Paşinyan ən azı deklorativ olaraq sülh gündəliyinə sadiqdir 

Bu mövqeyə görə bir müddət əvvəl Fransa mediasında, həm də Yelisey sarayına yaxın mediada onun ünvanına ciddi tənqidlər səsləndi

Yaxın günlərdə Sünik bölgəsində (Zəngəzur) gərgin siyasi proseslərin baş verəcəyi gözlənilir. Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Nəşr bildirib ki, Baş nazir Nikol Paşinyan etirazçı regional rəhbərləri vəzifələrindən azad etməkdə qərarlıdır: “Təkcə Gorusun meri Aruş Aruşanyanı yox, Kacaran meri Manvel Paramazyan və Qafan rəhbəri Gevorq Parsyanın da vəzifələrindən azad edilməsi üçün müxtəlif tədbirlər görülür. Razılaşma əldə olunmasa, onların bəzilərini həbs gözləyir”. Həmçinin nəşr əlavə edib ki, Paşinyan Dilicanda xarici ölkələrdəki səfirlərin seminarında çıxış edib və onlara təlimatlar verib. Baş nazir üzləşdiyi geosiyasi hadisələr və çağırışlarla bağlı fikirlərini açıqlayıb. O, açıq mətnlə Ermənistanın çətin dövrə qədəm qoyduğunu, ona görə də qeyri-standart həll yollarına gəlməli olduqlarını bildirib. Hakimiyyətin yolunu tutmayanları vəzifədən uzaqlaşdırmaqla hədələyib. Paşinyan xəbərdarlıq edib ki, əgər kimsə sadiq əsgər kimi hakimiyyətin göstərişlərinə əməl etmirsə, onun siyasətini rəhbər tutmursa, heç olmasa, indi getmək üçün ərizə yaza bilər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da xarici ölkələrdə akkreditə olunmuş səfirlərlə birlikdə Tavuş rayonunun Kirants kəndinə gəlib. Xarici işlər naziri Azərbaycan və Ermənistanın yeni sərhədini onlara göstərib və delimitasiyanın nəticələri ilə tanış edib.
Politoloq Cəmaləddin Quliyev "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistanın sülh danışıqlarına xələl gətirə və yeni münaqişəyə başlaya biləcək silahlanma yarışına girməsi ilə bağlı narahatlıqlar var. Ekspertin sözlərinə görə, narahatlıq xüsusən ona görədir ki, eskalasiyanın artmasında maraqlı tərəflər, ilk növbədə Fransa, müəyyən qədər İran bu məsələni daha çox gündəmə gətirir:

"Fransa mediasında Ermənistanın Azərbaycandan hərbi geriliyini aradan qaldırması, balans yaratması, hətta gələcəkdə hərbi üstünlüyə nail olması haqda müzakirələr gedir. Bənzər təhlil və müzakirələrə İranın "Məşreğ", "Tasnim" kimi aparıcı nəşrlərində rast gəlirik. 2020-ci ildən Ermənistan hərbi büdcəsini tədricən iki dəfə artırıb. Bu ölkənin 4 il öncəki hərbi büdcəsi təxminən 785 milyon dollar olub. Büdcə 2023-cü ildə 1,3 milyard dollara, 2024-cü ildə isə 1,4 milyard dollara çatıb. Silahlanma yarışı regionu potensial qaynar nöqtəyə çevirir. Amma Ermənistan Baş naziri Nikol Paşinyan ən azı deklorativ olaraq sülh gündəliyinə sadiqdir. Bu mövqeyə görə bir müddət əvvəl Fransa mediasında, həm də Yelisey sarayına yaxın mediada onun ünvanına ciddi tənqidləri də izlədik. Bir ara sülh danışıqlarına ara verilməsi, fasilə yaranması görüntüsü yaransa da, sonradan məlum oldu ki, sülh danışıqları yolunda mühüm əngəl olan Zəngəzur dəhlizi ilə bağlı tələblər təxirə salınıb. İstər Qərbdə, istərsə Cənubda olan bəzi dairələrin iddialarının əksinə olaraq, Azərbaycan sülh gündəliyinə daha çox sadiqdir. Bakı sülhün əldə edilməsinə maneə olacaq, gərginliyə səbəb ola biləcək məqamlarda da uzlaşmaya daha çox meyillidir. Lakin biz sadəcə sülh naminə sülh istəmirik, təminatlı sülh istəyirik". 
C.Quliyev vurğulayıb ki, rəsmi Bakı Ermənistanda güc balansı yaratmaq haqda illüziyalara qapılan mövcud hakimiyyətin saziş mətninin indiki Konstitusiyaya zidd olmasını əsas gətirib revanş həvəsinə düşməyəcəyinə zəmanət istəyir: "Bunun yolu revanş ovqatını körükləyən mühitin, revanş təbliğatçıların zərərsizləşdirilməsi, onların əsas istinad mənbəyi olan Kontitusiyanın dəyişdirilməsidir. Paşinyan buna nail ola biləcəkmi? İndiyə qədərki davranışlarına əsasən deyə bilərik ki, bəli, aşılması mümkün görünməyən bir çox maneələri aradan qaldıra bilib. Amma indi 2020-ci ilin sonlarındakı, hətta 2021-ci  və 2022-ci illərdəki, məğlubiyyətlə tam barışmış erməni cəmiyyəti yoxdur. Biz bu cəmiyyətin tədricən dəyişdiyininin, daha çox revanşa kökləndiyinin şahidiyik. Buna bir səbəb bayaq dediyimiz xarici hərbi dəstəkdirsə, ikinci səbəb Paşinyan hökumətinin mümkün qədər az itkiyə getmək üçün sülh danışıqlarını yersiz uzatması, nəhayət, erməni cəmiyyətinin tədricən məğlubiyyət şokundan çıxmasıdır. Görünən budur ki, Paşinyan üçün prioritet məsələ hakimiyyətini qorumaq, eyni zamanda "Azərbaycan təhlükəsi" haqda manipulyasiya edərək Qərb vasitəsilə daha çox silahlanmaqdır. Həmçinin Moskvadan daha çox uzaqlaşmaq, paralel olaraq ölkədaxili müxalifəti zərərsizləşdirməkdir. Özlüyündə mürəkkəb, ağrılı və çətin prosesdir. Amma mümkünsüz deyil. Yalnız bundan sonra sülh sazişi haqda danışmaq mümkün olacaq".