Mirmahmud Mirəlioğlu: "43 dairədən namizədimiz var”

“Mənim də namizədliyim irəli sürülüb”
  
“Hazırda müvafiq sənədlərin dairələrə təqdim olunması mərhələsindəyik”
 
 
 Partiyaların sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisinə hazırlıq işləri davam edir. Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib ki, 401 nəfər parlament seçkilərinə namizədlik üçün müraciət edib. O qeyd edib ki, siyasi partiyalar kifayət qədər fəaldır: "Sənəd təqdim edənlərin 168-i siyasi partiya təmsilçisidir. Onlar 13 siyasi partiyanı təmsil edirlər.
 Bu say artmaqdadır". Seçkilərdə şansını sınayacaq partiyalardan biri də Klassik Xalq Cəbhəsi Partiyasıdır.
 Partiya sədri Mirmahmud Mirəlioğlu "Sherg.az"a aparılan müzakirələrdən sonra partiya olaraq seçki prosesində iştirak etmək qərarı aldıqlarını bildirib. M.Mirəlioğlu neçə dairə üzrə namizəd çıxaracaqlarının müəyyənləşdiyini söyləyib:
 "Səlahiyyətli nümayəndələrimiz təsdiqlənib. 43 dairədən namizədimiz var. Hazırda müvafiq sənədlərin dairələrə təqdim olunması mərhələsindəyik. Sənədlərini verib, namizədliyi təsdiqlənib, imza vərəqələrini alanlarımız da var. Onlar imzatoplamaqla məşğuldurlar. Artıq iki gündür qanunlara uyğun olaraq prosesə başlamışıq. Mənim də namizədliyim irəli sürülüb. 43 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyim verilib".

 "Yeni dönəmə, müasir tələblərə uyğun yeni parlament necə formalaşmalıdır" sualına isə M.Mirəlioğlunun cavabı belə olub:
 "Bu suala obyektiv və dolğun cavabı məsələni gündəmə gətirənlər, anlayışın müəllifləri özləri verməlidir. Açıqlasınlar, görək "yeni parlament" dedikdə nəyi nəzərdə tuturlar? Axı bu məsələ 4 il bundan öncə, Milli Məclis özünü buraxanda, fəaliyyətinə xitam verəndə də aktual idi. Elə sizlər də, bizlər də bu məsələdə seyirçi qismindəyik. Çünki "müasir dövrün yeni çağırışlarının" nədən ibarət olduğunu bilmirik. Şəxsən mən bilmirəm. Əgər parlamentdə 4-5 çağırış gördüyümüz deputatların dəyişməsindən söhbət gedirsə, bu, bizim istəyimizdən asılı deyil. Bu, həm də birbaşa və birmənalı şəkildə yürüdülən siyasətdən asılıdır. Ona görə də belə məsələlərdə ancaq özümüzün subyektiv mülahizələrimizi deyə bilərik. Adam var ki, bütün çağırışlarda millət vəkili olub. Seçicini qane edib, o cümlədən hakimiyyətin siyasətinin həyata keçirilməsində iştirakçı olub və nəticədə orada əyləşib. Bizim məsələyə münasibət bildirməyimiz heç nəyi dəyişmir".

 Partiya rəhbəri hazırda seçki prosesində, yəni namizəd və dairələrin müəyyən olunması məsələsində tərəfdaşlıq etdikləri partiyanın olmadığını deyib: 
"Əgər gündəmə gələrsə, təklif olarsa, dəyərləndirərik. Hazırda belə məsələ yoxdur".
 M.Mirəlioğlu seçki sistemində dəyişikliyin vacib və aktuallıq kəsb edən məsələ olduğunu vurğulayıb: "Amma bunun reallaşdırılması üçün referendum keçirilməli, konstitusiya dəyişikliyi edilməli və ondan sonra proporsional seçki sistemi tətbiq olunmalıdır. Hətta qarışıq sistem - yəni həm proporsional, həm də majoritar qaydada seçki keçirilə bilər. Bununla bağlı bizim nümunəmiz mövcuddur. 2000-ci il parlament seçkiləri həm proporsional, həm də majoritar seçki sistemi ilə keçirilib".