Deputatlığa namizədlər yalan vədlər verir -RƏY

Axı siz parlamentə yol çəkməyə getmirsiniz!
 
 Azər Həsrət deyir ki, Mirşahin Ağayevin çağırışı yerindədir və lazımlıdır
 
 
REAL TV-nin rəhbəri, tanınmış jurnalist Mirşahin Ağayev parlament seçkiləri öncəsi təbliğat-təşviqat kampaniyası aparan deputatlığa nəmizədlərə çağırış ünvanlayıb. M.Ağayev əksər namizədlərin Milli Məclis təmsilçisinin vəzifə və səlahiyyətlərinə aid olmayan vədlər verməsini tənqid edib. Namizədləri insanlara yalan vədlər verməməyə və qanunlarla bağlı danışmağa səsləyib: "Millət vəkilliyinə namizədlərin kifayət qədər geniş bir kütləsi, deyəsən, hansı post üçün mübarizə apardığını başa düşmür. Onların seçicilərə verdiyi vədlər, üzərlərinə götürdüyü öhdəliklər deputatın səlahiyyətinə qətiyyən aid deyil. Qarşıda bir neçə gün var. Ona görə də daha vaxt itirmək olmaz. Mövzunu dəyişmək, deputatın funksiyalarına uyğun çıxış etmək lazımdır. İpucu təklif edirəm: məsələn, seçicilərinizə bunları çatdıra bilərsiniz: - Milli Məclis üzvü seçiləcəyiniz halda hansı qanunların qəbul edilməsinə nail olacaqsınız? Hansı köhnəlmiş qanunları dəyişəcəksiniz? Dövlətin güclənməsinə parlament fəaliyyətinizlə necə töhfə verəcəksiniz?". TV rəhbəri qarşıdan gələn seçkinin nə prezident, nə də bələdiyyə seçkiləri olduğunu deyib: "Axı siz parlamentə yol çəkməyə getmirsiniz, kitabxana açmağa getmirsiniz, qiymətləri aşağı salmağa getmirsiniz. Siz qanun qəbul etməlisiniz. Seçici ilə görüşlər də elə sizin ictimai rəyi öyrənməyiniz üçündür ki, bir növ diaqnostika aparasınız, cəmiyyətə hansı qanunların lazım olduğunu onların özündən öyrənəsiniz. Sonra Milli Məclisdə məhz o qanunların qəbul edilməsinə çalışasınız. Bağışlayın məni, amma axı yalan danışırsız.. Olmaz axı belə. Vəzifənizi, səlahiyyətinizi başa düşüb söz verin".


Mirşahin Ağayevin toxunduğu məsələni "Sherg.az”a şərh edən siyasi şərhçi Azər Həsrət də deyib ki, deputatlığa namizədlər real olmayan vədlərdən uzaq durmalıdır. Ekspert dəfələrlə parlament seçkisində iştirak etmiş biri kimi bildirib ki, özü də hər zaman real vədlərlə seçici qarşısına çıxıb: 

"Üstəlik, deputatın səlahiyyət çərçivəsi ilə bağlı maarifləndirmə işi aparmışam. Seçicilərlə görüş zamanı deyirdim ki, sizin üçün gəlib burada asfalt salacağımı, yol, su, qaz çəkəcəyimi gözləməyin. Əlbəttə ki, dövlət qarşısında bu məsələləri qaldıracam. İstər parlament tribunasından, istər deputat soruğusu ilə vəzifəmi icra edəcəm. Amma öz puluma yol çəkməyim qeyri-mümkündür. İndi təbliğat-təşviqat kampaniyası zamanı bəzi namizədlər real olmayan, hətta özlərinin belə tam anlamadığı vədlər verirlər. Mirşahin Ağayev yetərincə təcrübəli jurnalistdir, siyasəti yaxşı bilir. Azərbaycanın müstəqilliyindən daha çoxillik təcrübəyə malikdir. O baxımdan çağırış edir və haqlı olaraq düşünür ki, reallıqları dilə gətirmək vacibdir".

A.Həsrətin qənaətincə, təcrübəsiz olanlar Mirşahin Ağayevin çağırışına əməl etsələr, faydalanarlar: 
"İstər-istəməz seçki kampaniyasında daha irəli gedənlər, həvəslənərək boş vədlər verənlər olur. "Seçilsəm etmərəm, altından çıxaram" düşüncəsi ilə də bunu edə bilərlər. Amma belə hərəkətlər heç bir siyasətçiyə şərəf gətirmir. Bu çağırış yerindədir və lazımlıdır. Yaxşı olar ki, namizədlər diqqətlə yanaşsınlar. Onu da nəzərə alsınlar ki, hər dairədən bir nəfər seçiləcək və yerdə qalanlar təbii olaraq uduzacaqlar. Namizədlər yalan vədlər verməməlidirlər. Əgər həqiqətən siyasətə başlamaq istəyirlərsə, bu yolun sonrasını da düşünməlidirlər".