İranın Cənubi Qafqaz marağı: Tehran buna görə regionu strateji ərazi sayır -ŞƏRH

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə yeni təyin olunmuş Seyid Abbas Araqçı arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Telefon danışığı zamanı Azərbaycan və İran arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional məsələlər müzakirə olunub. Ceyhun Bayramov ilk növbədə həmkarını İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində müvəffəqiyyətlər arzu edib, həmçinin nazir Seyid Abbas Araqçını ölkəmizə səfərə dəvət edib. Tərəflər Azərbaycan və İran arasında bir sıra, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat və kommunikasiyalar sahələri üzrə birgə layihələrin icrası istiqamətində əməkdaşlığın daha da gücləndirilməsinə dair razılıq ifadə ediblər. Bu istiqamətdə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının işinin əhəmiyyəti diqqətə çatdırılıb.  Seyid Abbas Araqçı təyinatı münasibətilə təbrik və arzularına görə həmkarına öz minnətdarlığını bildirib. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin işinin bərpa olunmasından məmnun olduğunu qeyd edib. Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda Seyid Abbas Arakçı 
bildirib ki, Qafqaz bölgəsi İran üçün geosiyasi və strateji əhəmiyyətə malikdir.


Sözügedən telefon danışığını “Sherg.az”a dəyərləndirən Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, Cənubi Qafqazda Azərbaycan və Ermənistan İranla birbaşa quru sərhəddə yerləşdiyinə görə rəsmi Tehran regionu özü üçün geosiyasi, strateji əhəmiyyətə malik ərazi sayır:

“Bundan Bundan başqa İranda 30 milyondan çox azərbaycanlının yaşadığını nəzərə alsaq görərik ki, Azərbaycan İran üçün cənublu soydaşlarımızın milli-mədəni haqlarını tələb etdiyinə görə də maraqlı və əhəmiyyətli ölkədir. Tehran hakimiyyəti isə bu məsələlərə görə Azərbaycanı daim təzyiq və təhdid edir. Eyni zamanda Azərbaycana qarşı müxtəlif xoşagəlməz addımlar atır. Digər tərəfdən Ermənistan İran üçün regionda alət rolunu oynayır. Yəni Tehran hakimiyyəti rəsmi  Bakıya təzyiq göstərmək üçün Ermənistandan bir vasitə kimi istifadə edir. Bu baxımdan ermənilər regionda İranın maraqlarını müdafiə etdiklərinə və cavab verdiklərinə görə Tehran üçün Ermənistan önəmlidir. Ermənistan İran üçün həm də ona görə vacibdir ki, rəsmi Tehran Azərbaycan və Türkiyəni özünə düşmən bilir. Yəni bu yöndə də İran və Ermənistanın mövqeyləri üst-üstə düşür”.