Ermənistanda dəqiq mina xəritələri var

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Amma Azərbaycana verdikləri mina xəritələri təəssüf ki, reallığı əks etdirmir

“4 kəndin Azərbaycana geri verilməsi ilə bağlı razılıq əldə etdikdən sonra həmin kəndlərin ərazilərindəki mina xəritələri elə erməni ordusu tərəfindən qısa müddətdə təmizləndi”

  Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına, Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsinə mane olan bir neçə məqam var. Bunlardan biri də vaxtilə işğal altında olan ərazilərdə basdırılmış minalardır. Ermənistanla Azərbaycan arasında müharibənin bitməsinə, tarixi ədalətin bərpasına və sülh perspektivinin gündəlikdə olmasına baxmayaraq, qarşı tərəfin mina terroru davam edir. Mülki Azərbaycan vətəndaşları müntəzəm olaraq Ermənistanın mina terrorunun qurbanına çevrilir. Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə dəfələrlə müraciət edib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsini aradan qaldırmaq üçün qüvvələrini birləşdirməlidir. Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların dəqiq xəritələrini verməkdən imtina etməsi genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də məcburi köçkünlərin qayıtması prosesini ləngidir, regionda sülhün bərqərar olması səylərini sarsıdır. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da məsələyə münasibət bildirib. O qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalı, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün bu ölkəyə ciddi təzyiq göstərməlidir. Məsələ ondan ibarətdir ki, rəsmi Bakının bütün səylərinə baxmayaraq, İrəvan hələ də minalı ərazilərin dəqiq xəritəsini vermir. Ermənistan ya vaxtı uzatmağa çalışır, ya da Azərbaycana qeyri-dəqiq topoqrafik materiallar verir. Beynəlxalq ictimaiyyət adlandırdığımz təşkilatlar və ya güclər isə “ağzına su alıb oturublar”. Başqa sözlə, demokratiyadan, insan haqlarından ağızdolusu danışan, həmçinin Cənubi Qafqazda sülhün təmin olunması ilə bağlı özlərinin “xidmətlərini” təklif edən Qərb gücləri, o cümlədən Avropa İttifaqı (Aİ), ABŞ, Fransa Ermənistanın mina terroruna səssiz yanaşırlar. Bu isə təkcə humanist məsələ deyil. Həm də beynəlxalq hüquqa hörmətsizlikdir. Çünki mina və partlamamış hərbi sursatların tətbiqi ilə bağlı beynəlxalq humanitar hüquqda da xüsusi maddələr var. Bu məsələ barədə dəfələrlə müxtəlif qanunlar, aktlar qəbul olunub. Ötən gün ABŞ-nin Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahında Azərbaycanda mina təhlükəsizliyinə dair fəaliyyətlərlə bağlı tədbir keçirilib. BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Yüksəksəviyyəli Forumu çərçivəsində keçirilən tədbir Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin ev sahibliyi və Laos Xalq Demokratik Respublikası (LXDR) BMT yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub. “Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq və heç kəsi geridə qoymamaq üçün Minalar və Partlamamış Hərbi Sursatlarla (PHS) mübarizə” başlıqlı tədbirdə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Koordinasiya Şurasının və İqtisadiyyat Nazirliyinin rəsmiləri, eləcə də LXDR-in Milli DİM Katibliyinin, LXDR Xarici İşlər Nazirliyi İqtisadi İnkişaf üzrə Dövlət Komitəsinin, BMT-nin İnkişaf Proqramının (UNDP) yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Tədbirdə çıxış edən Laosun xarici işlər naziri Saleumxay Kommasit çıxışında bildirib ki, ölkəsi və xalqı uzun illərdir ki, minalar və PHS-ın təsirindən əziyyət çəkir. Ölkənin ümumi torpaq sahəsinin 1/3 hissəsi müharibənin mirası olan minalarla zəngindir və bu partlamamış silahlar mülki əhalinin sağlamlığına, həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Nazir qeyd edib ki, Laosda müharibədən sonra 80 milyona yaxın minalar və partlamamış hərbi sursatlar müəyyən olunub. Diplomatın sözlərinə görə, son iki onillikdə kənd təsərrüfatı fəaliyyəti və inkişafı üçün 800 kvadratkilometrdən çox ərazi təmizlənib, 1,9 milyondan çox mina və PHS-lar məhv edilib. Nazir vurğulayıb ki, ölkəsində bu sahədə əldə olunan uğurları Azərbaycanla paylaşmağa hazırdır və bunun üçün addımlar atılır: “Ötən müddət ərzində qazandığımız yaxşı təcrübələrimizi Azərbaycanla bölüşmə, həm də kollektiv fəaliyyətimizi yüksəltmək və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün Azərbaycanla birlikdə fəaliyyət proqramı üzərində işləyirik”.
  İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında işğaldan azad olunmuş ərazilərimizə məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı, bu ərazilərimizdə aparılan irimiqyaslı yenidənqurma və bərpa işləri, dağıdılmış yaşayış məntəqələrinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun olaraq yenidən qurulması barədə qonaqlara ətraflı məlumat verib. S.Məmmədov həmçinin çıxışında işğaldan azad edilmiş ərazilərimizdə minalardan təmizləmə və ətraf mühitə dəymiş ziyanın aradan qaldırılması istiqamətində Azərbaycan tərəfindən görülən işlərə diqqət çəkib: “Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer almışdır. İşğaldan azad olmuş ərazilərdə minaların ətraf mühitə təsirinin azaldılması təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması üçün çoxsaylı layihələr həyata keçirilir. Azərbaycan bu məqsədlə qısa müddət ərzində bütün gücünü səfərbər edərək dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edir. Minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün davamlı şəkildə müvafiq işlər görülür və hazırda imkanlarımız əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Ölkə başçısının qərarı ilə 25 il öncə yaradılan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ölkə ərazisindəki minaları zərərsizləşdirmək üçün proqrama uyğun bütün lazımi prosedurlar həyata keçirilir. 18-ci Dayanıqlı İnkişaf Məqsədi təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə irəli sürülüb. Prezidentin təşəbbüsü əsasında “Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər” adlı 18-ci Dayanıqlı İnkişaf Məqsədi 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin prinsipləri əsasında müvafiq dövlət qurumlarının rəy və təklifləri əsasında hazırlanıb. 18-ci DİM işğaldan azad olunmuş ərazilərimizə təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyəti özündə ehtiva edir. Xüsusilə qeyd etməliyik ki, mina probleminin qlobal təhlükə olması və ictimaiyyətin bu sahədə maarifləndirilməsi kifayət qədər vacib məsələdir. Nazir müavini qeyd edib ki, Azərbaycan özünün minatəmizləmə probleminin həlli ilə yanaşı, qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir. Bununla bağlı ölkə başçısı dünyada münaqişələrin və mina fəsadlarının artmasını nəzərə alaraq humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış etmiş və Azərbaycan Qoşulmama Hərəkatına sədirliyi ərzində Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər qrupunun yaradılması ideyasını da irəli sürüb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov isə çıxışında postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ayrılan diqqət və qayğıdan söz açıb, reallaşan layihələrdən danışıb. Ölkədə şəhid ailələrinin və müharibə veteranları üçün qayğı ilə əhatə olunmasının bu gün başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib: “Biz davamlı olaraq zədə və əlilliyə görə birdəfəlik kompensasiyadan istifadə etməyə çalışırıq. İndi bizdə kompensasiya siyasətləri üçün beş fərqli kateqoriyamız var. Aylıq əlillik ödənişləri və əlillərin tibbi izahatını indi biz daha çox diqqət mərkəzində saxlayan yeni müasir qiymətləndirməyə keçirik”. BMT-nin İnkişaf Proqramının (UNDP) Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç təşkilatın Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə verdiyi dəstəkdən bəhs edib və gələcəkdə reallaşacaq layihələrdən danışıb. İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Mina Təhlükəsizliyinə dair 18-ci Milli DİM Katibliyinin məqsədinə dair təqdimat edib, mövzu ətrafında qonaqların suallarını cavablandırıb.
  Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a deyib ki, ərazilərimizin ermənilər tərəfindən minalanması Azərbaycana külli miqdarda, maddi-mənəvi, fiziki ziyan vurub. Ekspertin sözlərinə görə, mina terroru nəticəsində yüzlərlə insanımız həyatını itirib, yaralanıb:

"Üçtərəfli bəyannaməyə əsasən, Ermənistan mina xəritələrini Azərbaycana təhvil verməliydi. Ancaq təhvil verilən xəritələrin heç 25 faizi həqiqəti əks etdirmədi. Bu, bir daha Ermənistanın əməkdaşlıqda maraqlı olmadığını və mina xəritələrini Azərbaycana doğru-dürüst vermək istəmədiyini göstərdi. Bu gün iki ölkə arasında aktiv şəkildə delimitasiya və demarkasiya məsələləri müzakirə olunur, tərəflər sülh prosesinə yaxınlaşır. Hətta belə vəziyyətdə də Ermənistan mina xəritələri məsələsində konstruktiv mövqe nümayiş etdirmir. Halbuki əminliklə deyə bilərik ki, dəqiq mina xəritələri Ermənistanda var və onlar harada, hansı kəndlərdə, hansı ərazilərdə minaların basdırıldığını dəqiq bilirlər. 4 kəndin Azərbaycana geri verilməsi ilə bağlı razılıq əldə etdikdən sonra həmin kəndlərin ərazilərindəki mina xəritələri elə erməni ordusu tərəfindən qısa müddətdə təmizləndi. Bu, bir daha onu göstərir ki, ermənilər hansı ərazilərdə minaların olduğunu dəqiq bilirlər və öz təhlükəsizlikləri üçün bu mina xəritələrinin dəqiq yerlərini təsbit edərək təmizləyirlər. Amma Azərbaycana verdikləri mina xəritələri təəssüf ki, reallığı əks etdirmir".
  Ə.Şahidov bəyan edib ki, Ermənistan mina xəritələri üzərindən də siyasi oyun quraraq müharibə cinayəti törətməyə davam edir: "Düşünürəm ki, mütəmadi olaraq BMT-nin Təhlükəsizlik Şurasında, digər beynəlxalq təşkilatlarda mina xəritələri məsələsini gündəmə gətirməliyik. Beynəlxalq təşkilatların Ermənistana bu məsələdə təzyiq göstərməsinə çalışmalıyıq. Amma beynəlxalq təşkilatlarda, xüsusən xristian Avropasında ikili standartlar artıq həyat tərzinə çevrilib. Qərbin marağında olan məsələlərdə qısa müddət ərzində qərarlar çıxarılır və həyata keçirilir. Amma Azərbaycan, Türkiyə, müsəlman-türk dünyası ilə bağlı məsələlərdə, təəssüflər olsun ki, bu operativliyi müşahidə edə bilmirik. İstənilən halda Azərbaycan mina xəritələri məsələsini hər zaman gündəmdə saxlayır. Bu məsələ hər zaman Azərbaycan dövlətinin gündəmində olacaq".