Yücel Karauz: Azərbaycan və Türkiyə koordinasiyalı addımlar atır

Eyni yol, eyni amal

Liderlər "Şuşa Bəyannaməsi"nin cızdığı "yol xəritəsi" çərçivəsində atılan addımları bir daha gözdən keçirdilər
 
 
 İyunun 10-da Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar. Daha sonra Azərbaycan və Türkiyə liderləri arasında təkbətək görüş keçirilib. Dövlət başçıları bundan öncə Ankaranın Esenboğa Hava Limanında da görüşüblər. Sonra birgə nahar ediblər. Qeyd edək ki, dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı da aparılıb. Telefon danışığı zamanı nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri və regional məsələləri müzakirə ediblər.
 Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edən münasibətlər regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Ölkələrimizin siyasi-iqtisadi əlaqələri tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə ilə əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir. Eyni kökə, dilə, dinə sahib xalqlarımızın minilliklərə söykənən qədim tarixinə nəzər saldıqda saysız-hesabsız qardaşlıq nümunələrinə rast gəlmək mümkündür. Türkiyə və Azərbaycan xalqlarının ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları xalqlarımızın çoxəsrlik qardaşlıq əlaqələrinə verilən ən yüksək qiymətdir. Xalqlarımız və ölkələrimiz arasında tarixdə bənzəri olmayan qardaşlıq münasibətlərinin ən möhtəşəm nümunələri dar gündə bir-birimizə dəstək olmağımızdır. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təxribatları ilə başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş dövlətin, onun hökumətinin və xalqının Azərbaycana göstərdiyi siyasi-mənəvi dəstək yalnız işğal altındakı torpaqlarımızın azadlığının deyil, eyni zamanda Türkiyənin qətiyyətli mövqeyinin təntənəsidir. Bütün dünya, eləcə də bölgəmizdə strateji maraqları olan tərəflər bir daha əmin oldular ki, mövzu Vətənin təhlükəsizliyi, torpaqların bütövlüyü, qardaş hüququnun qorunması olanda, belə məsələlər Türkiyədə müzakirə olunmur, yalnız qətiyyətli qərarlar qəbul edilir. Odur ki, əminliklə deyə bilərik: Qarabağ Zəfəri iki qardaş dövlətin və xalqın birlik təntənəsidir. Bu Zəfər qardaş ölkələrimizin tarixinin səhifələrinə daha parlaq işıq salır. Bundan başqa, ötən il fevralın 6-da 40 mindən çox insanın ölümünə, 100 mindən çox insanın xəsarət almasına, genişmiqyaslı dağıntılara səbəb olan dəhşətli zəlzələ nəticəsində çətin günlər yaşayan Türkiyə üçün Azərbaycan dövləti və xalqı əsl qardaşlıq dəstəyi göstərdi. Azərbaycan xalqı o faciə dolu kədəri qardaş Türkiyə xalqı ilə birlikdə yaşadı. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan-Türkiyə əlaqələri son illər ən yüksək səviyyəyə çatıb. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin belə yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qardaş ölkəyə 1 dövlət, 5 rəsmi, 34 işgüzar səfər həyata keçirilib. Dövlətimizin başçısı sonuncu dəfə Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu il fevralın 18-də Türkiyəyə rəsmi səfər edib. Bu gün isə Azərbaycan Prezidentinin qardaş ölkəyə növbəti səfəri gerçəkləşir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə indiyədək ölkəmizə 1 dövlət, 5 rəsmi və 8 işgüzar səfər edib. Prezident Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə ötən il iyunun 13-də Azərbaycana dövlət səfərinə gəlib. Bununla yanaşı, ölkələrimiz arasında müxtəlif səviyyələrdə də qarşılıqlı səfərlər həyata keçirilir. İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini ortaya qoyan Azərbaycan və Türkiyə birlikdə nəhəng layihələr reallaşdırmaqla təkcə ölkələrimizin deyil, böyük bir regionun da inkişafına mühüm töhfələr verir. Azərbaycanın və Türkiyənin birlikdə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP kimi meqalayihələrdən qardaş ölkələrimizlə yanaşı, digər xalqlar da faydalanır. Ölkələrimizin beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələndirilmiş fəaliyyət, qarşılıqlı dəstəyin davam etdirilməsi və gücləndirilməsi istiqamətində atdığı addımlar öz bəhrəsini verməkdədir. Azərbaycan-Türkiyə əlaqələrinin belə yüksək inkişafı regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu münasibətlər, həmçinin türkdilli ölkələr və xalqlar arasında birliyin və əməkdaşlığın daha da gücləndirilməsini şərtləndirən ən mühüm amillərdən biridir. Prezident İlham Əliyev bununla bağlı deyib: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda bütün Türk dünyası üçün də mühüm rol oynayır. Biz Türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.
 Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın otuz ilə yaxın davam edən işğalına son qoyulması ilə nəticələnən Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixində tamamilə yeni səhifə açdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında Azərbaycana açıq, dəqiq və birmənalı dəstək ifadə etməsi nəinki xalqımızı ruhlandırdı, eyni zamanda müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Bu tarixi Qələbənin təntənəsi olan Zəfər paradında Azərbaycan və Türkiyə prezidentləri çıxışlarında dünyaya xalqlarımızın və ölkələrimizin qardaşlığının sarsılmazlığı və daim bir-birinin yanında olmaları barədə çox mühüm və aydın mesajlar verdilər. Qardaş ölkələrimizin dövlət başçılarının Zəfər paradında tarixi çıxışları qələbəmizin möhtəşəmliyini bir daha dünyaya çatdırdı. 2021-ci il iyunun 15-də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsi sayılır. Bu sənəddə təsbit olunan strateji müttəfiqlik qardaş dövlətlərimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq, habelə təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı yardım prinsiplərini ehtiva edir. Bəyannaməyə əsasən, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsində vacib rol oynayacaq. Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm təkan verib. Qardaş ölkələrimiz bu sənəddən irəli gələrək strateji müttəfiqlik münasibətlərini bütün sahələrdə uğurla inkişaf etdirir. Türkiyə Azərbaycan Ordusunun ən müasir tələblər səviyyəsində modernləşdirilməsinə də fəal dəstək göstərib. Qardaş ölkələrimizin ordularının peşəkarlığının artırılması məqsədilə mütəmadi qaydada genişmiqyaslı hərbi təlimlər keçirilir.

 Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz "Sherg.az"a deyib ki, Azərbaycan dövlət başçısının Türkiyəyə növbəti işgüzar səfəri və cənab Rəcəb Tayyib Ərdoğanla görüş zamanı iki qardaş ölkə arasındakı dərin əlaqələrlə bağlı geniş müzakirələr aparıldı. General vurğulayıb ki, liderlər "Şuşa Bəyannaməsi"nin cızdığı "yol xəritəsi" çərçivəsində atılan addımları bir daha gözdən keçirdilər:

 "Şübhəsiz, liderlərin söhbətinin əsas müzakirə predmetindən biri Azərbaycan və Ermənistan arasında sülh prosesi, bu istiqamətdə atılan addımlar, əldə olunan nəticə və gəlinən səviyyədir. Məlum olduğu kimi, bu məsələdə Türkiyə və Azərbaycanın yanaşması, baxışı eynidir. İki qardaş ölkə birgə fəaliyyət sərgiləyir, müştərək addımlar atırlar. Həmçinin İranda meydana gələn hadisələr, orada baş verən olaylar fonunda da Bakı və Ankaranın ortaq fəaliyyəti, ortaq yol izləməsi də mühümdür. Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində, Türk dünyasının birliyi, güclənməsi yönündə çalışmalar da önəmlidir. Azərbaycan dövlət başçısı dəfələrlə bəyan edib ki, Kuzey Kıbrıs Cümhuriyyəti ilə digər türk respublikalarının əlaqələri, əməkdaşlığı daha da sıxlaşmalıdır. Böyük ehtimal liderlər arasında Rusiya-Ukrayna savaşı, İsrail-Fələstin müharibəsi və onların nəticələri də müzakirə mövzusu olub. Cənubi Qaqfazda və yaxın regionlarda baş verən proseslərlə bağlı Azərbaycan və Türkiyənin ortaq qərarı, birgə fəaliyyəti olduqca əhəmiyyətlidir. İki qardaş ölkə bir çox məsələdə koordinasiyalı addım atırlar. Bu, "Şuşa Bəyannaməsi"ni "bir yumruq, bir ürək, bir ruh" şəklində inkişafı deməkdir. Əlbəttə ki, Azərbaycan və Türkiyə əməkdaşlığının bu səviyyəyə gəlib çatması və hər məsələdə məsləhətləşmələr aparılması Cənubi Qafqazda marağı olan dairələrin diqqət mərkəzindədir. Gücümüz birliyimizdədir. Bu birliyi hər şəraitdə qoruyub saxlamaqla önümüzdəki təhdidləri aradan qaldırmış olarıq".