Analitik: Paşinyan sülh prosesini sabotaj edir

Ermənistan üzərindən Qərbin hərbi və siyasi mövcudluğunu  artırması region ölkələrinin maraqlarına uyğun deyil
 
 
  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Sülh Fondunun Ermənistana 10 milyon dollar hərbi yardım ayırmasını şərh edib. Zaxarova bildirib ki, Avropa İttifaqı sülh potensialını hətta sözlərində də itirib. O qeyd edib ki, postsovet məkanını hərbi qarşıdurma zonasına çevirmək üçün hər şey edilir: “Aİ-nin Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro göndərmək planlarının arxasında öz dağıdıcı təsirini Cənubi Qafqazda yaymaq üçün aparılan geosiyasi hesablamalar dayanır. Yaxşı, kollektiv Qərb xəritədə bir qaynar nöqtəli bölgənin az olacağına necə dözə bilər!? Avropa Sülh Fondu isə sülh deyil, müharibə haqqındadır. Sual vermək olar: çoxsaylı böyük münaqişələrin yaşandığı bir regionda müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından 10 milyon dollarla nə etmək olar? Amma bütün hallarda öz siyasətini və müdafiəsini necə quracağına qərar vermək suveren ölkənin öz işidir”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Avropanın bu cür yardımının sülhməramlı gündəmə yönəldiyinə dair bir fakt yoxdur, lakin bu pulların münaqişələri qızışdırmaq üçün istifadə edilməsinin müşahidə olunduğu bir çox hallar var. Məlumat üçün bildirək ki, Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Bildirilib ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Həmçinin Aİ tərəfindən yerləşdirilən missiya da daxil olmaqla beynəlxalq hərbi missiya və əməliyyatlarda ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlığını artırmaq və Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır.

 Politoloq Əli Oruclu "Sherg.az"a açıqlamasında bildirib ki, Qərbin Azərbaycana qarşı sərgilədiyi ikili standartlar həmişə özünü büruzə verib. Analitikin sözlərinə görə, Avropanın enerji şaxələndirilməsində və təhlükəsizliyində mühüm rol oynayan Azərbaycana ögey münasibət göstərilir və hadisələrə obyektiv qiymət verilmir: 
"Belə neqativ yanaşmalar Avroatlantika məkanına inteqrasiyaya ciddi maneələr yaratmaqla yanaşı, cəmiyyətdə də haqlı narazılıqlar və etirazlar doğurur. Təəssüflə qeyd edilməlidir ki, Qərb Rusiyanın təcavüzünə məruz qalan Ukraynaya hər cür dəstək, o cümlədən milyardlar həcmində hərbi sursat, silah verir, yardımlar edir. Ancaq Azərbaycanla münasibətdə bunun tam əksini görürük. Cənubi Qafqazda təhlükə mənbəyinə çevrilmiş terroru, separatizmi, militarizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanı möhkəmləndirir, silahlandırır, maliyyələşdirirlər. Qərb İnstitutları bunu İrəvanın müdafiə qabiliyyətini gücləndirmək və regionda güc balansını bərpa etmək bəhanəsi ilə həyata keçirir. Qərbin ikiüzlülüyü həm də ondadır ki, bir tərəfdən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında və sülh gündəliyinin irəli aparılmasında maraqlı olduğunu, bunu təşviq etdiyini deyir, ancaq reallıqda Ermənistanı ən müasir silahlarla silahlandırır. Məntiqi sual ortaya çıxır. Əgər Qərb regionda sülh və təhlükəsizlik istəyirsə, o zaman Ermənistanı niyə silahlandırır?! Bir halda ki, Ermənistana qonşuları tərəfindən, xüsusən Türkiyə və Azərbaycan tərəfindən təhlükə yoxdursa, bu silahlanmanın məqsədi nədir?".

 Siyasi şərhçi əlavə edib ki, Avropa Sülh Fondunun fəaliyyəti Avropada sülhün və təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır:
 "Fondun qarşısında duran başlıca hədəflər sülh təşəbbüslərinə və çalışmalarına töhfə vermək, qitənin rifahını və stabilliyini qorumaqdır. Belə olduğu halda işğaldan öz ərazilərini azad və suverenliyini bərpa edən Azərbaycana dəstək göstərilməlidir ki, heç olmasa, humanitar problemlərin qısa zamanda həllinə nail ola bilək. Yəni Avropa Sülh Fondu işğal nəticəsində dağıdılmış infrastrukturun, yaşayış məskənlərinin yenidən inşasına, bir milyondan çox qaçqın və məcburi köçkün həyatı yaşamış insanların öz doğma yurd-yuvalarında yenidən məskunlaşmasına töhfə verməli idi. Əfsuslar olsun ki, Qərb Cənubi Qafqazda ayırıcı xəttin daha da dərinləşməsinə, gərginlik ocağının saxlanılmasına üstünlük verir. Ermənistanın silahlandırılması təbii ki, Azərbaycan üçün real risklər törətdiyindən rəsmi Bakı adekvat addımlar atmaq məcburiyyətində qalır. Azərbaycanın narahatlığı və etirazları da bununla bağlı haqlı və təbiidir".

 Ə.Oruclu vurğulayıb ki, Qərbdən hər cür dəstək alan Paşinyan iqtidarı münasibətlərin normallaşdırılması ilə bağlı formatlardan və təmaslardan yayınır:
 "Paşinyan sülh prosesini sabotaj edir. Cənubi Qafqazın təhlükəsizliyi həm də ümumilikdə bütün qitənin təhlükəsizliyinin təminatı deməkdir. Ermənistan üzərindən Qərbin hərbi və siyasi mövcudluğunu artırması region ölkələrinin maraqlarına da uyğun deyil və bu hal Cənubi Qafqazı hərbi plasdarma çevirmə ehtimalını artırır".