Politoloq: Bakının NATO sammitinə qatılması doğru qərardır

Ceyhun Bayramov tədbirlərdə iştirak etməsəydi, bu, bizim prestijimizə zərər vurardı

Gələcəkdə bloklardan birinin daha aqressiv siyasi xətt tutması halında Bakı digərindən istifadə edə bilər"


  İyulun 9-da xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində, XİN başçısının ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. Rəsmi Bakının sammitdə iştirakı gözlənilirdi. Azərbaycan NATO ölkəsi olmasa da, Alyans ilə münasibətləri hər zaman yaxşı olub. Xüsusilə qeyd etmək lazımdır ki, rəsmi Bakı NATO-nun “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının üzvüdür. Bundan başqa, Bakı uzun illərdir ordusunu NATO standartlarında tərtib edir. NATO üzvü olan Türkiyənin Azərbaycanın rəsmi səviyyədə tanınan tək müttəfiqi olması da ölkəmiz ilə NATO arasında xüsusi bağ yaradır. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn Azərbaycana səfər edərkən jurnalistlər üçün keçirdiyi brifinqdə Azərbaycanı NATO sammitinə dəvət etmişdi. Bayramovun ABŞ-yə işgüzar səfəri, görünür, həm də bu təklif ilə əlaqədardır.
  
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, ümumiyyətlə, Bakının sammitə qatılması indiki məqamda çox vacibdir. Düzdür, ölkəmiz NATO tədbirlərində, sammitlərində hər zaman iştirak edib, dəvəti geri çevirməyib. Lakin budəfəki sammitlə bağlı fərqli versiyalar var idi: 
"Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında Astanada baş tutan görüşdə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması Bakının balans siyasətindən imtina edib Şərq Blokuna qoşulduğuna dair təəssüratlar yaratmışdı. Lakin Bakının NATO sammitinə qatılması bir daha onu göstərir ki, balans siyasətində dəyişiklik yoxdur və Azərbaycan hər iki qütbə eyni cür yanaşır. Ümumiyyətlə, Azərbaycanın ABŞ və NATO ilə və ya Rusiya və Çin ilə strateji əməkdaşlığı kiməsə qarşı yönəlməyib. Əksinə, Ceyhun Bayramov NATO sammitində iştirak etməsəydi, bu, bizim prestijimizə zərər vurardı. Pekin və Moskvadan çəkindiyimiz təəssüratını yaradardı. Lakin bu da bir reallıqdır ki, gələcəkdə bloklardan birinin daha aqressiv siyasi xətt tutması halında Bakı digərindən istifadə edə bilər".
  
Həmsöhbətimiz vurğulayıb ki, rəsmi Bakı bütün bloklara eyni cür mövqe sərgiləyir, neytrallığını qoruyur: 
"Bunu həm Şanxay Əməkdaşlıq Təşkilatının sammitində, həm də Vaşinqtonda keçiriləcək NATO sammitində iştirak etməsi göstərir. Azərbaycan həm də bu güclərə zəif persona olmadığını da göstərir. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) iki günlük qeyri-rəsmi sammiti də bunu sübut edir".