Kiyev fərqindədir ki, ABŞ-də Tramp prezident seçilərsə, torpaq mübadiləsi ilə masada sülh əldə olunacaq
“Sentyabrda qələbə planını həm ABŞ Prezidentinə, həm də Kamala Harris və Donald Trampa təqdim edəcəyəm”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib. O, təfərrüatları açıqlamasa da, bildirib ki, sözügedən planın istiqamətlərindən biri Rusiyanın Kursk vilayəti ilə bağlıdır: “İkinci istiqamət Ukraynanın qlobal təhlükəsizlik infrastrukturundakı strateji yeri, üçüncüsü, Rusiyanın müharibənin diplomatik yolla başa çatmasına məcbur edilməsi, dördüncü elementi isə sırf iqtisadiyyatla əlaqədardır. Bütün bunlarla bağlı təfərrüatları açıqlamayacağam, lakin plan artıq hazırdır. Mənim onu ilk növbədə ABŞ Prezidentinə təqdim etməyim ədalətli addım olacaq. Çünki bu planın uğurlu olması məhz ondan, daha doğrusu, onların bizə plan üzrə tələb olunan vasitələri verib-verməyəcəyindən asılıdır. Sözügedən plan Kamala Harris və Donald Trampa da göndəriləcək. Çünki biz onlardan hansının ABŞ prezidenti seçiləcəyini bilməsək də, həmin planın icra olunmasını çox istəyirik”.
Rusiya Ukraynaya yenidən kütləvi hücuma keçib
Ukrayna səmasında Rusiya hücum pilotsuz təyyarələri yenidən aşkarlanıb. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb ki, Vinnitsa, Kiyev, Çerniqov, Sum, Poltava, Çerkassı, Kirovoqrad, Xarkov, Dnepropetrovsk, Donetsk, Zaporojye vilayətlərində, həmçinin Nikolayev, Xerson və Odessa vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib. Ötən gün isə Rusiya 127 raket və 109 PUA ilə hücum etmişdi.
Otuz minlik qoşun Kurska yeridilib
Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı, general Aleksandr Sırski deyib ki, Rusiya 30 minə yaxın hərbçisini Kursk vilayətində yerləşdirib, rəqəm artır: “Kurskda hücum əməliyyatının aparılmasının məqsədlərindən biri də düşmənin önəmli qüvvələrini digər istiqamətlərdən yayındırmaq idi. Bu, ilk növbədə, Pokrovsk və Kuraxiv (Donetsk) istiqamətlərinə aiddir”. Sırski əlavə edib ki, Rusiya bunu başa düşür, ona görə də əsas səyləri və ən döyüşkən bölmələrini Pokrovska göndərməkdə davam edir: “Əlbəttə, Kursk əməliyyatı Rusiya qüvvələrinin xeyli hissəsini yayındırdı. Hazırda qeyd edə bilərik ki, 30 minə yaxın hərbçi artıq Kurska köçürülüb və bu rəqəm getdikcə artır. Bununla yanaşı, düşmən digər istiqamətlərdən də hissələri çıxarmamağa çalışır. Pokrovsk istiqamətində isə əksinə, səylərini artırır”.
"Ukraynaya ikinci hücum dalğası olacaq"
Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksey Getman deyib ki, Ukraynaya hücum zamanı rus qoşunları hazırladıqları raketlərin yalnız üçdə birini istifadə edib. Ola bilsin ki, düşmən növbəti hücuma hazırlaşır: "Bu atışma gözlənilən qədər güclü olmadı. Ay yarımdan artıq müddət ərzində raket hücumu olmayıb. Ona görə də zərbənin güclü olacağı gözlənilirdi. Nəyə görə belə oldu? Ona görə yox ki, onlar güclü hücum etməmək qərarına gəliblər. Ukraynaya ikinci hücum dalğası olacaq. Niyə raketləri atmadıqları böyük sualdır. Belə bir hücumun yaxın günlərdə baş verə biləcəyinə gəlincə, düşünürəm ki, bu gün də ola bilər. Məncə, onlar bizim hava hücumundan müdafiəmizi sınaqdan keçirirdilər. Bu, səhv bir fərziyyə ola bilər, amma məntiq çox sadədir: onlar ayda istehsal edə bildikləri qədər raket buraxırlar".
Tramp ABŞ-nin Ukraynaya görə sursatsız qaldığını deyib
Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp deyib ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası bütün sursatı Ukraynaya göndərdiyi üçün ABŞ ordusunu sursatsız qoyub: "Bizim sursatımız yoxdur, çünki bu uşaqlar onu Ukraynaya veriblər. Onlara çoxlu miqdarda raket, mərmi və hər şey göndəriblər". Tramp həmçinin əlavə edib ki, Qərbin köməyi olmasaydı, Ukrayna ilk həftədə məğlub olardı. Tramp daha əvvəl seçkidə qalib gələcəyi təqdirdə dərhal Rusiya və Ukrayna liderləri ilə əlaqə saxlayacağını və onları danışıqlara başlamağa çağıracağını demişdi.
Borrelldən Rusiyaya qarşı çağırış
AB diplomatiyasının rəhbəri Jozep Borrell Rusiya silahlı qüvvələrinə qarşı Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb. O, bu barədə X sosial şəbəkə səhifəsində yazıb: "Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemi lazımdır. Beynəlxalq hüquq normalarına uyğun olaraq, Ukraynaya qarşı təcavüzdə iştirak edən Rusiya hərbçilərinə qarşı silah tətbiqinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması Kiyevin özünümüdafiəsini gücləndirəcək, insanların həyatını xilas edəcək və Ukraynada dağıntıları azaldacaq".
"Hər iki tərəfin qarşılıqlı hücumları gözləniləndir"
Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay "Sherg.az"a deyib ki, Rusiya Prezidenti V.Putin Ukrayna ilə savaşın böhran kimi yadda qalmasını istəsə də, savaş çoxdan genişmiqyaslı müharibəyə çevrilib. Ekspertin sözlərinə görə, Kursk vilayətinə hücumdan sonra Putinin gərginlik olmamış kimi Bakıya səfər etməsi də siyasi gediş idi:
"Donald Trampın ABŞ prezidenti seçilmə ehtimalına qarşı Bayden Administrasiyası NATO-nun son 2 toplantısında Ukraynaya dəstək verməklə bağlı çox ciddi qərarlar qəbul edib. Putin Qərbi cəzalandırmaq məqsədilə İranla birlikdə oktyabrın 7-də HƏMAS vasitəsilə İsrailə hücum etdi. Lakin İran Prezidenti İbrahim Rəisinin qəfil ölümü İranı blokladı. Rusiya meydanda tək qaldı. Ukrayna isə Kursk bölgəsinə gözlənilməz hücum etməklə ABŞ-də keçiriləcək seçkilərədək bacardığı qədər irəliləmək istəyir. Çünki Kiyev fərqindədir ki, D.Tramp seçilərsə, torpaq mübadiləsi ilə masada sülh əldə olunacaq. Amma Kamala Harris qalib gələrsə, bu, Putin üçün müharibəni uduzması deməkdir. O baxımdan ABŞ-dəki seçkilərə kimi Rusiya-Ukrayna cəbhəsində gərginlik artaraq davam edəcək. Hər iki tərəfin qarşılıqlı hücumları gözləniləndir".