“Digər tərəfdən yaxın iki ildə Ermənistanda o qədər hadisə baş verə bilər ki, bunu kimsə proqnozlaşdıra bilməz”
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı il parlament seçkilərindən sonra konstitusiyanın dəyişdirilməsi prosesinə başlamağa razı sala bilib. Bu barədə "Hraparak" nəşri məlumat yayıb. Nəşrin iddiasına görə, Paşinyan Azərbaycan liderindən tələbləri yerinə yetirməsi üçün iki il vaxt istəyib: "Baş nazirin konstitusiya dəyişiklikləri komissiyasına ümumxalq seçkilərinin başa çatacağı 2026-cı ilin dekabrında yeni konstitusiya konsepsiyasını təqdim etməyi tapşırmasının səbəbi bəlkə də budur".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, belə bir vədin olub-olmadığını söyləmək çətindir. Ekspertin sözlərinə görə, Nikol Paşinyan heç imzaladığı 9 noyabr bəyanatını yerinə yetirmədi, qoşunlarını Qarabağdan çıxartmadı:
"Bunu biz etdik, onun şifahi vədini yerinə yetirəcəyinə inanmaq olarmı? Digər tərəfdən yaxın iki ildə Ermənistanda o qədər hadisə baş verə bilər ki, bunu kimsə proqnozlaşdıra bilməz. Nikol Paşinyana qarşı sui-qəsd həyata keçirsələr, onun yerinə keçən Bakıya verdiyi vədi yerinə yetirəcəkmi? Paşinyan istəyir ki, əvvəlcə sülh sazişi imzalansın, digər konseptual məsələlər sonraya qalsın. Rəsmi Bakı da anlayır ki, sərhədlərin müəyyənləşməsi vaxt aparacaq və bu sülh sazişinin imzalanmasına mane olmamalıdır. Ancaq Ermənistan konstitusiyasında qonşusunun ərazisinə iddiaları əks etdirən bəndlərin sənəddən çıxarılması qeyri-müəyyən illərə saxlanılmamalıdır. Bunun həllinin başqa yolu il ərzində imzalanması ehtimal olunan çərçivə sazişində Ermənistanın yaxın iki il ərzində Konstitusiya dəyişikliyinə gedəcəyi barədə üzərinə konkret bəndlə öhdəlik götürməsidir. Anlamalıdırlar ki, Ermənistanda baş nazir kim olursa-olsun, bu öhdəliyin yerinə yetirilməməsi onlara baha başa gələcək".