Yeni layihə ilə bağlı Azərbaycana, Ermənistana tələ qurmağa çalışan ölkələr var
Yeni dünya nizamı uğrunda gedən mübarizənin əsas tərkib hissələrindən biri də iqtisadi damarlara, yəni dəhlizlərə və ticarət yollarına nəzarətdir
Zəngəzur dəhlizi ilə bağlı məsələ yenidən gündəmdədir. Xüsusən, Rusiya dövlət başçısı Vladimir Putinin Bakıya səfərindən, ardınca N.Paşinyanla və dövlət başçısı İlham Əliyevlə telefon danışığından sonra kommunikasiyaların açılması müzakirə predmetinə çevrilib. Üçtərəfli işçi qrupların dəhlizlərlə bağlı görüşlərə başlayacağı deyilir. Söz yox ki, Zəngəzur dəhlizinin açılması tarixi torpaqlarımıza qayıdış strategiyasının əsas komponentlərindən biridir. Hazırda müşahidə edilən prosesləri nəqliyyat dəhlizləri üzərindəki mübarizə adlandırmaq mümkündür. Bu mübarizədə Zəngəzur dəhlizi açar mövqeyə malikdir. ABŞ Cənubi Qafqazdakı kommunikasiyanı Rusiya və Çinin iştirakı olmadan öz planına uyğun açarsa, Orta dəhlizi nəzarətə götürəcək. Bu, Moskva üçün həyati əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat layihəsinə problem yaradacaq. Rusiya önə çıxarsa, həm regiondankənar qüvvələri oyundan çıxaracaq, həm də Şimal-Cənub layihəsinin işləkliyini təmin edəcək. Görünən odur ki, pərdəarxası proseslərdə Zəngəzur dəhlizi ətrafında intriqalar kəskinləşib. Rusiya dəhlizin 10 noyabr razılaşmasının 9-cu bəndinə uyğun, yəni Federal Təhlükəsizlik Xidmətinin iştirakı ilə açılmasında israrlıdır. Ermənistan isə Moskvanın təzyiqlərindən yayınmaq üçün Qərblə hərbi-siyasi əməkdaşlığı gücləndirməkdədir. Nəticədə Ermənistan silahlandırılır ki, bu da Azərbaycanla şərti sərhədlərdə təxribat cəhdlərini genişləndirir.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru Telman Nüsrətoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ nə regional, nə qlobal gündəmdən heç zaman düşməyib və düşməyəcək. Alimin sözlərinə görə, yeni dünya nizamı uğrunda gedən mübarizənin əsas tərkib hissələrindən biri də iqtisadi damarlara, yəni dəhlizlərə və ticarət yollarına nəzarətdir:
"Bu baxımdan İpək Yolu üzərindəki Zəngəzur dəhlizi çox mühüm əhəmiyyət kəsb edir. Bir-biri ilə mübarizə aparan geosiyasi qütblər üçün Zəngəzur dəhlizi önəmlidir. Sadəcə taktiki atılan addımlar var. Kommunikasiya məsələsini sülh sazişindən ayırmaq bölgədə Zəngəzur üzərindən yeni geosiyasi eskalasiya və konfrantasiya yaratmaq istəyən qüvvələrin qarşısını almaq, onların planlarını pozmaq məqsədi güdürdü. Zəngəzurla bağlı Azərbaycana, Ermənistana tələ qurmağa çalışan ölkələr var. O baxımdan kommunikasiya dəhlizlərinin sülh sənədindən ayrılması anlaşılandır. Hazırkı durumda, xüsusən Türkiyə-Ermənistan, Rusiya-Azərbaycan, Türkiyə-Azərbaycan arasında kommunikasiyaların açılması və sülh prosesinin ölü nöqtədən tərpədilməsi istiqamətində canlanma müşahidə olunur. Görüşlər, müzakirələr intensivləşir. Ancaq yenə deyirəm, Zəngəzur dəhlizi daim öz əhəmiyyətini qoruyacaq məsələdir. Rusiya da dəhlizlərin açılmasında, Türkiyə və İranla münasibətlərin fərqli xarakter almasında da maraqlıdır. Azərbaycanın birmənalı mövqeyi də ondan ibarətdir ki, dəhliz açılmalı və vətəndaşlarımızın Naxçıvana maneəsiz gediş-gəlişi təmin edilməlidir".