrastrukturun yaradılması isə bizim ölkəmizi də Misir üçün cəzbedici edir. Çünki Azərbaycanın bu imkanları əksər region ölkələri kimi Misir üçün də nəqliyyat-logistika sahəsində əməkdaşlıq baxımından çox gözəl imkanlar açır. Həmçinin tərəflər arasında ticarət dövriyyəsinin artırılması üçün də böyük potensial mövcuddur. Bunu ən son statistik göstəricilər də təsdiqləyir. Belə ki, təkcə 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan və Misir arasında ticarət dövriyyəsinin həcmi 14.9 milyon dollar təşkil edib. Səfər çərçivəsində imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar isə heç şübhəsiz ki, sözügedən ticarət dövriyyəsini daha artıracaq. Hazırda Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misirin onlarla şirkəti fəaliyyət göstərir. Enerji sahəsində, turizm sahəsində də əməkdaşlığımız inkişaf edir, humanitar sahədə əlaqələrimiz yüksək səviyyədədir, iki ölkə arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. Tərəflər arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, ümumən, digər sahələrdə də işbirliyimizin gücləndirilməsi üçün əlavə stimul olacaq".
Ekspert vurğulayıb ki, Misir Ərəb dünyasının liderlərindən biri kimi Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələr sırasında yer alır:
"Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi 30 il ərzində Misir daim Azərbaycanın yanında olduğunu bəyan edib və ərazi bütövlüyümüzü dəstəkləyib. Ən önəmli məqamlardan biri də budur ki, demək olar ki, bütün beynəlxalq məsələlərdə Bakı ilə Qahirənin mövqeyi üst-üstə düşür. Bu müsbət məqamı Prezident İlham Əliyev də iyunun 8-də Qahirədə mətbuata verdiyi bəyanatında xüsusi olaraq vurğuladı. Eyni zamanda qeyd olundu ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. İstər BMT müstəvisində, istərsə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan və Misirin sıx əməkdaşlıq münasibətləri mövcuddur. Dövlətimizin başçısı bildirdi ki, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik edib və bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlar əldə edib. Bütövlükdə isə nəticələr onu deməyə əsas verir ki, bu səfər Azərbaycan-Misir münasibətlərinin daha da möhkəmləndirilməsinə və əməkdaşlığımızın səmərəliliyinin artırılmasına böyük töhfə verəcək. İki ölkə arasında strateji münasibətlərin istiqamətlərinin müəyyənləşdirildiyi bu səfərdən sonra Azərbaycan ilə Misir arasında dostluq və müttəfiqlik dönməz xarakter alacaq. Azərbaycan-Misir münasibətləri bütün müsəlman ölkələri üçün müsbət örnək rolunu oynaya bilər".