AŞPA-nın müşahidəçi kimi seçkilərdə iştirak etməməsi daha məqbuldur
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Azərbaycan seçkilərin beynəlxalq standartlara uyğun təşkil edilməsinə və demokratik prinsiplərin tətbiqinə xüsusi həssaslıq göstərir. Namizədlərin seçkiqabağı təşviqat kampaniyasına qanunvericiliyə uyğun olaraq bərabər şərait yaradılıb. Bütün seçki məntəqələrinə təşviqat lövhələri qoyulub. Seçicilərin namizədlərlə görüşməsi üçün qapalı və açıq yerlər ayrılıb. Namizədlərin ödənişsiz və ödənişli təşviqatının aparılması üçün bütün lazımi tədbirlər görülüb. Mərkəzi Seçki Komissiyası seçicilərin maarifləndirilməsi istiqamətində ciddi işlər görür. Səsvermə gününə hazırlıqla bağlı işlər qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara uyğun həyata keçirilir. Bütün bunları onlarla namizədin sosial şəbəkə üzərindən paylaşdığı status, video, fotolarda da görmək olur. Seçkilərlə bağlı əsas müzakirə mövzularından biri isə AŞPA-nın müşahidəçi kimi iştirak etməməsidir. İndiyə qədər 43 ölkə və 24 qurumdan ümumilikdə 228 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınıb. Rəsmi Bakının seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsi ilə bağlı heç bir problemi yoxdur. Amma AŞPA ilə bağlı vəziyyət fərqlidir.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, AŞPA Azərbaycana qarşı riyakar və qərəzli mövqeyi ilə seçilir. Ekspertin fikrincə, Azərbaycan nümayəndə heyətinin mandatının qəbul edilməməsi isə bu riyakarlığın pik həddidir:
"Belə bir təşkilatın seçkidə necə müşahidə aparacağını öncədən təxmin etmək mümkündür. AŞPA-nın müşahidəçi kimi iştirak etməməsi daha məqbuldur. Ümumiyyətlə, AŞPA-nın timsalında Qərbin, Brüsselin Bakıya qarşı ikili oyunu aydın şəkildə görünür. Daha dəqiq desək, Fransa “pis polis” kimi Azərbaycanla təhdid ritorikasında danışır. Almaniya isə “yaxşı polis” rolunda guya münasibətlərə önəm verir. Bu oyunu “ifşa edən” şəxs isə son zamanlar adını tez-tez eşitdiyimiz, Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin sədri Frank Şvabedir. O, Azərbaycana qarşı açıq hücumu ilə seçilir. Yəni rəsmi Berlin “yaxşı polis” rolunu oynasa da, Şvabe kimi təlxək və anarxisti rəsmi Bakının üzərinə göndərir. Təbii ki, seçki ilə yanaşı, regionda gedən proseslərdə də Qərbin məkrli rolu hiss edilir. Ermənistanın silahlandırılması, iqtisadi dəstəyin artırılması, hətta bu ölkənin Qərbin Rusiyaya qarşı sanksiyaları pozmasına göz yumması qərəzi sübut edir".