Görünür, Zəngəzur dəhlizi uğrunda mübarizənin yenidən qızışması Paşinyanı belə bir ekstren formatda iclas keçirməyə vadar edib
Diplomatların Ermənistanda görüşləri avqustun 26-dan 28-dək baş tutub. Qapalı iclaslarda prezident, baş nazir və digər yüksəkvəzifəli şəxslər iştirak ediblər. Daha sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səfirlərlə Azərbaycanla sərhəddə yerləşən Tavuşun Kirants kəndinə qısa səyahət təşkil edib. Dilicanda keçirilən iki günlük görüşdən sonra delimitasiyanın nəticələri ilə tanış olmaq üçün digər ölkələrdə akkreditə olunmuş erməni diplomatlar gətirilib. Nəticədə məlum olub ki, bəzi kənd sakinlərinin evləri və torpaq sahələri Azərbaycana verilib. Diplomatların Ermənistanda görüşləri avqustun 26-dan 28-dək baş tutub. Qapalı iclaslarda prezident, baş nazir və digər yüksəkvəzifəli şəxslər iştirak ediblər. Xatırladaq ki, keçmiş Ermənistan-Gürcüstan avtomobil yolunun Kirantsdakı hissəsi SSRİ Silahlı Qüvvələri Baş Qərargahının xəritələrinə əsasən Ermənistan və Azərbaycan SSR arasında inzibati sərhədlərə əsaslanan delimitasiya nəticəsində Azərbaycan tərəfinin nəzarətinə keçib.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan sülh üçün real addımlar atmağa yox, sülh tərəfdarı olduğunu imitasiya etməyə üstünlük verir. Ekspertin sözlərinə görə, bu ölkənin “peşəkar imitasiya ustası” olan xarici işlər naziri Ararat Mirzoyanın səfirləri Tavuş vilayətinin Xeyrimli kəndinə gətirməsi Ermənistanın “sülhsevər” ölkə imicinin formalaşdırılmasına xidmət edir:
"Erməni mediasının verdiyi xəbərə görə, səfər zamanı erməni diplomatlar iki ölkə arasında sərhədin delimitasiyası prosesinin nəticələri ilə tanış olublar. Ancaq əsas məqsəd təbii ki, Mirzoyanın erməni diplomatlara özünün “turistik bələdçilik” məharətini göstərməkdən ibarət olmayıb. Ermənistanın digər ölkələrdə akkreditə olunmuş səfirlərinin delimitasiyanın nəticələri ilə tanış olmaq üçün sərhədə aparılması “aysberq”in görünən tərəfidir. Əsas fakt isə budur ki, avqustun 26-28-də Dilicanda Ermənistanın Baş naziri Nikol Paşinyan, ölkə Prezidenti Vaaqn Xaçaturyan, XİN başçısı Ararat Mirzoyan, eləcə də digər rəsmi şəxslər və xarici ölkələrdə akkreditə olunmuş erməni diplomatların iştirakı ilə səyyar qapalı iclas keçirilib. Bəs səfirlərin iştirakı ilə qapalı iclasın keçirilməsində məqsəd nədir? Ermənistan mətbuatında bu barədə heç bir məlumat dərc olunmayıb. Görünür, Zəngəzur dəhlizi uğrunda mübarizənin yenidən qızışması Nikol Paşinyanı və Ararat Mirzoyanı belə bir ekstren formatda iclas keçirməyə vadar edib".
Siyasi şərhçi hesab edir ki, Ermənistanın işi təkcə delimitasiya ilə yekunlaşmır: "10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu maddəsinə əsasən, Ermənistan həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında sərnişinlərin, yüklərin maneəsiz hərəkətinə zəmanət verməlidir. Söhbət ilk növbədə Zəngəzur dəhlizinin açılmasından gedir. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi Qərbdəki havadarlarına arxalanaraq yenə də hər vasitə ilə Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa çalışır. Səfirlərlə Dilicanda keçirilən iki günlük qapalı iclas da yəqin ki, onların bu istiqamətdə operativ təlimatlandırılmasına xidmət edir. Rəsmi İrəvan ənənəvi xislətinə uyğun olaraq hər bir məsələdə destruktiv mövqe tutur. Ancaq İrəvanın bütün maneələrinə baxmayaraq, regiondakı nəqliyyat-kommunikasiya dəhlizlərinin açılması labüddür. Ermənistan kimi “marionet” dövlət qlobal güclərin marağında olan Zəngəzur dəhlizinin açılmasını əngəlləyə bilməz".