Ortaq qərarlara hazırlıq görülür
Yücel Karaüz: “Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədi, əzəli və sarsılmazdır. Heç bir kənar güc və qüvvə bu qardaşlığı test etməyə cəhd göstərməsin"
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfər edib. Ceyhun Bayramov Türkiyəyə birgünlük səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Tərəflər Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə ediblər. Nazirlərin söhbətində ikitərəfli münasibətlər, regional məsələlər, Ankara-İrəvan arasında münasibətlərin normallaşdırılması və İsrail-Fələstin məsələsi də müzakirə predmeti olub. XİN başçıları yaxın bölgələrdə cərəyan edən hadisələrdən danışıblar.
Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karaüz "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyə ilə Azərbaycan arasında hər məsələdə olduğu kimi, Cənubi Qafqaza sülh və sabitliyin, əmin-amanlığın gəlməsi, türk dünyası ailəsində həyata keçirilən siyasətin kordinasiyalı olması üçün davamlı əlaqələr mövcuddur. Generalın sözlərinə görə, iki qardaş ölkə arasında hər mövzuda ortaq müzakirələrin aparılması artıq ənənə halını alıb:
"Ötən müddət ərzində ya Azərbaycanın xarici işlər naziri, yaxud Türkiyənin XİN rəhbəri qarşılıqlı ziyarətlər ediblər. Həmçinin həftədə ən azı bir dəfə əlaqə saxlayır, görüşür və atılacaq birgə addımları kordinasiya edirlər. Rusiya dövlət başçısı V.Putinin Bakıya gəlişi, o cümlədən Prezident İlham Əliyevin Özbəkistana səfəri, Azərbaycanın BRİKS-ə üzv olma məsələsi, Qərbdən Bakıya təzyiqlərin artması və s. prosesləri nəzərə alsaq, müzakirə predmeti olacaq və ortaq qərarlar alınacaq mühüm məsələlərin olduğunu görərik. Belə məqamlarda ortaq siyasətin həyata keçirilməsi istiqamətində məsləhətləşmələr çox önəmlidir. Dolayısı ilə Bakı və Ankaranın Şuşa Bəyannaməsi çərçivəsində atdığı addımlar dosta güvən, düşmənə qorxu verməkdədir. Aramıza nifaq salmağa çalışanlara da çox gözəl bir dərsdir. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədi, əzəli və sarsılmazdır. Heç bir kənar güc və qüvvə bu qardaşlığı test etməyə cəhd göstərməsin".