Pakistan müsəlman ölkəsi olaraq Azərbaycanın qüdrətinə sevinən dövlətlərdəndir
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gedib. Prezidentə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb. Dövlət başçısını Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb. Sonra Azərbaycan Prezidenti və Pakistanın baş naziri görüşüblər. Qeyd edək ki, dövlət başçısının toplardan yaylım atəşi ilə qarşılanması Şərqdə tarixi ənənədir.
Pakistan Azərbaycanın dostudur. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq, Bakı-İslamabad əlaqələri yüksək səviyyədə davam edib. Azərbaycanın müstəqilliyini tanıyan (1991-ci il dekabrın 12-si) ilk dövlətlərdən biri Pakistan İslam Respublikasıdır. İki ölkə arasında diplomatik münasibətlər 32 il əvvəl qurulub. Dövlət və hökumət başçılarının qarşılıqlı olaraq bir-birinə səfərlər etməsi ikitərəfli əlaqələrin genişlənməsinə impuls verir. 1995-ci ildə ilk dəfə olaraq Pakistan Prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Azərbaycana rəsmi səfər edib. 1996-cı ildə Ulu Öndər Heydər Əliyev Pakistanda rəsmi səfərdə olmuşdu. Pakistanın mərhum Prezidenti Pərviz Müşərrəf 2004-cü ildə Azərbaycana rəsmi səfər etmişdi. 2005-ci ildə Prezident İlham Əliyev Pakistana rəsmi səfərə getmişdi. Habelə keçmiş Prezident Asif Əli Zərdari, sabiq baş naziri Şövkət Əziz, keçmiş hökumət başçısı Nəvaz Şərif Azərbaycana işgüzar və rəsmi səfərlər ediblər. 2023-cü il iyunun 14-15-də Pakistanının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfər etmişdi. Torpaqlarımız işğal altında olduğu dövrdə və 44 günlük müharibə zamanı Pakistan birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini müdafiə edib. İki ölkə arasında ictimai, hərbi, humanitar sahələrdə əlaqələr yüksək səviyyədədir. Pakistan rəsmiləri etiraf edir ki, hər idxalata, xüsusilə neft və təbii qaza 37 milyard dollar xərcləyirlər. İrana nüvə proqramına görə tətbiq edilən sanksiyalar səbəbindən İran-Türkmənistan-Əfqanıstan-Pakistan qaz kəməri layihəsi reallaşmır. Karbohidrogen enerjisi ehtiyacını ödəmək üçün Pakistanın Azərbaycan kimi etibarlı tərəfkeşə ehtiyacı var. Azərbaycanın da Asiyanın uyğun bazarında İslam Respublikası ilə əməkdaşlıq etməsi faydalıdır. Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti Xurram Javaid Bhattin bu günlərdə bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsini 25-30 milyon ABŞ dollarına çatdırmaq mümkündür. Bakı-İslamabad əməkdaşlığı həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə təkan verir. Türkiyə-Azərbaycan-Pakistan arasında hərbi, iqtisadi-ticarət və siyasi sahələrdə əməkdaşlıq bu zəncirin böyüməsinə, inkişafına səbəb ola bilər.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a bildirib ki, Pakistan tarixən Azərbaycana dost, qardaş ölkədir. Onun sözlərinə görə, həm xalqlarımızın ruhu yaxındır, həm dinimiz birdir, həm də ortaq tarixi mərhələlərə sahibik:
"Azərbaycan müstəqil olandan Pakistan Azərbaycanı dəstəkləyib, biz də Kəşmir məsələsində Pakistanı dəstəkləyirik. Pakistan dünyada islam dövləti obrazını, müdrikliyini qoruyub saxlayan dövlətdir. Dövlətin adına uyğun siyasət aparır, islam birliyinə, dəyərlərə önəm verir. Pakistanda Türkiyə və Azərbaycan haqqında xüsusi rəğbət, diqqət və hörmət var. Həm dövlətlərimiz, siyasi maraqlarımız, ortaq dəyərlərimiz yaxındır, həm də xalqlarımız bir-birinə yaxındır. Hərbi cəhətdən Pakistan güclü dövlətdir, nüvə silahına sahibdir. Azərbaycanın bu dövlətlə yaxın olan əlaqələri daha da yaxınlaşmalıdır, birgə hərbi təlimlər davamlı olmalı, siyasi əlaqələr hər iki dövlətin maraqları çərçivəsində daha da sıxlaşmalıdır. Prezident cənab İlham Əliyevin komandanlığı ilə Qarabağ münaqişəsinin həll olunması, torpaqların azad olunması müsəlman ölkələrində də qürur hissi yaratdı, Azərbaycanı dünyaya yenidən qalib ölkə kimi tanıtdı. Pakistan da müsəlman ölkəsi olaraq Azərbaycanın qüdrətinə sevinən dövlətlərdəndir.
Azərbaycana qarşı Fransa kimi bəzi dövlətlərin aqressiya nümayiş etdirməsi, bəzən də başqa dövlətlərin maraqlarımızın təmin olunmasına maneələr yaratması labüd edir ki, güclü Pakistan kimi dövlətlərlə silah mübadiləsi, hərbi sahədə, hərbi-sənaye sahəsində də əlaqələr qurulsun. Fransa hələ də Ermənistana müasir silahlar tədarük edir. Biz sülh tərəfdarı olmuşuq və bunu indən belə də istəyirik. Həm regionda, həm dünyada sülhün olması bizim üçün də vacibdir. Lakin kənardan olan müdaxilə və təhdidlərə qarşı hər zaman güclü olmağımız zəruridir".
Analitikə görə, 44 günlük savaşda Pakistanın bizə hərbi dəstək verməsinə ehtiyac olmasa da, onun siyasi dəstəyi, mənəvi dayaq olması marıtda dayanıb fürsət gözləyənlərin arzusunu gözündə qoydu:
"Pakistan hər zaman siyasi cəhətdən bizi dəstəkləyən ölkədir. Lazım gələrsə hərbi cəhətdən də, ordu ilə də dəstək verməyə hazır olduğunu bəyan edib. Belə bir qardaş dövlət ilə əlbəttə əlaqələr daha da yaxınlaşmalıdır. Coğrafi cəhətdən ölkələrimiz arasında məsafə uzaq olsa da, siyasi, mənəvi, iqtisadi, hərbi sahədə çox yaxınıq. Azərbaycanın son dövrdəki inkişafı, Qarabağın azad edilməsi bir çox ölkələrdə Azərbaycana qarşı daha böyük maraq və diqqət yaradıb. Artıq nəinki regionda, hətta dünyada sözü keçən, mövqeyi dinlənilən və ciddiyə alınan, söz sahibi olan dövlət olaraq Azərbaycan ilə daha sıx əlaqələrə hər kəs maraq göstərir. Azərbaycan dövlətinin və dövlət başçısının Pakistanda çox böyük nüfuzu var, bu, əsasən Qarabağ zəfərindən sonra daha da parlaq şəkildə büruzə verir. Cənab Prezidentin Pakistana səfəri zamanı onun çox yüksək səviyyədə qarşılanması da buna bir nümunədir. Türk dövlətləri birliyi ölkələrinə də doğma olan Pakistanın bu birliyə münasibəti və iş birliyi də danışıqlar mövzusu olsa təbiidir. Pakistanla Azərbaycan arasındakı əlaqələr, münasibətlərin yüksək səviyyədə saxlanması və inkişafı hər iki dövlət üçün çox önəmlidir".