İki ölkə arasında münasibətlər tarixin ən yüksək mərhələsini yaşayır
Dünyanın iqtisadi və siyasi mərkəzi Avropadan Asiyaya doğru irəliləyərək coğrafi mərkəzinə doğru gedir
Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri başa çatıb. Dövlət başçısı iyulun11-12 tarixlərində dost ölkə Pakistanda işgüzar səfərdə olub. Bəyan etdiyimiz kimi, Prezident İlham Əliyev Pakistanda xüsusi hörmətlə qarşılanıb. Dövlət başçısının təyyarəsini Pakistanın hava məkanında qırıcılar qarşılayıb və enənədək müşayiət ediblər. Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb. Daha sonra Azərbaycan dövlət başçısı İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında həm ikitərəfli, həm də geniştərkibli görüş keçirilib. Daha sonra iki ölkə arasında mühüm əməkdaşlıq sənədləri imzalanıb. Liderlər mətbuata birgə bəyanatla çıxışlar ediblər. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif deyib ki, əziz qardaşı Prezident Əliyev Pakistanı və Pakistan xalqını güclü dəstəkləyən şəxsdir. Onun sözlərinə görə, Azərbaycan xalqı Pakistan xalqını sevir. Qarşılıqlı olaraq Pakistan xalqı da Azərbaycan xalqına çox minnətdardır və onu sevir: "Bu, sanki bir qəlbdə döyünən iki ürəkdir. Bu dostluq, qardaşlıq yeni deyil. O, onillikləri əhatə edir. Pakistan həmişə hər məsələdə Azərbaycanın yanında olub və Azərbaycan da hər zaman bütün hallarda Pakistanın yanında olub. İstər söhbət BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində təsbit edilmiş hüquqları ilə bağlı Kəşmir əhalisinə dəstəkdən və əlbəttə ki, istərsə də bir çoxlarının dəstəklədiyi referendum keçirmək hüququndan getsin. Pakistan Qarabağ məsələsində həmişə Azərbaycanın mövqeyini dəstəkləyib və heç vaxt dəstəyini dayandırmayib. Hesab edirəm ki, bu, bizim dostluq və qardaşlıq münasibətlərimizin gücüdür. Bu gün Sizin səfəriniz vəziyyəti dəyişdirəcək, münasibətlərimizi transformasiya edəcək". Azərbaycan Prezidenti İlham Əliyev də vurğulayıb ki, tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir: "Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq. Biz əlbəttə, xatırlayırıq ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Bizim Cəmmu və Kəşmirlə bağlı mövqeyimiz yaxşı məlumdur. Biz İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəkləyirik və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik. Beləliklə, haqq Sizin tərəfinizdədir, ədalət, beynəlxalq hüquq Sizin tərəfinizdədir". Dövlət başçısı bəyan edib ki, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olub: "İkinci Qarabağ müharibəsi - Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi".
Millət vəkili Hikmət Babaoğlu "Şərq"ə deyib ki, hazırda dünyanın iqtisadi və siyasi mərkəzi Avropadan Asiyaya doğru irəliləyərək coğrafi mərkəzinə doğru gedir. Deputatın sözlərinə görə, önümüzdəki tarixi mərhələdə həm dünyanın iqtisadi taleyini, həm də siyasi taleyini həll edəcək coğrafiya Mərkəzi Asiya, Cənubi Şərqi Asiyadır: "Çünki hazırda dünya əhalisinin üçdə ikisindən çoxu Cənubi Şərqi Asiyada yerləşir. İqtisadiyyat Cənubi Şərqi Asiyada formalaşmağa başlayıb. Orta Asiyadan, Cənubi Şərqi Asiyaya doğru irəlilədikcə tarixən türk xalqlarının oynadığı rolun da yeni missiyası yaranmaqdadır. Azərbaycan Prezidentinin qardaş ölkə Pakistana səfərini təkcə Pakistan-Azərbaycan münasibətləri kontekstində yox, həm də ümumi qlobal iqtisadi, siyasi proseslər kontekstində, yəni kompleks olaraq qiymətləndirməliyik. O zaman bunun nə qədər mühüm bir səfər olduğunu anlamaq mümkün olacaq. İkitərəfli münasibətlərdə imzalanan sənədlərə, hər iki ölkənin liderlərinin səsləndirdiyi bəyanatın məzmununa baxsaq, əlaqələrin nə qədər dərin, səmimi, faydalı və strateji baxımdan əhəmiyyətli olduğunu görərik".
Parlament üzvü bəyan edib ki, Pakistan və Azərbaycan arasında imzalanan sənədlərə əsasən, müasir çağırışlar kontekstində həm iqtisadi münasibətlərin dərinləşməsi, tranzit məsələlərinin həll olunması, ticari dövriyyənin artırılması ilə bağlı çox mühüm qərarların alınması hər iki ölkəyə gələcəkdə çox böyük dividendlər gətirəcək: "Ən əsası beynəlxalq təşkilatlarda və dünya miqyasında hər iki ölkənin bir-birinə dəstək olmasıdır. Bu əlaqələr son 30-35 ildə çox mühüm tarixi proseslərdən keçib, böyük imtahan verib. Ona görə də Pakistan-Azərbaycan münasibətləri cənab Prezidentin qardaş ölkəyə səfərindən sonra həm iqtisadi, həm siyasi məzmun baxımından, həm də strateji gələcək nöqteyi-nəzərindən yeni bir mərhələyə keçmiş oldu".