Pezeşkianın türk kökənli olması İranın Azərbaycan və Türkiyə ilə gərginliyini azaldacaq
Prezident İlham Əliyev İranın yeni rəhbəri Məsud Pezeşkiana zəng edib. Dövlət başçısı azərbaycanlı Məsud Pezeşkianı İran prezidenti seçilməsi münasibətilə növbəti dəfə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçinin prezident seçilməsi münasibətilə dövlət başçısının daha əvvəl göndərdiyi məktuba görə ölkə rəhbəri İlham Əliyevə minnətdarlığını bildirib. İran prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcini deyib. Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlət başçıları ölkələrimiz arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Prezident İlham Əliyev həmkarı Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən İran prezidenti də öz növbəsində Azərbaycan Prezidentini İrana rəsmi səfərə dəvət edib. Ekspertlərin sözlərinə görə, Prezident İlham Əliyevin İranın yeni seçilmiş rəhbəri Məsud Pezeşkiana telefon zəngi rəsmi Bakının ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu göstərən amillərdən biridir. Azərbaycan İranla daim mehriban qonşuluq siyasətini dəstəkləyib və bu siyasət öz qüvvəsində qalır. Bakının iki əsas gözləntisi var, birincisi, Pezeşkianın prezidentliyi dövründə münasibətlərin daha da inkişaf etməsi, ikincisi isə əvvəlki razılaşmaların icra edilməsidir. Dövlət başçısının Pezeşkiana zəngində bu məqamlar xüsusilə vurğulanır.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanla İran arasında bir çox məsələlərlə bağlı mərhum Prezident İbrahim Rəisinin sağlığında razılıq əldə olunmuşdu. Professorun sözlərinə görə, İranın Azərbaycanla bağlı mürtəce mövqeyi 44 günlük müharibə zamanı və ondan sonrakı dövrdə baş verdi:
"Tehran-Bakı gərginliyi bir müddət davam edəndən sonra Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və iradəsi nəticəsində bu məsələlər bir növ səngidi. Azərbaycanlı Məsud Pezeşkianın İranda prezident seçilməsi iki ölkə arasında yeni bir dönəmin, mərhələnin başlanğıcı kimi dəyərləndirilir. İran teokratik dövlətdir, əvvəlki dönəmdə prezident də dini lider kimi qatı dindar idi. Yəni molla rejimi tam gücü ilə işləyirdi. İndi nisbətən balans dəyişikliyi edilib. 60 faiz dindarlığa yer versələr də, 40 faiz nisbətində islahatlara meydan yaradırlar. Pezeşkian həkim olmaqla yanaşı, uzun müddət vəzifələrdə çalışıb. İranda sevilən, hörmət qoyulan şəxsiyyətdir. Onun türk kökənli olması İranın Azərbaycan və Türkiyə ilə gərginliyini azaldacaq. Azərbaycan və Türkiyə prezidentlərinin Pezeşkianı təbrik etməsi də göstərir ki, münasibətlər normallaşma mərhələsindədir. Məlumat da yayıldı ki, Azərbaycanın Tehrandakı səfirliyi tezliklə açılacaq. İyul ayının 30-da Pezeşkianın andiçmə mərasimidir. Yəqin ki, Azərbaycan və Türkiyə inauqurasiyada yüksək səviyyədə təmsil olunacaq. Bütün hallarda yeni mərhələ başlayıb".
C.Nuriyev vurğulayıb ki, İrandan gözləntimiz odur ki, indiyədək davam etdirilmiş gərginlik, qərəzli mövqe aradan qalxsın: "İran hökumətindən gözləntimiz odur ki, ölkədəki bütün xalqların, o cümlədən azərbaycanlıların konstitusiyada nəzərdə tutulmuş haqq-hüquqları təmin olunsun. Azərbaycan türkləri əhali və ərazi böyüklüyünə görə ən böyük paya sahibdir. İranı dövlət kimi ayaqda saxlayanlar da azərbaycanlılar olub. Ona görə də daxildə türklərə qarşı qərəzli münasibət ortadan qalxmalıdır. İranla bağlı ciddi narazılığımızdan biri də İran-Ermənistan münasibətləridir. Ümid edirik, bu məsələdə də İran üzərinə düşəni edəcək və Bakı-Tehran əlaqələri dostluq mərhələsinə qədəm qoyacaq".