Macarıstan və Slovakiya: NATO Baş Katibliyinə namizəd olan Rutteni dəstəkləyir

Macarıstan və Slovakiya NATO baş katibi postuna namizədliyini açıqlayan Niderland Krallığının Baş naziri Mark Rutteni dəstəkləyəcəklərini açıqlayıblar.

Sherg.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban həm NATO-nun hazırkı baş katibi Yens Stoltenberq, həm də Niderland Krallığının  baş naziri Rutte ilə keçirdiyi görüşlərlə bağlı X sosial media hesabından açıqlamalar verib.

Orban Macarıstan personalının NATO-nun Ukraynadakı fəaliyyətlərində iştirak etməməsi və bu fəaliyyətlər üçün ölkəsinə aid heç bir vəsaitin istifadə edilməməsi mövzusunda Stoltenberqlə razılaşdıqlarını bildirib.

Ruttenin NATO-nun baş katibi olacağı təqdirdə bu razılaşmaya sadiq qalacağını bildirən Orban, “Macarıstan verdiyi sözə uyğun olaraq, Baş nazir Ruttenin NATO Baş Katibliyinə namizədliyini dəstəkləməyə hazırdır” deyə bildirib.


Slovakiya Prezidenti Peter Pelleqrini ölkə mətbuatına verdiyi açıqlamada, NATO baş katibi vəzifəsinə yarışan iki namizədlə görüşdükdən və hökumətlə, eləcə də müalicə alan baş nazir Robert Fico ilə məsləhətləşmələrdən sonra Ruttenin namizədliyini dəstəkləyə biləcəklərini bildirib.