Azərbaycan bölgədə açar rolunu oynayır-ŞƏRH

ŞƏT üzvü olan böyük dövlətlər də Azərbaycana qarşı həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə maraq göstərirlər


  İyulun 3-də Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşü işə başlayıb. “ŞƏT+” formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Bu nüfuzlu təşkilatın Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edəcək. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. 
  Qeyd edək ki, Azərbaycanın ŞƏT-lə əməkdaşlığı: 2015-ci ildə ŞƏT-ə üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusun verilməsi ilə bağlı  qərar qəbul edilib,  2016-cı ildə Pekində Azərbaycana ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalanıb.  Azərbaycan Prezidenti artıq ikinci dəfədir ki, ŞƏT-ə üzv ölkələrin Zirvə toplantısına dəvət olunur. 2022-ci ildə isə ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə Görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib. Onu da deyək ki, Azərbaycan ŞƏT-in dialoq tərəfdaşı statusunu aldıqdan sonra Heydər Əliyev Fondu təşkilatın katibliyi ilə sıx əməkdaşlıq edərək, bir neçə tədbir, o cümlədən 2018-ci ildə Azərbaycan mədəniyyəti günü, Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi - bütün bəşəriyyətin şairi” adlı tədbir keçirib. 

  Siyasi şərhçi Azər Həsrətin “Sherg.az”a açıqlamasına görə, Azərbaycanın son illər beynəlxalq arenada artan nüfuzu, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi ölkənin ŞƏT üçün əhəmiyyətini artıran əsas faktorlardan biridir: 
 “Azərbaycan bir dövlət olaraq öz inkişafının elə bir mərhələsinə çatıb ki, bölgəylə bağlı gedən  proseslərdə dövlətlər, hətta  dövlətlərarası qurumlar da Azərbaycan olmadan hərəkət edə bilmir. Şanxay Əməkdaşlıq Təşkilatının da Azərbaycana olan marağı məhz buradan qaynaqlanır. ŞƏT üzvü olan böyük dövlətlər də Azərbaycana qarşı həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə maraq göstərirlər. Rusiya, Çin  kimi dövlətlərin başçıları belə Azərbaycan Prezideti ilə yaxın olmağa can atırlar.  Bilirlər ki, qlobal arenada Azərbaycanın özünəməxsus çəkisi, sözünün kəsəri var. Azərbaycan faktiki olaraq bölgədə açar rolunu oynayır. Azərbaycan uzun illər mövcud olub, lakin səsi heç vaxt eşidilməyən Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə bu təşkilatın fəaliyyətində xeyli irəliləyiş müşahidə edildi. Bunu Şanxay Əməkdaşlıq Təşkilatında yer alan aparıcı  dövlətlər də görürlər.  Prezident İlham Əliyevin siyasi iradəsi, dünya liderləri arasındakı şəxsi nüfuzu da  mühüm faktordur”.  
 
 A.Həsrətin fikrincə, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də Azərbaycanın iştirakı vacib amildir: 
“ŞƏT-in yaratdığı reallıqlardan, imkanlardan faydalanmaq üçün Azərbaycan da bu dəyişən dünyada imkanları dəyərləndirməlidir. Azərbaycan özünün yerləşdiyi geostrateji bölgənin əhəmiyyətini nəzərə alaraq müxtəlif güc mərkəzləri ilə balanslı mövqedə əməkdaşlığın daha da dərinləşməsini icra etməkdədir. Bu bizim regionumuzun spesifikasıdır. Xarici siyasətimizin həm də uğurlu məqamlarından hesab edilməlidir”.