SEPAH hələ çox dezinformasiyalar yayacaq

Azərbaycan İran-İsrail gərginliyinin bir parçası deyil, olmayacaq da

  SEPAH-a bağlı bəzi teleqram kanalları iddia edib ki, guya İsrail son 2 ildə Azərbaycana verdiyi silahları Qəzza münaqişəsi fonunda geri alıb. Aydın məsələdir ki, bu xəbər dezinformasiyadır. Xəbərin həqiqəti əks etdirmədiyini anlamaq üçün Azərbaycan-İsrail münasibətlərinə, Tehran-Təl-Əviv gərginliyinə və təbii ki, son zamanlar ölkəmiz üzərindən gedən informasiya müharibəsinə baxmaq lazımdır.
  Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan-İsrail strateji tərəfdaşdır:

"İki ölkə siyasi, diplomatik və iqtisadi sahələrlə yanaşı, hərbi sahədə də əməkdaşlıq edir. Ölkəmiz hərbi arsenalını genişləndirmək, habelə köhnəlmiş silah və texnikaları modifikasiya etmək üçün İsraillə əməkdaşlıq edir. Bu da bilinən gerçəkdir ki, İsrail bir çox ölkəyə satmadığı strateji müdafiə silah və qurğularını Azərbaycana satır. Həmin silahların çoxunun təyinatı, növü barədə nə SEPAH, nə də Ermənistanın məlumatı var. Əslində, illərdir hər iki tərəf bu məlumatsızlıqdan belə dezinformasiyalar yayır. Əminliklə demək olar ki, rəsmi Bakı heç bir ölkədən icarəyə silah almır, çünki ölkənin müdafiə gücünə kifayət qədər vəsait ayrılır. Və heç bir ölkə bizə silah hədiyyə etmir, pul ödəyərək alırıq. Bununla belə, dezinformasiyanın genişlənməsinin qarşısını almaq üçün SEPAH mənbələrinin yaydığı saxta xəbəri analiz etməkdə fayda var".
  Analitik vurğulayıb ki, Azərbaycan-İsrail münasibətlərində hər hansı gərginlik, narahatlıq, soyuqluq yoxdur: "Təbii ki, Bakı İran-İsrail gərginliyində tərəfsiz və təmkinli siyasət sərgiləyir. Bu isə heç bir halda İsraillə münasibətlərə xələl gətirə bilməz. Təl-Əviv anlayır ki, Azərbaycan İranla gərginlikdə maraqlı deyil. SEPAH bu kimi xəbərlərlə Bakının nəyisə “etiraf etməsini”, ölkədə hansı silahların olduğunu müəyyən etmək istəyir. Amma Bakı təcrübəlidir, tələyə düşməz! Heç bir variant uğurlu olmasa da, SEPAH bu kimi xəbərlərlə Azərbaycanın nüfuzuna xələl gətirmək istəyir. Yəni guya İsrail, əslində, Azərbaycana silahları icarəyə verir və guya Bakının bu silahları almaq üçün vəsaiti yoxdur. Nəticə etibarilə SEPAH bundan sonra da bənzər formada dezinformasiyalar yayacaq. Çünki hazırda İranla İsrail arasında həm də informasiya müharibəsi gedir. Ölkəmiz İran-İsrail gərginliyinin bir parçası deyil, olmayacaq da. Əksinə, Bakı hər iki tərəfin uzlaşması üçün görüş təklif edə bilər".