Seçkilər öncəsi yaşananlar və təbliğat prosesi xaricdə yaşayan azərbaycanlılar tərəfindən diqqət və maraqla izlənilir
Parlament seçkilərinin mühüm mərhələsi sayılan təbliğat-təşviqat dönəmi yekunlaşmaq üzrədir. Bu müddət ərzində namizədlər seçicilərin etimadını və səsini qazanmaq uğrunda mübarizə apardılar. Əksər namizədlər son günədək seçicilərlə görüşlərini davam etdirirlər. Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlamasından məlum olur ki, 991 namizədin hər biri üçün bərabər imkanlar yaradılıb. Ümumən, namizədlərin təşviqat kampaniyaları zamanı ciddi qanun pozuntuları müşahidə olunmur. Rəqib namizədlərin bir-birinə qarşı aqressiv, qanunazidd davranışları barədə də məlumatlara rast gəlmirik. Müxtəlif partiyaların təmsilçiləri və müstəqil namizədlər sosial şəbəkə üzərindən paylaşımlarını davam etdirirlər. Namizədlərin təbliğat-təşviqat mərhələsi ölkə ictimaiyyəti ilə yanaşı, xarici ölkələrdəki soydaşlarımız tərəfindən də diqqətlə izlənilir.
Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı sədrinin müavini Orxan Əliyev "Sherg.az"a bildirib ki, parlament seçkiləri öncəsi yaşananlar və təbliğat prosesi xaricdə yaşayan azərbaycanlılar tərəfindən diqqət və maraqla izlənilir. Diaspor nümayəndəsi vurğulayıb ki, budəfəki parlament seçkisinin işğaldan azad edilmiş suveren ərazilərimizdə bütün ölkə boyu keçirilməsi olduqca mühüm və önəmli hadisədir:
"Budəfəki parlament seçkisində yeni namizədlər də var və onlar öz platformalarını elan ediblər. Seçkilərdə iştirak edən, deputat mandatı uğrunda mübarizə aparan namizədlərin sayı kifayət qədər çoxdur. Bu məqamın özü vətəndaşların seçki prosesinə baxışını, demokratik seçkilərə inamını göstərir. Rəqib namizədlər sərbəst və təhlükəsiz şəkildə öz təbliğatını qurur, heç kimə problem, əngəl yaradılmır. Seçkilərə Qeyri Hökumət Təşkilatları sektorundan, müxtəlif partiyalardan çoxlu namizədlər qatılıb. Müxtəlif sosial kateqoriyadan və sahələrdən olan insanlarımızın deputat kimi gələcək parlamentdə təmsil olunması dövlətimizin inkişafı üçün mühüm meyar sayılır. Azad rəqabət və şəffaf seçkinin keçirilməsi üçün mükəmməl imkanlar yaradılıb. Seçicilərin aktivliyi də burada önəmli faktordur. Şübhə yox ki, seçki günü də seçicilər kifayət qədər aktivlik nümayiş etdirəcək və layiqli təmsilçilərini seçəcəklər".