Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib
İşğal dövründə düşmən tərəfindən tamamilə dağıdılmış, talan edilmiş şəhərlərimizi, kəndlərimizi yenidən qururuq
İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" prosesi Azərbaycan dövlətinin xüsusi diqqət yetirdiyi prosesdir. Qarabağda və Şərqi Zəngəzurda təmir-bərpa işləri sürətlə gedir. Dövlət tərəfindən "Böyük Qayıdış" planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi prosesi həyata keçirilir. Prezidentin Laçın rayonundakı xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev deyib ki, Laçın şəhəri üzrə əhalinin köçünün növbəti mərhələsi yaxın günlərdə həyata keçiriləcək. Onun sözlərinə görə, rayonda indiyədək ümumi sayı 35-dən yuxarı olan bir sıra sənaye və istehsalat müəssisəsinin yaradılması işi tamamlanıb: "Bu müəssisələrin hamısında çalışan Laçın sakinlərinin əməkhaqqının tənzimlənməsi yaşayış şəraiti çərçivəsində həyata keçirilir. Burada ictimai nəqliyyatın sakinlər üçün əlçatanlığı uğurlu bir formada təmin olunub. Laçın şəhəri, eləcə də Sus və Zabux kəndləri ilə "Zerti" Sənaye Kompleksi arasında marşrut xətləri açılıb. Yaxın zamanda şəhərlərarası nəqliyyatın daha da asan üsulla həyata keçirilməsi üçün irihəcmli avtobusların istifadəyə verilməsi də təmin ediləcək. Onu da bildirmək istəyirəm ki, Bərdə-Laçın, Mingəçevir-Laçın, Horadiz-Laçın və Sumqayıt-Laçın, Bakı-Laçın müntəzəm marşrut xətlərinin istifadəyə verilməsi ilə bağlı müsabiqə elan edilib". "Bakı Abadlıq Xidməti" MMC-nin direktor müavini Nəsimi Əsədov deyib ki, Laçında açılışı nəzərdə tutulan tekstil emalı fabrikinin bu ilin sonunadək işə düşəcəyi gözlənilir. Onun sözlərinə görə, haqqında bəhs olunan fabrikdə Laçın sakini olan 100-ə yaxın qadın işlə təmin olunacaq: "Bu, bizim öncül məqsədlərimizdən biridir. Onu da xüsusilə qeyd etmək istəyirəm ki, Laçın şəhərində yaxın gələcəkdə bir neçə sənaye müəssisəsinin işə başlaması planlaşdırılır". Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi Mayis Musayev deyib ki, işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluğunun təmin olunması bizim üçün əsas prioritetdir. O bildirib ki, işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi, həmin ərazilərdə məskunlaşan əhalinin dayanıqlı məskunlaşması və sosial rifahı üçün xüsusi əhəmiyyətə malikdir: "Bu məqsədlə həmin ərazilərə köçürülən şəxslərin məşğulluq imkanlarının artırılması, aktiv məşğulluq tədbirlərinin və məşğulluq layihələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlərin icrası uğurla davam etdirilir. Dövlət Məşğulluq Agentliyinin Laçında xidmət şöbəsi fəaliyyət göstərir. Ümumilikdə isə "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə 2500 nəfərə yaxın, Laçın rayonu üzrə isə 800 nəfərə yaxın şəxsin məşğulluğu təmin olunub, 31 nəfər isə Özünüməşğulluq proqramına cəlb edilib. Burada həmçinin 34 nəfər isə peşə hazırlığına istiqamətləndirilib".
Laçında yerləşən Həkəri Balıqçılıq Təsərrüfatında müxtəlif növdə 100 mindən çox balıq yetişdirilir. Onların suyu xüsusi qaydada emal edilmiş hovuzun içərisindəki kiçik sektorlarda saxlanılır və əvvəlcədən müəyyən olunmuş rejim üzrə qidalanır. Balıqların saxlanıldığı hovuzun suyu da vaxtlı-vaxtında dəyişdirilir. Təsərrüfatın direktoru Fariz Şirinov rəhbərlik etdiyi müəssisənin gələcək planlarından danışıb: "Hazırda burada 100 mindən çox balıq var. Məqsədimiz balıqları böyüdüb satışını həyata keçirməkdir. Balıq ətindən əlavə növbəti illərdə kürü istehsalı da nəzərdə tutulur. İndiki mərhələdə balıqların təkcə Laçında satışını təşkil etmişik, gələcəkdə isə onların Azərbaycanın digər bölgələrinə və Avropa bazarlarına çıxarılması nəzərdə tutulur. Burada daha bir məsələ sakinlərin işlə təminatı ilə bağlıdır. Hazırda bu təsərrüfatda 31 nəfər Laçın sakini çalışır, onların 11 nəfəri daimi sakindir". F.Şirinov onu da bildirir ki, yaxın gələcəkdə əməkdaşların sayının 60-a çatdırılması planlaşdırılır. O deyir ki, təsərrüfatdakı balıqlar təbii yemlərlə qidalanır və tamamilə təbii şəraitdə yetişdirilir. Onun sözlərinə görə, hər balığın özünəməxsus yemlənmə temperaturu olduğu üçün onlara qulluq da diqqət tələb edir. Təsərrüfatın əməkdaşlarından biri 31 ildən sonra Laçına qayıdan İlham Novruzovdur. 10 yaşında Laçını tərk edən İlham Novruzov 31 il sonra "Həkəri" Balıq Təsərrüfatında baş balıqşünas kimi çalışır: "Bu sahəyə marağım olduğu üçün müraciət elədim və təlimlərdən sonra burada işə başladım. Laçında işimiz də, şəraitimiz də çox gözəldir. Burada əsas vəzifəm balıqların yemlənməsi, onların böyüdükcə çeşidlənməsi, çəkisinin müəyyən edilməsidir. Balıqçılığa aid işləri digər iş yoldaşlarımızla həyata keçiririk". Təsərrüfatın daha bir özəlliyi isə burada işlə təmin olunanların Laçın sakinləri olmasındadır. Yəni onlar 30 ildən sonra həm evlərinə qayıdır, həm də bu şəxslərin məşğulluq problemi həll edilir.
Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi Mayis Musayev deyir ki, təmsil etdiyi qurum üçün prioritet işğaldan azad olunan ərazilərdə əhalinin məşğulluğunun təmin olunmasıdır: "İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi həmin ərazilərdə məskunlaşan əhalinin dayanıqlı məskunlaşması və sosial rifahı üçün xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə həmin ərazilərə köçürülən şəxslərin məşğulluq imkanlarının artırılması, aktiv məşğulluq tədbirlərinin və məşğulluq layihələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlərin icrası uğurla davam etdirilir. Dövlət Məşğulluq Agentliyinin Laçında xidmət şöbəsi fəaliyyət göstərir. Ümumilikdə isə "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunan ərazilərdə 2500 nəfərə yaxın, Laçın rayonu üzrə isə 800 nəfərə yaxın şəxsin məşğulluğu təmin olunub, 31 nəfər isə Özünüməşğulluq proqramına cəlb edilib. Burada həmçinin 34 nəfər isə peşə hazırlığına istiqamətləndirilib". M.Musayev onu da bildirir ki, Laçında iki dəfə əmək yarmarkası, bir dəfə isə peşə yarmarkası keçirilib. Bu yarmarkalara 44 müəssisə tərəfindən 500-ə yaxın vakansiya təqdim edilib: "Peşə yarmarkasında 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti çıxarılıb. Laçında indiki vəziyyətdə 600-ə yaxın vakansiya mövcuddur. Ümumilikdə isə mütəmadi olaraq Laçında fəaliyyət göstərən işəgötürənlərlə görüşlər keçirilir, vakansiya tələbləri öyrənilir və birgə fəaliyyət təşkil olunur". Agentlik rəsmisi əlavə edib ki, bu yarmarkaların keçirilməsi üzrə işlər davam etdiriləcək. Bu gün Laçın həm təbiəti, həm də insanpərvərliyi ilə hər kəsi özünə heyran qoyur. 30 ildən sonra tək Laçına yox, bütövlükdə Qarabağa həyat qayıdır. Laçında yaxın zamanda “ASAN Xidmət" və DOST Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur. Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, yuxarıda adları qeyd olunan qurumların əməkdaşlarının və onların ailə üzvlərinin Laçın ərazisində yaşayışının təmin olunması üzrə bir sıra tədbirlər görülüb: "Laçında yaxın zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı, Operativ və Sosial Təminat Agentliyinin və “ASAN Xidmət” Mərkəzinin fəaliyyətə başlayacağını da diqqətinizə çatdırmaq istəyirəm. Bu məqsədlə növbəti mərhələdə tikinti prosesinin sürətləndirilməsi nəzərdə tutulur. İşğaldan azad olunan ərazilərin sakinlərinin köçürülməsi prosesinin əvvəlcədən nəzərdə tutulduğu kimi 2026-cı ilə qədər müəyyənləşdirilən prioritetlərə uyğun şəkildə icrası nəzərdə tutulur". Bakı Abadlıq Xidməti MMC-nin direktor müavini, Laçın Abadlıq Xidmətinin direktoru Nəsimi Əsədov deyib ki, hazırkı dövrədək Laçın şəhərində 534 ailə, daha dəqiq 1971 nəfərin məskunlaşması təmin edilib. O qeyd edib ki, Sus kəndində 215 nəfər olmaqla 59 ailə, Zabux kəndində isə 823 nəfər olmaqla 217 ailə məskunlaşıb: "Ümumilikdə Laçın rayonunda hazırda 810 ailə (3009 nəfər) yaşamaqdadır. Laçında tikinti-quruculuq işləri ilə paralel aparılan başlıca məsələ əhalinin məşğulluğunun təmin edilməsi olub. Ona görə, "Zerti" Sənaye Parkının ərazisində mebel, ayaqqabı, dam örtükləri, heyvandarlıq və s. müəssisələrin fəaliyyətə başlaması təmin edilib. Bundan əlavə, Laçın rayonunda çox sayda sənaye və istehsal müəssisəsi işləyir. Bu müəssisələrin hər biri sakinlərin məşğulluğunun təmin edilməsinə xidmət göstərir".
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında deyib ki, "Böyük Qayıdış" proqramı çox intensiv və uğurla icra olunur. Deputat diqqətə çatdırıb ki, 2025-ci ildə qayıdış prosesinin daha da genişlənməsi gözlənilir. Deputatın sözlərinə görə, bu baxımdan qayıdış və məskunlaşma prosesinə uyğun olaraq iş adamlarının daha aktiv şəkildə Qarabağ və Şərqi Zəngəzura investisiya qoyuluşunu həyata keçirməli, iqtisadiyyatın sürətli formalaşmasına dəstək vermələri çox önəmlidir:
"Qarabağda sərmayə qoyuluşu ilə bağlı müraciət edən xeyli şirkətlər var. Sahibkarlar çox aktiv şəkildə işğaldan azad olunmuş ərazilərimizə sərmayə qoyuluşu həyata keçirməyə, iqtisadiyyatın formalaşmasına töhfə verməyə çalışır. Bu istiqamətdə proses intensiv şəkildə aparılır. Qısa zamanda Qarabağ iqtisadiyyatının formalaşması və reinteqrasiyasını aydın müşahidə edəcəyik. Gözləntilər və proqnozlar təsdiq edir ki, bütövlükdə işğaldan azad olunmuş ərazilərimizdə təxminən Azərbaycan iqtisadiyyatının 10 faiz həcmində yeni dəyər yaradılacaq. Bu, praktik olaraq 10 milyard manata yaxın yeni dəyərin Qarabağ və Şərqi Zəngəzurda yaradılması anlamına gəlir. Ona görə də Qarabağ və Şərqi Zəngəzur artıq növbəti dövrdə Azərbaycan iqtisadiyyatının yeni drayverinə çevriləcək".
Politoloq Əlisahib Hüseynov da vurğulayıb ki, “Böyük Qayıdış”ın uğurla həyata keçirilməsi dövlətimizin əsas prioritetlərindən biridir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Şanlı Ordumuzun şücaəti ilə işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzura ikinci nəfəs vermək, erməni vandalları tərəfindən dağıdılan, talan edilən şəhər və kəndlərimizin dirçəlişinə nail olmaq üçün bütün qüvvələr səfərbər edilib.
“Böyük Qayıdış” proqramının həyata keçirilməsi təkcə işğaldan azad edilmiş ərazilərimizin deyil, bütövlükdə ölkəmizin daha sürətli inkişafına təkan verəcək. "Böyük Qayıdış" sürətli inkişafımızın açarı deməkdir. "Böyük Qayıdış"ın hər bir mərhələsi “Qarabağ Azərbaycandır!” həqiqətinin təsdiqinə çevrilir. Son vaxtlar keçmiş məcburi köçkün soydaşlarımızın işğaldan azad edilmiş ərazilərə geri dönüşü barədə tez-tez mətbuatda xəbərlərə rast gəlirik. Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib. İşğal dövründə düşmən tərəfindən tamamilə dağıdılmış, talan edilmiş şəhərlərimizi, kəndlərimizi yenidən qururuq. 2023-cü ildə 5 minə yaxın keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb. 2024-cü ildə də proses sürətlə davam etməkdədir".