Məhz heç bir vasitəçi olmadan keçirilən danışıqlar müsbət nəticələr verir
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanı sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağa və qalanları üzərində işi davam etdirməyə çağırıb. Baş nazir vurğulayıb ki, sülh müqaviləsinin son layihəsində 17 maddə var və onlardan 13-ü artıq tam razılaşdırılıb, o cümlədən preambula da. Paşinyanın dediyinə görə, daha 3 maddə birdən çox təklifdən ibarətdir ki, onlar da razılaşdırılıb: "Bütün fundamental prinsiplər orada Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması ilə bağlı olduğu üçün bu mümkündür". Ermənistanın baş naziri hesab edir ki, heç bir sülh müqaviləsi bütün suallara cavab verə bilməz. Onun fikrincə, sülh müqaviləsi imzalandıqdan sonra diplomatik münasibətlərin qurulması üçün platforma yaratmaq mümkün olacaq ki, bu da digər məsələlərin həllini xeyli asanlaşdıracaq: “Razılaşdırılmış maddələrdə mexanizm var ki, sülh sazişinin həyata keçirilməsi ilə bağlı bütün məsələləri daimi platformada müzakirə etməyə imkan verir. Gözlənilir ki, saziş imzalandıqdan sonra tərəflər diplomatik münasibətlər quracaq və bu, məsələlərin müzakirəsi üçün əlavə platforma olacaq”.
Paşinyan qeyd edib ki, uzun müddətdir ki, Azərbaycanla iş ikitərəfli formatda aparılır: “Ötən ilin dekabrındakı birgə bəyanat, 19 aprel bəyanatı və dünən imzalanmış komissiyaların əsasnaməsini nəzərə alaraq, deyə bilərik ki, bu format müəyyən qədər səmərəlilik nümayiş etdirir. Biz bu məsələ ilə bağlı qərar verməliyik, çünki ümumi anlayış ondan ibarətdir ki, indiki mərhələdə biz ikitərəfli formatda işləyirik və nə qədər ki, bununla irəliləyə bilərik, bu, düzgün bir qərardır. Mən bu barədə Rusiya prezidentinə son telefon danışığımızda birbaşa və səmimi dedim”. Baş nazir vurğulayıb ki, o, ikitərəfli formatla yanaşı, başqa formatlarda da işləməyi istisna etmir: “Hər bir işə ayrıca məsələ kontekstində ayrıca baxılmalıdır. Avropa siyasi ictimaiyyətinin sammiti zamanı RA-nın görüşdən imtina etdiyi görüntüsü yaratmağa cəhd edilib. RA görüşdən imtina etməyib. Mən özüm də Azərbaycan prezidentinə təklif etmişəm ki, ikitərəfli görüş keçirilsin. Bu, demarkasiya komissiyalarının toplaşdığı Ermənistan-Azərbaycan sərhədində baş verə bilər. Mən də belə təmaslara hazıram. Üçtərəfli təmaslara gəlincə, onun məqsədəuyğunluğu verilən müddətdə, indiki vəziyyətdə dəyərləndirilməlidir”.
Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a deyib ki, Azərbaycan qalib ölkə olmasına baxmayaraq, sülhün ən çox əldə edilməsini istəyən tərəf kimi çıxış edir. Deputatın sözlərinə görə, müxtəlif ölkələrdə və fərqli güclərin koordinatorluğu ilə sülh danışıqları həyata keçirildi və müsbət nəticələr də əldə olundu:
"Ancaq əfsuslar ki, Ermənistanın sülh danışıqlarını yubatdığını və daha çox təxribatlara əl ataraq bəzi öhdəliklərini yerinə yetirmədiyini gördük. 2023-cü ildə Azərbaycan suverenliyini tam bərpa etdikdən sonra proseslər fərqli məcrada inkişaf etdi. Bakının yaratdığı yeni reallıq Ermənistanı dəstəkləyən havadar dövlətlər tərəfindən də qəbul edilməyə başlandı. Xüsusilə 2024-cü ildə heç bir vasitəçi olmadan Ermənistan-Azərbaycan arasında danışıqların uğurla həyata keçirilməsinin və qarşılıqlı xoşniyyət nümayiş etdirilməsinin şahidi olduq. Məhz heç bir vasitəçi olmadan keçirilən danışıqlar müsbət nəticələr verdi. Ciddi mübahisə doğuran və Ermənistanın yerinə yetirmədiyi əsas öhdəliklərdən biri kommunikasiyaların açılması idi ki, bu məsələ də sülh gündəliyindən çıxarıldı. Bu məsələnin uzun çəkəcəyi bəlli idi, çünki Ermənistanın özünün kommunikasiyalarının açılması ilə bağlı "sülh kəsişməsi" layihəsi var. Nəticə etibarı ilə sülh mətninin bir növ həcmini azaltmış olduq. Azərbaycan öz mövqeyində qətidir. İkitərəfli görüşləri təklif və təşkil edən məhz Bakı olub. Əsas məsələ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanmasıdır. Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün əldə olunması üçün Azərbaycanın Cənubi Qafqazda fərqli mövqelərin toqquşması nəticəsində yarana biləcək gərginlikləri azaltmaq və yeni münaqişə ocaqlarını tamamilə dəf etmək üçün həyata keçirdiyi xarici siyasət öz məntiqi nəticəsini verməkdədir. Azərbaycanın yaratdığı yeni reallıqlar beynəlxalq güclər tərəfindən region dövlətləri tərəfindən qəbul edilir. İnanırıq ki, gec-tez Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasına nail ola biləcəyik".