Məzahir Pənahov deyib ki, seçki pozuntuları ilə bağlı faktlar araşdırılacaq
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkisi keçirildi. Seçkidə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə apardı. 125 dairəni, ümumilikdə 6478 seçki məntəqəni əhatə edən seçkidə 6 milyon 421 min 960 seçiciyə səsvermə hüququndan istifadə etmək imkanı yaradıldı. Parlament seçkilərini izləmək üçün 112 min 749 nəfər yerli, 598 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçmişdi. 25 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınmışdı. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkidə ümumilikdə 37,27 faiz (2 milyon 196 min 771 nəfər) seçici iştirak edib. Bu, 2005-ci ildən bəri keçirilən 5 parlament seçkisində ən aşağı seçici aktivliyi kimi qeydə alınıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, quruma daxil olan müraciətlər informativ xarakter daşıyır. Onun sözlərinə görə, nə qədər müraciət daxil olsa, araşdırılacaq: "Missiyasını başa çatdırmamış beynəlxalq müşahidəçiləri və qurumları da araşdırma prosesinə dəvət edəcəyik".
Ən yaşlı və ən gənc deputat kimdir?
Mərkəzi Seçki Komissiyasının növbədənkənar parlament seçkilərinin ilkin nəticələri ilə bağlı açıqlamasına əsasən, deputat seçilən ən gənc namizəd Səbinə Xasayevadır. O, 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən mandat qazanıb. 31 yaşlı siyasətçi ikinci dəfədir deputat seçilir. 84 yaşlı Ziyad Səmədzadə isə VII çağırışın ən qocaman deputatı olacaq. 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilən Ziyad Səmədzadə Ali Sovetin də deputatı olub.
Deputat seçilən icra başçıları
125 seçki dairəsi üzrə mübarizə aparan namizədlərdən indiki və keçmiş icra başçısı da bütün rəqiblərini üstələyib. 112 saylı Zaqatala seçki dairəsindən Asif Əsgərov 80 faiz səslə qalib gəlib. O, 2006-2009-cu illərdə Zaqatala rayonun, 2009-2015-ci illərdə Səbail Rayon İcra Hakimiyyətinin, 2015-ci ildən indiyə kimi Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır. Namizədliyi 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən irəli sürülən Eyvaz Qurbanov isə 59.9 faiz səslə seçkini udub. O, 2011-ci ildən 2024-cü ilin iyul ayına qədər Oğuz Rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb.
Milli Məclisə mandat əldə edən 125 deputatdan 26-sı qadındır. Qalib gəlmiş qadınlardan 1 nəfər Naxçıvan Muxtar Respublikasından, 9 nəfər Bakıdan, 16 nəfər isə digər şəhər və rayonlardan seçilib. Qeyd edək ki, ötən seçkilərdə parlamentə seçilən qadın millət vəkillərinin sayı 22 nəfər idi.
Yeni Azərbaycan Partiyasının (YAP) 68 namizədi parlament seçkisində qalib gəlib. 45 bitərəf namizəd isə öz dairələrində qalib olublar. 7-ci çağırış Milli Məclisə 7-ci dəfə seçilən 3 nəfər var: - Ziyafət Əsgərov, Mixail Zabelin və İmamverdi İsmayılov.
İki rektor deputat oldu
Parlamentdə 51 saylı Şirvan seçki dairəsini Heydər Əsədov təmsil edəcək. H.Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru idi. O, 2019-cu ildə bu vəzifəyə təyin olunmuşdu. 2007-2013-cü illərdə Hesablama Palatasının sədri, 2013-2018-ci illərdə isə kənd təsərrüfatı naziri olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə isə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov 7 saylı Xanlıqlar seçki dairəsindən parlamentə düşüb.
"Seçkilərin ən əlamətdar cəhəti onun bütün ölkə ərazisini əhatə etməsidir"
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, növbədənkənar parlament seçkilərinin ən əlamətdar cəhəti onun bütün ölkə ərazisini əhatə etməsidir. Onun sözlərinə görə, Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda növbədənkənar parlament seçkilərinin keçirilməsi həqiqətən də tarixi əhəmiyyət kəsb edir:
"Dinc və təhlükəsiz şəkildə başa çatan bu seçkilərin əvvəlkilərdən ən başlıca fərqi ondadır ki, bu dəfə namizədlərin platformalarında və şüarlarında məğlub ölkənin ümidləri və gözləntiləri yox, qalib ölkənin qüruru və gücü hiss olunurdu. Bəli, ən yeni tariximizdə ilk dəfədir ki, namizədlər seçiciləri ilə görüşlər zamanı keçmiş “Qarabağ münaqişəsi”nin həlli istiqamətində çalışacaqları, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün əllərindən gələni edəcəkləri barədə vədlər vermədilər. Laçında, Şuşada, Xankəndidə, Xocalıda və işğaldan azad edilmiş digər ərazilərimizdə soydaşlarımızın 33 ildən sonra ilk dəfə olaraq doğma yurdlarında qürurlu Azərbaycan vətəndaşı kimi səs vermələri tarixi Zəfərin təntənəsidir. Dövlət və xalq olaraq Qarabağda tariximizin yeni səhifələrini yazırıq. Seçki də bu səhifələrdən biridir. İşğaldan azad edilən ərazilərdə seçkilərin keçirilməsi suverenliyimizin, bütövlüyümüzün möhkəmləndirilməsidir. İnanırıq ki, seçkilərin nəticələri xalqımıza və dövlətimizə xeyirli olmaqla yanaşı, Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına da öz töhfəsini verəcək".