Ermənistan sülh sazişindən bir neçə önəmli məqamı çıxarıb
“Nəticə etibarı ilə Ermənistan və Azərbaycan arasında yeni bir çərçivə sazişinin imzalanması mümkündür. Tərəflər arasında çox ciddi razılaşmalar mövcuddur”
Azərbaycan sülh sazişilə bağlı 10-cu təkliflər paketini Ermənistana göndərib. İrəvan Bakıdan sülh sazişi layihəsilə bağlı yeni təkliflər paketi aldığını etiraf edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, bu, sülh sazişi layihəsilə bağlı tərəflər arasında mübadilə olunan 10-cu paketdir. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib ki, İrəvan Cənubi Qafqazda və regionda sülhün bərqərar olmasına hazırdır. Diplomat digər məsələlərlə yanaşı, siyasi dialoqun fəal xarakterini, eləcə də Ermənistan və Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın möhkəm əsasını qeyd edib. Xatırladaq ki, erməni tərəfi iyun ayında verdiyi açıqlamada Azərbaycanın sülh müqaviləsi layihəsilə bağlı son təkliflərinə cavab olaraq işlənmiş 9-cu redaksiyasını göndərdiyini açıqlamışdı. Daha sonra Azərbaycan Prezidenti bəyan etmişdi ki, Bakı ilə İrəvan arasında sazişin mətni 80-90 faiz razılaşdırılıb. Azərbaycan lideri vurğulamışdı ki, dialoqun daha da inkişafı üçün erməni tərəfi layihədən "Dağlıq Qarabağ"la bağlı olan müddəa və şərtləri çıxarmağa məcbur olub.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da bildirib ki, Ermənistanın sülh sazişi layihəsindən bir neçə önəmli məqamı çıxarıb, cavab təklifləri İrəvana təqdim ediləcək. Nazir deyib ki, Azərbaycan bu il 24 iyun tarixində sülh sazişi layihəsi ilə bağlı öz cavablarını Ermənistana təqdim edib: “Təxminən 70 gün sonra baş nazirin mətbuat konfransından 1 neçə saat öncə Ermənistan Azərbaycana öz versiyasını geri qaytarıb. Onların təqdim etdikləri mətnin layihəsindən bir neçə önəmli məqam çıxarılıb. Önəmli məqamlara saziş layihəsində yer ayrılmayıb və bizə məsələnin həllinin bu olduğu deyilib. Bizim Ermənistan tərəfinə tövsiyəmiz ondan ibarətdir ki, onlar bu məsələlərə daha ciddi yanaşsınlar. Biz yaxın müddət ərzində beynəlxalq hüquqa əsaslanan və bizim milli maraqlara cavab verən versiyanı Ermənistana təqdim edəcəyik”. Ceyhun Bayramov vurğulayıb ki, sülh sazişinin imzalanmasını mümkün edə biləcək əlavə meyarlar mövcuddur, seçim Ermənistanındır: "Ermənistan qonşularına qarşı, ilk olaraq da Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Buna hər hansı bəhanə tapmağa enerji sərf edilməməlidir. Ermənistan və Azərbaycan konstitusiyaları arasında müqayisələr aparmaq cəhdləri də yersizdir. Biz bu problemin mövcudluğunu qarşı tərəfə 2 il öncə çatdırmışdıq".
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, tərəflər arasında danışıqlar gedir və müsbət istiqamətdə irəliləyişə nail olunub. Analitik vurğulayıb ki, Ermənistan Baş naziri Nikol Paşinyan 17 maddəlik bəndin 13-nün razılaşdırıldığını qeyd edib.
Sənədin bəyannamə hissəsi də razılaşdırılıb. Sərhəd komissiyasının nizamnaməsi qəbul edilərək, Avropa Birliyinin mülki missiyasının sərhədə yaxınlaşmaması ilə bağlı ikitərəfli razılıq əldə edilib. Paşinyan sərhəddə Prezident İlham Əliyevlə görüşə də razıdır. İkitərəfli danışıqlar və sərhəddə görüş Azərbaycanın təklifidir və Ermənistan tərəfi bununla razıdır. Ermənistan 2 ildən sonra konstitusiya islahatlarına gedəcəyini elan edib. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının Ermənistan konstitusiyasından çıxarılması reallaşacaq. Hazırda İrəvan tərəfi silahlanır, amma bunun hərbi eskalasiyaya gətirib çıxaracağını istisna edirəm. Çünki danışıqlar gedir və ikitərəfli razılıqlar var".
Ekspertin sözlərinə görə, Rusiya Azərbaycanı Ermənistana qarşı təzyiqlərə sövq etməyə çalışır: "Moskva Zəngəzur dəhlizinin sülh şərtlərinə daxil edilməsini və hərbi təzyiqlərə əl atılmasını Bakıdan arzulayır. Lakin Bakı buna getməyəcək. Fransa da hərbi eskalasiyada maraqlıdır. Ermənistan hakimiyyəti Fransanın diktəsi ilə danışıqları pozarsa, hərbi təxribatlara gedərsə, itirən tərəf İrəvan olacaq. Ona görə də hərbi eskalasiya mürəkkəbdir. Paşinyan bunun nəticələrinin Ermənistan üçün arzuolunan səviyyədə olmayacağını bilir. Nəticə etibarı ilə Ermənistan və Azərbaycan arasında yeni bir çərçivə sazişinin imzalanması mümkündür. Tərəflər arasında çox ciddi razılaşmalar mövcuddur".