Açıqlama, izahat vermirlər
Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatları toplamaqda ittiham olunur. Belə bir iddia Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov tərəfindən səsləndirilib. Onun sözlərinə görə, Vaşinqton və onun müttəfiqləri istənilən addımı atmağa, o cümlədən marionet hökumətlər vasitəsilə Rusiyanın ətrafında münaqişə ocaqlarını qızışdırmağa hazırdır. Səfir belə müdaxilələrə misal olaraq, Aİ-nin Ermənistandakı müşahidə missiyasını göstərib: "Missiyanın Qərbin hibrid müharibəsinin aləti olması onun məxfiliyini və ya nə Ermənistanın, nə də Azərbaycanın nəzarətində olmadığını təsdiqləyir. Əslində, bu missiya Azərbaycan, İran və Rusiya Federasiyasına qarşı kəşfiyyat məlumatları toplayır".
Politoloq İlqar Vəlizadə bildirib ki, Aİ missiyası ilə əlaqədar müxtəlif iddiaların gündəmə gəlməsi təbiidir. Analitikin sözlərinə görə, missiyanın nə işlə məşğul olduğu bilinmir:
"Avropa İttifaqının missiyasının funksiyaları bəlli deyil. Missiya müxtəlif keçmiş hərbçilərdən ibarətdir. Böyük hissəsi Fransa hərbçilərindən, yaxud keçmiş təhlükəsizlik xidmətlərində fəaliyyət göstərmiş əməkdaşlardan təşkil olunub. Ona görə Aİ missiyasında yer alan şəxslərin zaman-zaman casusluq funksiyasını da icra etməsi ehtimalları gündəmdədir. Hər halda bunu istisna etmək olmaz. Reallıqda Aİ missiyasının Azərbaycan-Ermənistan hansı funksiyanı həyata keçirdiyini dəqiq bilən varmı? Yoxdur. Məsələn, bölgədə baş verənlərlə bağlı informasiya topladıqları deyilir. Baş verənlərlə bağlı topladıqları məlumatları hansı şəkildə tərtib etdikləri, hara, hansı ölkələrə göndərdikləri haqda açıqlama, izahat vermirlər".