“İnanıram ki, xalqımız mənə səs verəcək”
“Mən növbəti parlament seçkilərində namizəd olmağımı sosial-iqtisadi sahədə tədbirlərin qanunvericilik bazasının formalaşmasına, Qarabağ və Zəngəzur həqiqətlərinin fəal təbliğinə həsr etməyi planlaşdırıram”
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisinə ciddi hazırlıq gedir. Mərkəzi Seçki Komissiyasının sonuncu məlumatına görə, 400-dən çox vətəndaş sənədlərini seçkilərdə namizəd qismində iştirak üçün dairə seçki komissiyalarına təqdim ediblər. Verilən məlumata görə, namizədlərin 168 şəxs siyasi partiya təmsilçisidir. Onlar 13 siyasi partiyanı təmsil edirlər. Lakin bu say artmaqdadır. Ötən gün hakim Yeni Azərbaycan Partiyası da deputatlığa namizədlərinin sayını açıqlayıb. YAP 125 dairənin hamısından namizəd irəli sürüb. Seçkilərdə namizədliyini irəli sürənlərdən biri də tarixçi-alim, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, ATV kanalında "Qarabağ salnaməsi" verilişinin müəllifi və aparıcısı Ramin Əlizadədir. Alim 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Məlumat üçün bildirək ki, Ramin Əlizadə Yeni Azərbaycan Partiyasının üzvüdür. O, 2020-ci ilin fevralında keçirilən növbədənkənar seçkilərdə də namizədliyini irəli sürmüşdü. Məlumat üçün bildirək ki, Azərbaycan tarix elmində ilk dəfə olaraq Urartuşünaslıq sahəsində geniş tədqiqatlar aparan R.Əlizadə Türkiyə ərazisində Urartu abidələrində aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri, mixi yazılı kitabələr və paleoantropoloji tapıntılarla yaxından tanış olub. 2005-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda, 2017-2018-ci illərdə Qərbi Kaspi Universitetində müəllim kimi çalışıb, Qədim Şərq tarixi və arxeologiyasına dair mühazirələr deyib. Bir sıra beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış edib. Çoxsaylı elmi məqalənin müəllifidir.
- Ramin müəllim, 27 illik işğaldan sonra azadlığa qovuşan doğma yurddan namizəd olmaq necə bir duyğudur? Budəfəki seçkilərin əvvəlkilərdən fərqi nədir?
- Ali qanunverici orqan olan Milli Məclisə VII çağırış növbədənkənar seçkilərin əvvəlki parlament seçkilərindən başlıca fərqi Azərbaycanın bütün ərazisini əhatə etməsidir. 1995-ci ildə ilk demokratik parlament seçkilərindən bu günədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi istiqamətində fəaliyyət Milli Məclisin prioritet istiqamətlərindən biri olub. Mən Şərqi Zəngəzurun dilbər guşələrindən biri olan Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olmuşam. Qubadlı və Zəngilan rayonları 1993-cü ilin ikinci yarısında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra 2020-ci ilin oktyabrında Müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilənədək, yəni 27 il ərzində erməni vandalizmi nəticəsində viran edilmişdi. Qubadlı və Zəngilan rayonlarının mərkəzi və kəndləri, həmçinin yüzlərlə tarixi-mədəni abidəsi məhv edilmişdi. Biz Qubadlıya və Zəngilana qayıdanda nə gördük? Doğma yurd yerlərimizin, ata-babalarımızın məzarları olan qəbiristanlıqların dağıdıldığını və meşələrin yandırıldığını gördük. İndi Qubadlı və Zəngilan azaddır, bərpa və quruculuq işləri aparılır, yeni infrastruktur şəbəkəsi yaradılır, kəndlərimiz bərpa olunmaqdadır. Zəngilan rayonunun 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərini əhatə edən “Ağıllı kənd” layihəsi uğurla nəticələndi. Qubadlı və Zəngilan rayonları Türk dünyasının, yəni Turanın qapısı rolunu oynayan Zəngəzur dəhlizinin üzərində yerləşən mühüm yaşayış məntəqələrini əhatə edir. Hazırda Zəngəzur dəhlizi beynəlxalq logistik nəqliyyat qovşağının mühüm mərkəzinə çevrilməkdədir. Hesab edirəm ki, Milli Məclisin gələcək fəaliyyətində prioritet məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır.
- Seçki marafonuna qoşulmaq niyyəti haradan qaynaqlandı? Bir tarixçi-alim niyə deputat olmaq istəyir?
- Hazırda dünyada baş verən ictimai-siyasi proseslərə nəzər salsaq görərik ki, istər hər hansı bir ölkənin daxilində, istərsə də xaricində baş verən hadisə olsun, çözülməsi çətin olan xeyli sayda problemlər mövcuddur. Azərbaycan xalqı son yüzillikdə dəfələrlə soyqırımlarına və deportasiyalara məruz qalıb. Bu, tarixi reallıqdır. Bu faktı sübut edən etibarlı mənbələr və arxiv sənədləri mövcuddur. İkinci Qarabağ müharibəsində 44 gündə qazanılan Böyük Zəfər tarixin qaranlıqlarına işıq saldı. Tarixi ədalət bərpa edildi. Azərbaycan xalqının tarixi keçmişini mükəmməl bilən, araşdıran, hətta Ermənistanı bu cür təcavüzkar hərəkətlərinə görə qınayaraq onunla əlaqələrə son qoyan dövlətlər var. Məsələn, Türkiyə və Pakistan. Hesab edirəm ki, biz erməni faşizmi ilə mübarizədə haqlı tərəf olaraq öz təbliğatımızı təkcə ölkə daxilində yox, beynəlxalq aləmdə də genişləndirməliyik. Hazırda elə dövlətlər və beynəlxalq təşkilatlar var ki, onlar özlərini dünyaya "demokratiya carçısı" kimi təqdim edirlər. Lakin demokratik dəyərlər bu ölkələrin bir çoxunda tapdaq altındadır. Demokratik dəyərlərin nəinki hakim rol oynaması, hətta təbliğ olunması belə müxtəlif səbəblərdən dolayı çətinliklərlə üz-üzədir. Mənim tarixçi olmağım bu proseslərin hansı şəraitdə meydana gəldiyini və ilkin qaynaqlarını müəyyən etməyimə imkan verir. Amma ictimai-siyasi proseslərin gedişatına hansısa təsir üsullarını tətbiq etməyim, daha dəqiq desək, siyasi mövqeyimi əks etdirməyim praktik olaraq yalnız ali qanunverici hakimiyyət orqanında təmsil olunmağımla mümkündür. Bu baxımdan hesab edirəm ki, Milli Məclisdə təmsil olunmağımla bağlı namizəd kimi təşəbbüsüm doğru addımdır. Mən növbəti parlament seçkilərində namizəd olmağımı sosial-iqtisadi sahədə tədbirlərin qanunvericilik bazasının formalaşmasına, Qarabağ və Zəngəzur həqiqətlərinin fəal təbliğinə həsr etməyi planlaşdırıram.
- Seçki platformanız necə olacaq, şüarınız nədir? Şansınızı necə dəyərləndirirsiniz?
- Yeni seçki marafonunda mənim şüarım “Azad Zəngəzur Turan yolunun başlanğıcıdır!” olacaq. Mən bu şüarı yalnız söz kimi yox, fəaliyyət platformam kimi qəbul etmişəm. Respublikamızda və bir çox xarici dövlətlərdə beynəlxalq konfranslarda, simpoziumlarda, rəsmi görüşlərdə, televiziya kanallarında və mətbuat orqanlarında daim Azərbaycanın gerçək tarixi ilə bağlı həqiqətləri təbliğ etmişəm. Son 4 ildə isə Azad Azərbaycan Televiziya (ATV) kanalında “Qarabağ salnaməsi” verilişinin müəllifi, ssenaristi və aparıcısı kimi Qərbi Azərbaycanın və Qarabağın tarixi ilə bağlı erməni yalanlarını etibarlı mənbələr, qədim xəritələr əsasında ifşa etmək üçün müxtəlif layihələr həyata keçirmişəm. Hesab edirəm, dəyərli xalqımız bu kimi faydalı xidmətlərimi nəzərə alaraq Milli Məclisdə təmsil olunmağıma səs verəcək. Biz gücümüzü xalqdan almışıq, xalqımızı təmsil etmək isə borcumuzdur!".