Rusiya Prezidenti Vladimir Putin ötən gün Azərbaycanda səfərdə olarkən İlham Əliyevlə danışıqlardan sonra bildirmişdi ki, Cənubi Qafqazda davamlı sülh və sabitlik regionun bütün ölkələrinin və xalqlarının fundamental maraqlarına tam cavab verir. Eyni zamanda baş nazir Paşinyanla əlaqə saxlayacağınl və ona danışıqların nəticələrindən bəhs edəcəyini qeyd etmişdi.
Rusiya Prezidenti Vladimir
Putin səfərdən qatırdıqdan sonra Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Tərəflər tezliklə görüşmək və ikitərəfli gündəliyi müzakirə etmək barədə razılığa gəliblər.
Rusiya lideri Ermənistan hökumətinin rəhbərinə 18-19 avqust tarixlərində baş tutan Azərbaycana səfərinin yekunları barədə məlumat verib, Paşinyan Putinə təşəkkür edib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Asif Nərimanlı söyləyib ki, Putin Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını Moskva masasına daşımaq istəyir:
“Yəni yenidən məsələni Rusiyanın vasitəçiliyi ilə aktuallaşdırmağa çalışır. Bu axır vaxtlar Amerikanın aktivləşən addımlarına qarşı Rusiyanın adekvat gedişi hesab oluna bilər. Eyni zamanda Rusiya kommunikasiyanın açıqlamasının da onların əliylə həll edilməsini istəyir. Şimal qonşumuz geosiyasi mübarizənin əsas komponentlərindən olan kommunikasiyanın açıqlamasında ön plana çıxacaq. Rusiya bilir ki, Ukrayna ilə savaş getdiyi bir vaxtda nəqliyyat dəhlizləri rəsmi Moskva üçün həyati əhəmiyyət kəsb edir. Yəni Putin Paşinyana bunu çatdırmağa çalışdı”.
Ekspert qeyd edib ki, sözügedən məsələyə isə Ermənistan tərəfinin müsbət yanaşmadığını deyə bilərik:
“Çünki Kremlin telefon danışığı ilə bağlı rəsmi açıqlamasında Putinin sülh danışıqları və kommunikasiya məsələsində Rusiyanın dəstəyinin ifadə edildiyi qeyd olunsa da, Ermənistan tərəfinin rəsmi açıqlamasında bu yer almayıb. Fikrimcə, indiki halda Rusiyanın təşəbbüsü ələ alması və sülhə töhfə verməsi sual altındadır. Çünki Rusiya kommunikasiyanın açılmasını 10 noyabr bəyannaməsinə uyğun şəkildə həyata keçirilməsini arzulayır. Ermənistan tərəfi isə heç bir şəkildə qəbul etmir. Qərb də məhz sözügedən məsələ üzərindən Ermənistana dəstək verir”.
Analitik vurğulayıb ki, ümumiyyətlə, hansısa üçüncü tərəfin Bakı ilə İrəvan arasındakı danışıqlara qoşulması problemli məsələdir:
“Təcrübə göstərir ki, üçüncü tərəflər məsələyə qatılanda heç bir irəliləyiş əldə etmək olmur. Çünki üçüncü tərəflər sülhdən daha çox öz maraqlarını güdürlər. Danışıqlarda üçüncü tərəflərin iştirakı regionda qarşıdurmaya səbəb ola bilər. Azərbaycan və Ermənistan arasında sülh danışıqları birbaşa şəkildə daha effektiv nəticələr verir. Amma kommunikasiya məsələsində Rusiyanın iştirakı üçün Moskvanın İrəvana təzyiq etməsi də gözləniləndir".