Bu təşkilatın parlament seçkisi ilə bağlı verəcəyi rəy çoxdan yazılıb
"Seçkidən dərhal sonra elan edəcəklər ki, Azərbaycanda seçkilər qeyri-demokratik keçilib, namizədlərin iştirakına imkan verilməyib, siyasi partiyalar kənarda saxlanılıb”
"Seçkidən dərhal sonra elan edəcəklər ki, Azərbaycanda seçkilər qeyri-demokratik keçilib, namizədlərin iştirakına imkan verilməyib, siyasi partiyalar kənarda saxlanılıb”
Almaniya Parlamentinin üzvü Frank Şvabe Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək, Azərbaycanı Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib. Həmçinin Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına irad bildirib, ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirib. Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano da bənzər ittihamları gündəmə gətirib. Azərbaycan Xarici İşlər Nazirliyi sözügedən iddiaları cavabsız qoymayıb. XİN sözçüsü Ayxan Hacızadə bildirib ki, bir sıra korrupsiya hallarında, qaranlıq biznes əlaqələrində adı hallanan Frank Şvabenin Azərbaycan və ölkə rəhbərliyi barədə səsləndirdiyi fikirlər bu insanın nə dərəcədə qərəzli, saxta və ikiüzlü siyasətçi olduğunu nümayiş etdirir. Onun sözlərinə görə, siyasi sabitlik, iqtisadi inkişaf və tərəqqi göstəricilərinə görə lider ölkələrdən olan Azərbaycanın siyasi rəhbərliyinə qarşı səslənən fikirlər ilk növbədə ölkənin uğurlarına qarşı qərəz kimi dəyərləndirilir: "30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarının azad olunması istiqamətində atılan addımlar və aparılan müstəqil siyasət Şvabe kimi şəxslərin məkrli niyyətləri ilə üst-üstə düşmür, onları narahat edir. Frank Şvabeyə yaxşı məlumdur ki, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməməyə dəvət olunmamasının yeganə səbəbi Almaniya rəsmiləri tərəfindən daxil olmaqla ölkəmizə verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir. Azərbaycan-Rusiya münasibətlərdən narahatlıq ifadə edən Şvabenin Almaniyada və AŞPA-da Rusiya ilə əməkdaşlıqda olan, hətta bu gün Rusiyanın “Qazprom” şirkəti ilə yaxından əməkdaşlıq edən şəxslərdən danışması yerinə düşərdi. Bununla yanaşı, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizənin mahiyyətinə zidd fikirlər səsləndirilməsi Şvabenin Azərbaycana qarşı qərəzini növbəti dəfə nümayiş etdirir". A.Hacızadə əlavə edib ki, AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər “arzuolunmaz şəxslər” siyahısına salınıb: "AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanədək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək. Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə sadiqdir, bu öhdəlikləri yaxşı anlayır. Bununla yanaşı, bu öhdəliklərin yalnız birtərəfli və ikili standartlar əsasında tətbiq edilməsinə, onlardan sui-istifadə edilərək ölkəmizə qarşı qərəzli yanaşmaların tətbiq edilməsinə yol verilməyəcəyini bir daha diqqətə çatdırırıq".
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın Qərbin təzyiqlərinə məruz qalmasının bir səbəbi var. Ekspertin sözlərinə görə, bu səbəb Azərbaycan hakimiyyətinin yürütdüyü müstəqil siyasətdir:
"Çox təəssüf ki, müstəqil siyasət Qərbdəki müəyyən dairələrin xoşuna gəlmir. Onlar istəyirlər ki, tutduqları ədalətsiz mövqeyə, qərəzli yanaşmalarına Azərbaycan tərəfindən heç bir cavab verilməsin. Yəni sakitcə boyun əyməyimizi gözləyirlər. Məlumdur ki, Azərbaycan Avropa ölkələri, strukturları ilə normal əlaqələr qurmaq üçün əlindən gələni edib. Avropa Şurasına qəbul olunmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Eyni zamanda Avropa Birliyinin Ermənistanla sülh danışıqlarında vasitəçilik təşəbbüslərini həvəslə qəbul edib, görüşlərə qatılıb. Əfsuslar olsun ki, bəzi hadisələrdən sonra Qərb açıq-aşkar ədalətsiz mövqe sərgiləməyə başlayıb. Qranadada, Avropa Birliyinin tədbirində Ermənistanın mövqeyinin birmənalı dəstəklənməsi və bəyanat imzalanması buna əyani sübutdur. Qranada bəyanatı sülh danışıqlarına ciddi şəkildə mane oldu və bu gün də olmaqdadır. Azərbaycana münasibətdə eyni ədalətsiz mövqeyi Avropa Şurası da tutur. Əslində, bu, yeni deyil. Azərbaycan Avropa Şurasına daxil olan gündən Bakının əleyhinə davranışların, ədalətsiz münasibətin şahidi olmaqdayıq. Bu da təbii olaraq, hakimiyyəti, xalqı hiddətləndirir. Məqsəd aydındır. Sentyabrın 1-də keçiriləcək parlament seçkisini qeyri-demokratik seçki kimi qələmə vermək niyyəti güdürlər. COP29 tədbirinin mümkün qədər mötəbərliyini azaltmağa, Azərbaycana səfər edəcək dövlət başçılarının, yüksəkranqlı rəsmilərin sayını azaltmağa çalışırlar".
A.Səmədov vurğulayıb ki, AŞPA-nın parlament seçkisi ilə bağlı verəcəyi rəy indidən bizə məlumdur: "Rəy çoxdan yazılıb. Seçkidən dərhal sonra elan edəcəklər ki, Azərbaycanda seçkilər qeyri-demokratik keçilib, namizədlərin iştirakına imkan verilməyib, siyasi partiyalar kənarda saxlanılıb. Baxmayaraq ki, 26 siyasi partiyadan 25-i parlament seçkisinə qatılıb. Bununla yanaşı, Azərbaycan nümayandə heyətinin AŞPA-dakı səlahiyyətləri də təsdiqlənməyəcək. Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq cəhdi göstəriləcək. Yenə qeyd edirəm ki, üzləşdiyimiz hadisə ilk deyil və böyük ehtimal son da olmayacaq. Qərbin mahiyyəti budur. Nəzərə alaq ki, Avropa Birliyi üzvlüyünə namizəd olmasına baxmayaraq, qonşu Gürcüstan da Qərbdən uzaqlaşmaq xəttinə üstünlük verməkdədir".