Bakı çalışmalıdır ki, Ermənistandakı Konstitusiya dəyişikliyini 2027-ci ilə daşıya bilməsin
“Azərbaycan Rusiya, Türkiyə ilə hazırkı yüksəksəviyyəli münasibətlərindən istifadə edərək Ermənistanı sülhə məcbur etməlidir"
Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır. Bu barədə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib. O, hökumətin bu sənəd üzərində təcili yox, detallı işləyəcəyini bildirib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı ilə İrəvan arasında sülh müqaviləsinin yalnız Ermənistan konstitusiyasının dəyişəcəyi təqdirdə imzalana biləcəyini elan edib. Dövlət başçısı Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən regional vəziyyətə toxunub. Ölkə rəhbəri deyib ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır. Dövlət başçısı vurğulayıb ki, bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dəyişdirilməlidir. Əslində, Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə dəfə ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib. Baş nazirin sözlərinə görə, hazırkı konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Vurğulayıb ki, vətəndaşlar mövcud konstitusiyaya hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar. Baş nazir qeyd edib ki, əsas problem təkcə konstitusiyada yazılanlarda deyil, həm də onun necə qəbul edildiyindədir: “Bizə xalqla ayrılmaz şəkildə bağlı olacaq yeni konstitusiya lazımdır”. Ekspertlərin fikrincə, İrəvan hökumətinin konstitusiya məsələsini mümkün qədər yubatması paralel olaraq sülh sazişinin imzalanmasının da uzanması deməkdir.
Politoloq Əli Oruclu "Sherg.az"a bildirib ki, Ermənistan rəsmiləri Azərbaycanla sülh sazişinin imzalanmasını tezləşdirəcəkləri barədə fikirlər səsləndirsə də, faktiki olaraq prosesi uzatmağa çalışırlar. Ekspertin sözlərinə görə, İrəvan bununla həm dünya ictimaiyyətini çaşdırır, özünü konstruktiv göstərir, həm də əlverişli ortamın yaradılacağına ümid bəsləyir:
"İndiki vəziyyətdə Azərbaycan üstün mövqedədir və diktə edən tərəfdir. Ermənistan isə qeyri-bərabər şəraitdə danışıqlar masası ətrafında oturmağa maraqlı deyil. Biz bunu Avropa Birliyinin zirvə toplantısında Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən qaçması ilə bir daha gördük. Əgər Ermənistan, həqiqətən də, münasibətlərin normallaşmasını istəsəydi, bütün fürsət və platformalardan faydalana bilərdi. Azərbaycanın sülh gündəliyinə sadiqliyi dəyişməzdir. Bakının sülh prosesi ilə bağlı mövqeyi tam aydındır. Lakin Ermənistanda xarici və daxili təsirlər güclü olduğundan sistemli və ardıcıl siyasi xətt yeridilməsi mümkün olmur. Paşinyana həm xarici güclər, həm daxildəki revanşistlər, erməni Apostol kilsəsi və beynəlxalq diaspor ciddi şəkildə basqılar edir, baş naziri çəkindirir".
Analitik vurğulayıb ki, 2020-ci il İkinci Qarabağ müharibəsindən 4 il ötməsinə baxmayaraq, Ermənistan-Azərbaycan arasında normallaşmaya və sülh sazişinin imzalanmasına nail olunmayıb: "Etiraf etmək lazımdır ki, bu proses çox ləng və ağır gedir. Əsas mübahisələndirilən detallar üzərində razılıq əldə olunmayıb. Azərbaycanın israr etdiyi Konstitusiya dəyişikliyi barədə Ermənistanda ciddi müqavimət var. Erməni ictimaiyyətini elə kökləyiblər ki, Azərbaycanın beynəlxalq hüquq və prinsiplərə əsaslanan haqlı tələbini diktə kimi qəbul edir və buna qarşı çıxır. Paşinyan hakimiyyətinin indiyədək öz cəmiyyətlərini doğru-düzgün məlumatlandıra və maarifləndirə bilməməsi nəticə etibarı ilə normallaşmanı da ləngidir. Zəngəzur dəhlizinin açılmasının sülh razılaşmasından sonraya saxlanması barədə güzəştlər prosesə stimul verməli olsa da, Ermənistan yeni bəhanələr tapıb".
Ə.Oruclunun qənaətincə, vaxtın bu qədər uzadılması, əslində, Azərbaycanın ziyanınadır: "Ermənistanın Qərb tərəfindən silahlandırılması, maliyyələşdirilməsi, iqtisadi və siyasi dəstək alması onun mövqeyini gücləndirərək özgüvən yaradır. Belə halda hansısa iddialara düşə, ortaya yeni ambisiyalar qoya bilər. Bakı çalışmalıdır ki, Ermənistandakı Konstitusiya dəyişikliyini 2027-ci ilə daşıya bilməsin. Hələ bu tarixin də son tarix olacağına inam azdır. Dünyada və regionda elə sürətli proseslər gedir ki, əlimizdə olan fürsət sabah olmaya bilər. Ona görə də Bakı Rusiya, Türkiyə ilə hazırkı yüksəksəviyyəli münasibətlərindən istifadə edərək Ermənistanı sülhə məcbur etməlidir".