İranın teokratik idarə rejimi Türkiyə ilə yaxınlaşmağı təhlükə kimi qəbul edir
İranının yeni Prezidenti Məsud Pezeşkianla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. İki ölkə rəhbəri Ankara-Tehran münasibətlərindən, ikili əlaqələrin inkişaf yollarından danışıblar. Ancaq məhz bundan sonra Türk Hava Yollarının (Turkish Airlines) İrandakı ofisi bağlanıb. İran Mədəni İnqilabı Ali Şurası ofisin bağlanmasının məcburi hicab qaydalarının pozulması ilə bağlı olduğunu deyib. Üstəlik, Urmiyada "Oryiad Moll" kompleksinin mağazaları bağlanıb. Buna da səbəb Pezeşkianın prezident seçkisində qələbə qazanmasından sonra həmin ticarət kompleksində şənlik mərasiminin keçirilməsi olub.
Ekspertlər baş verənlərin Pezeşkianın məğlub rəqibi Səid Cəliliyə yaxın radikal mühafizəkarlar tərəfindən məqsədli şəkildə edildiyini deyirlər. İş adamları da Məsud Pezeşkianı dəstəklədiklərinə görə hazırda hakimiyyətdə güclü mövqedə olan Səid Cəlili tərəfdarları tərəfindən cəzalandırıldıqlarını söyləyiblər.
Azərbaycan Demokrat Partiyasının sədr müavini, siyasi şərhçi Həsrət Rüstəmov "Sherg.az"a açıqlamasında bildirib ki, Məsud Pezeşkianın İran prezidenti seçilməsindəki əhəmiyyətli məqam onun rejimi yumşaldacaq islahatlar həyata keçirəcəyi ilə bağlı vədləri idi. Ekspertin sözlərinə görə, İran seçicisi qadağalardan, sərt molla rejimindən və beynəlxalq təcriddən boğaza yığılıb:
"Yaddan çıxarmayaq ki, çox da uzaq olmayan zamanda bütün ölkəni bürüyən etirazçıların əsas tələbi məhz rejimin yumşaldılması ilə əlaqədar idi. Təbiidir ki, seçkilərə kobud müdaxilə olmadığı üçün İranda islahatlar tərəfdarı qalib gəlməli idi. Amma o da aydındır ki, mühafizəkar hakim elita da çox güclüdür və onlar asanlıqla rejimin yumşaldılmasına icazə verməyəcəklər. Bu həm ölkədaxili, həm də xarici siyasət məsələlərinə aiddir. Aydındır ki, İranın teokratik idarə rejimi Türkiyə ilə yaxınlaşmağı təhlükə kimi qəbul edir. Çünki Türkiyənin dünyəvi siyasi modeli hər hansı demokratik qeyri-müsəlman ölkəsi ilə müqayisədə İran xalqı üçün arzu etdiyi azadlıqlar baxımından daha cəlbedici nümunədir. Ona görə də hakimiyyətdə və güc orqanlarında hələ ki əksəriyyəti təşkil edən mühafizəkarların yeni prezidentin islahatlarına bundan sonra da ciddi maneələr yaratması gözləniləndir".