ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Vaşinqtonda keçirilən görüşü sülh sazişi istiqamətində irəliləyişin təzahürü kimi qiymətləndirmək olar. Bu görüş tərəfləri yekun sülh sazişinə bir addım da yaxınlaşdırdı. Görünən budur ki, tərəflər Vaşinqton görüşünün nəticələrindən razı qalıblar. Çünki Bayramov və Mirzoyan sülh sazişinin hazırlanmasının yekunlaşdırılması istiqamətində işi davam etdirməyə razılaşıblar. Vaşinqtonun bu prosesdə yer alması prosesin sürətləndirilməsinə əlavə təkan verə bilər. Vaşinqton sülh razılaşması üzərində aparılan işin tez bir zamanda yekunlaşmasının və yekun sazişin tezliklə imzalanmasının vacibliyini həm İrəvanın, həm də Bakının diqqətinə çatdırır. Çünki ABŞ regionda dayanıqlı sülhün bərqərar olmasında və Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bu isə ABŞ ilə bərabər, bizim də maraqlarımıza cavab verir.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, NATO sammiti çərçivəsində keçirilən üçtərəfli görüş Almaniya və Qazaxıstan görüşlərinin məntiqi davamıdır. Ekspertin sözlərinə görə, Blinken tərəflərin sülh razılaşmasını əldə etməyə çox yaxın olduqlarını qeyd edib:
"Düzdür, hazırkı mərhələdə Bakı İrəvanla heç bir vasitəçilər olmadan keçirilən ikitərəfli görüşlərdə daha çox maraqlıdır. Lakin bununla belə, biz yekun sülh razılaşmasını yaxınlaşdıran istənilən vasitəçilik təşəbbüslərini müsbət qiymətləndiririk. Bu mənada Vaşinqtonda keçirilən üçtərəfli görüşün nəticələrinin faydalı olacağına şübhə etmirik. Maraqlar üst-üstə düşürsə, bu fürsətdən yaxşı mənada yararlanmaq lazımdır. Hazırkı mərhələdə ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı maraqları bizim maraqlarımızla kəsişir. Bu isə Ermənistanın sülhə məcbur edilməsi üçün əlverişli zəmin yaradır. Ümid edirik, yaxın zamanlarda ilk növbədə hansısa çərçivə sazişi imzalanacaq. Proseslər Bakını qane edən müstəvidə cərəyan edir".