Parlament seçkiləri bu şəhərin azadlığının əsl təntənəsi olacaq
"Zəfərimizin rəmzinə çevrilən Xankəndi şəhəri seçkilərə hazırlaşır. 122 saylı Xankəndi seçki dairəsinin yeni seçki məntəqələri yaradılır. 33 ildən sonra azad Xankəndidə Azərbaycanın Milli Məclisinə seçkilərə hazırlıq işlərinin aparılması həqiqətən də qürurverici hadisədir".
Bunu "Sherg.az"a politoloq Əlisahib Hüseynov deyib.
Ekspert bildirib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində Xankəndi sakinlərinin iştirak etməsi bu şəhərin azadlığının əsl təntənəsi olacaq:
"Müstəqillik tariximizdə ilk dəfədir parlament seçkilərinin ərazi bütövlüyümüzün, suverenliyimizin tam təmin edilməsi şəraitində keçirilməsinin sözsüz ki, böyük mənəvi-siyasi əhəmiyyəti var. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz və uğurlu antiterror əməliyyatı bizi həm qalib xalqa çevirib, həm də bütövlük, həmrəylik ruhumuzu gücləndirib. Bu seçkilər Bütövlük, Həmrəylik seçkiləri olacaq. Tarixi Zəfərimiz milli birliyimizin təntənəsi oldusa, 1 sentyabr seçkiləri də birliyimizin sarsılmazlığını nümayiş etdirəcək. Bu seçkilər Cənubi Qafqazda yaratdığımız yeni reallıqların dayanıqlığını təmin edəcək. Təsadüfi deyil ki, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza da sentyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin həm milli, həm də regional təsir gücünə malik olduğunu vurğulayıb".
Siyasi şərhçi qeyd edib ki, amerikalı diplomat həmçinin COP29 ərəfəsində seçkilərin keçirilməsinin Azərbaycanın qlobal nüfuzunu daha da gücləndirəcəyini bildirib və bu prosesi alqışlayıb:
"Qərbli diplomat və ekspertin ölkəmizin reallıqlarına kənardan bu cür obyektiv baxışı təqdirəlayiq haldır. Bu gün Azərbaycan ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra bütün addımlarını böyük Zəfərin ruhuna uyğun olaraq atır və qələbəmizi möhkəmləndirir. Parlament seçkiləri də qələbəmizin nəticələrinin möhkəmləndirilməsinə töhfə verəcək. Prezident İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, biz cari ilə ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycan dövləti, xalqı kimi başlamışıq. Bu ruh, bu əzmlə də yolumuza davam etməliyik".