"Atabəylər" bir başlanğıcdır

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: 

Azərbaycanda çoxseriyalı tarixi bədii filmlərin çəkilməsi çoxdan baş verməliydi

Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq, ilk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır. Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək serialın ilk mövsümünün 24 bölümdən ibarət olması nəzərdə tutulub. Film-layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə Xatun, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmaülmülk və başqa şəxsiyyətlərin obrazları təqdim olunacaq. Serialda tariximizin ən şərəfli dövrlərindən biri olan 12-13-cü əsrlərə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək, həmin dövrün hərbi-siyasi müstəvisindən başqa, həm də elmi və mədəni sahələrini təmsil edən dühalarının obrazı yaradılacaq. Qonşu dövlətlərlə münasibət faktoru, tarixi faktların dəqiqliyi və etibarlı mənbələrin üzə çıxarılması üçün AMEA-nın Tarix İnstitutunda mütəxəssislərdən ibarət işçi qrup yaradılıb. Çoxseriyalı televiziya filminin çəkilişi Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən peşəkar kino işçilərindən formalaşdırılan yeni prodakşn “Şahdağfilm”ə həvalə olunub. “Şahdağfilm”in yaradıcı heyəti treninqlər üçün bir neçə dəfə qardaş ölkədə olub, “Bozdağ Film” və “Akli Film” kimi tarixi filmlər istehsal edən məşhur prodakşnlarda təcrübə mübadiləsi aparıblar. Türkiyədən olan mütəxəssislərin bu istiqamətdə geniş təcrübəsi nəzərə alınaraq çoxseriyalı filmin çəkilişlərində onlarla müştərək çalışmaq üçün ilkin razılığa gəlinib. Bundan başqa, orta əsrlərin dil üslubu, ədəbi mühiti, sosial-mədəni həyatı barədə ciddi araşdırmalar aparılır. Ssenari qrupu 600 min sözlük tarixi mənbələrə müraciət edib, mövcud olmuş ozanlar, ədəbi məclislər, divanlar barədə materiallar və müdrik kəlamlar toplanılıb. Nizami Gəncəvinin “Xəmsə”si məhz həmin dövrlə bağlı olduğundan ssenarinin əsas mənbələrindəndir. Eyni zamanda Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı, İsa Muğannanın "Gurün" romanı, Nəriman Həsənzadənin “Atabəylər” poeması, Yunus Oğuzun “Şəmsəddin Eldəniz” romanı həmin dövrü əhatə edir. Ssenaridə Haşhaşilər və onların sui-qəsdləri, xristian missionerlərin fitnələri, döyüş səhnələri, saray intriqaları, müdhiş sevgi hekayələri, dini-siyasi ziddiyətlər və digər məqamlar yer alıb. 
Serialla bağlı ötən gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də görüş keçirilib. Görüşdə QSC-nin sədri Rövşən Məmmədov, serialın layihə rəhbəri Sərvər Bayramov, AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürov, “Şahdağfilm”in həmtəsisçiləri iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə, ssenari qrupunun üzvləri Tufan Bora, millət vəkili Hikmət Babaoğlu, tanınmış yazıçı Varis Yolçuyev və digərləri iştirak ediblər. Ekran əsərinin çəkilişlərinə hazırlıq çərçivəsində keçirilən görüşdə QSC-nin sədri Rövşən Məmmədov bildirib ki, layihə Azərbaycanın ilk tarixi çoxseriyalı bədii televiziya filmi kimi tarixə düşəcək. O, məhz Atabəylər dövrünə müraciət edilməsinin təsadüfi olmadığını vurğulayıb: “12-ci əsrdə Şəmsəddin Eldənizin başçılığı altında Azərbaycan coğrafiyasında əldə edilən hərbi-siyasi uğurların ekrana daşınması, regional kontekstdə geniş tamaşaçı auditoriyasına çatdırılması müasir Azərbaycan dövlətinin müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazandığı qalibiyyət fonunda daha aktualdır”. 
Film-layihənin ssenari qrupunda yer alan millət vəkili Hikmət Babaoğlu da mövzunun aktuallığına diqqət çəkib: “Azərbaycan tarixini kino estetikası və ekran dramaturgiyası ilə ortaq türk tamaşaçısına təqdim etmək zəruridir. Bu baxımdan XII-XIII əsrlərdə Azərbaycan coğrafiyasında öz tarixi ənənəsi ilə seçilən Azərbaycan Atabəylər dövlətinin tarixi bu sahədə başlanğıc üçün uğurlu hesab oluna bilər”. 
Bədii televizya filminin layihə rəhbəri Sərvər Bayramov bildirib ki, növbəti mövsümdə daha 24 bölüm “Turan yoluna doğan günəş” adı altında təqdim olunacaq: "Azərbaycançılıq ideologiyası, dövlətçilik anlayışının daha da gücləndirilməsi üçün müasir çağırışların film-layihədə yer alması, müxtəlif sloqanlar və həştəqlər vasitəsilə şüuraltı mesajların ötürülməsi əsas hədəflərdəndir”. 
“Şahdağfilm”in həmtəsisçiləri isə hazırlıq prosesi haqqında məlumat verib, bu sahədə mövcud təcrübəyə diqqət çəkiblər. O da qeyd olunub ki, həmin dövrdə İslam dininin dominantlığı və müasir Azərbaycan dövlətinin dünyəvi modeli, multikultural, tolerant mahiyyəti, ideoloji siyasəti nəzərə alınaraq uzlaşdırılması üçün Azərbaycan İlahiyyat İnstitutu ilə tərəfdaşlıq qismində yaxından əməkdaşlıq edilir. Daha sonra ssenari qrupunun üzvləri Tufan Bora və tanınmış yazıçı Varis Yolçuyev çıxış edib, görülən işlər barədə detallı məlumat veriblər.
AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a deyib ki, Azərbaycanda çoxseriyalı tarixi bədii filmlərin çəkilməsi çoxdan baş verməliydi. Alimin sözlərinə görə, ötən 30 il müddətdə bu məsələlərdə çox geri qalmışıq: 

"Ancaq hər halda "Atabəylər" serialı bir başlanğıcdır. Ümid edirik ki, bu kimi tarixi çoxseriyalı filmlərin davamı da gələcək və ardıcıl çəkilişlər həyata keçiriləcək. 12-13-cü əsrlərə aid Səlcuqlar dönəmini, Azərbaycan Atabəylər dövlətini əks etdirəcək tarixi filmlərin, serialların çəkilməsi, həmin dövrün ekranlaşdırılması çox mühüm hadisədir. Çünki Azərbaycan tarixində 12-13-cü əsrlərin əhəmiyyəti böyükdür. O dönəmdə türk dövlətləri, o cümlədən Azərbaycan Atabəylər dövləti sözünü deməyi bacarmış dövlətlər olublar. İnsanlarımız öz tarixi keçmişini yaxından öyrənməli, türk dövlətlərini, tanınmış şəxsləri tanımalı, onlarla qürur duymalıdır. Eyni zamanda həmin dövrdə yaşamış tarixi şəxsiyyətlərimizi, alimləri, yazıçı və şairləri də tanımalıyıq. Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nəsirəddin Tusi kimi və başqaları həmin dövrə möhür vurmuş insanlar olublar. Tarixi obrazların canlandırılması, cəmiyyətə yenidən təqdim olunması təqdirəlayiq haldır. Hərbi-siyasi, tarixi-ideoloji anlamda, elm-mədəniyyət sahəsində tarixi bağlarımızı üzə çıxarmalı, təbliğ etməliyik". 
F.Ələkbərli qeyd edib ki, dünənimizi yeni nəslə elə formada çatdırmalıyıq ki, onlar bu günü və gələcəyi daha yaxşı təhlil edə bilsinlər: "Dövlətçilik ənənələrimizi, elm-mədəniyyət sahəsindəki üstünlüklərimizi tarixi dönəmdə mövcud olmuş türk dövlətlərinin və şəxsiyyətlərinin filmləşdirilmiş obrazı ilə təqdim etmək olduqca önəmlidir. Bu, həm də bütöv Azərbaycanın haradan başladığının, hansı dövrü əhatə etdiyinin yeni nəslin diqqətinə çatdırılması olacaq. Əfsuslar ki, yeni nəslin bəzi fərdləri Azərbaycan dedikdə, sadəcə, indiki Respublikamızın ərazisini nəzərdə tuturlar. Halbuki tarixi Azərbaycan indiki respublikamızdan ən azı 10 dəfə böyükdür. "Atabəylər dövləti" kimi tarixi seriallar Azərbaycanın tarixi-mədəni və coğrafi anlamda böyüklüyünü də ortaya qoyacaq. Tarixi şüurumuz bizi daha da böyüdəcək".