Kreml Bakını və İrəvanı NATO tədbirindən uzaq durmağa çağırıb
İyulun 9-dan 11-dək Vaşinqtonda NATO-nun yubiley sammiti keçiriləcək. Sammitə dəvətlilər sırasında Azərbaycan və Ermənistan da var. Ermənistan iştirakını təsdiqləyib, Azərbaycan isə hələ rəsmi cavab verməyib. Ekspertlərin fikrincə, Qərblə əməkdaşlıq tərəfdarı olanlar Azərbaycanın sammitə qatılmasının vacibliyini bildirsələr də, rəsmi Bakının bu tədbirdə iştirakdan imtinası üçün kifayət qədər ciddi əsasları mövcuddur.
Politoloq Elxan Şükürlü deyib ki, hər şeydən əvvəl, sammitin gündəliyindən məlum olur ki, NATO bu tədbirini növbəti dəfə Rusiya və Çin əleyhinə böyük bir təbliğat aksiyasına çevirməyi planlaşdırır. Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsi, eləcə də Pekin-Bakı arasındakı birgə bəyannamə Bakının belə tədbirlərdə iştirakını əngəlləyir:
"Məsələn, Rusiya ilə imzalanmış sənədin 7-ci maddəsində açıqca yazılıb ki, Rusiya və Azərbayan iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar. Rusiya XİN isə Azərbaycan və Ermənistanın NATO sammitinə dəvətini “qonşu və dost ölkələri Rusiyadan uzaqlaşdırmaq” və “amerikalıların öz dağıdıcı təsirlərini dünyanın hər bir bölgəsinə yaymaq cəhdi” kimi qiymətləndirib. Yəni rəsmi Bakını və İrəvanı bu tədbirdən uzaq durmağa çağırıb".