Əsas məsələ Ermənistanın kompromisə gedib-getməyəcəyi ilə bağlıdır
Bakı üçün hazırda vacib olan odur ki, Qarabağ məsələsi tamamilə bağlansın. Bu iddia ilə erməni konfliktoloq Artur Martirosyan çıxış edib. O bildirib ki, proses şəffaf olmadığına görə, ermənilər digər razılaşmalar barəsində heç nə bilmirlər: "Məsələn, Azərbaycan deyir ki, Zəngəzur dəhlizi məsələsinə sülh müqaviləsində baxılmayacaq və biz bilmirik ki, o, bunun qarşılığında nə alıb. Burada yalnız təxminlər irəli sürə bilərik. Azərbaycanın bu addıma nəsə almadan getməsi inandırıcı deyil. Zəngəzurun qarşılığında Bakı Qarabağ məsələsinin birdəfəlik bağlanması vədini ala bilər. Bu o deməkdir ki, ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılmayacaq”. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da deyib ki, İrəvan Azərbaycanın tələbi ilə Konstitusiyaya dəyişiklik etməyəcək: "Bu, ölkənin daxili işidir. Ermənistan Respublikası öz Konstitusiyasını vətəndaşların qərarı ilə dəyişə bilər. Bunu etmək, yaxud etməmək daxili məsələdir".
Siyasi şərhçilərə görə, kommunikasiyaların açılmasını sonrakı illərdə də müzakirə etmək olar, çünki vaxt aparan mövzudur. Əvvəlcədən də sülh sazişində Zəngəzur dəhlizi məsələsi yox idi. Zəngəzur dəhlizi regionun inkişafı ilə bağlı məsələdir və bu, Orta Dəhlizin tərkib hissəsi kimi Azərbaycanla yanaşı, Ermənistanın da xeyrinədir.
Politoloq Turab Rzayev deyib ki, sülh danışıqları gərgin irəliləyir, çünki hər iki tərəfin fərqli tələbləri var. Ekspertin sözlərinə görə, sülh prosesində irəliləyiş o halda mümkündür ki, tərəflər qarşılıqlı olaraq kompramisə getsinlər:
"Ortaq məxrəcə gəlmək lazımdır ki, sülh müzakirələrində nəticə əldə olunsun. Əks halda Azərbaycanın tələbləri ilə Ermənistanın istəkləri fərqlidir. Bəzi məqamlarda ziddiyyətlidir. Görünən odur ki, İrəvan hazırda Bakının tələblərini qəbul etmək istəmir. Ermənistanın arzuladığı formada sülh müqaviləsi isə Azərbaycanı qane etmir. Belə məqamda Zəngəzur dəhlizi, kommunikasiya və digər məsələlərin sonrakı mərhələlərə saxlanması barədə razılıq sülhün şərtlərinin yüngülləşməsinə xidmət edir. İndiki halda dəhliz və kommunikasiya məsələsinə bu qədər çox vaxt və enerji sərf etsək, sülh prosesi həddindən artıq yubana, ləngiyə bilər".
Analitikin fikrincə, Ermənistan konstitusiyasında dəyişikliklər məsələsini, o cümlədən Zəngəzur dəhlizini sonrakı dönəmə saxlamaq və daha ciddi önəm kəsb edən məsələlərə yönəlmək mümkündür: "Azərbaycan üçün də heç də az əhəmiyyət kəsb etməyən məsələlərdən biri - sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlanması, nəticə olması və erməni işğalında olan kəndlərimizin qaytarılması idi. Məncə, bu məsələlər üzərindən sülhə yönəlmək olar. Sülh üçün şanslar var və danışıqlar davam etdiriləcək. Azərbaycan sırf sülh naminə sülh istəmir. Bakı qalıcı və yekun sülhün imzalanmasında maraqlıdır. Təbii ki, həm də maraqlarımızı qoruyan sazişin əldə olunmasına çalışır. Əsas məsələ Ermənistanın kompromisə gedib-getməyəcəyi ilə bağlıdır. İstənilən halda tərəflər sülhə yaxındır. İrəvan yeni tələbləri gündəmə gətirməsə, başqa əngəllər çıxarmasa, prosesi irəliyə daşımaq ehtimalı var. Əks halda danışıqlar müddəti uzanacaq. Həmçinin gələcəkdə tərəflərin kommunikasiya ilə bağlı mövqeləri üst-üstə düşməzsə, sülhdən sonrakı normallaşma prosesinə zərər vura bilər. Bunları da nəzərə almaq lazımdır".