Tehran bilir ki, dəhliz açılarsa, bura nəzarət Rusiyada olacaq
İran Ermənistandan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək marşruta qarşı çıxıb. Bununla bağlı Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran rəsmisi Rusiyanın Tehrandakı səfiri ilə görüşündə davamlı sülhün təminatçısı və regional sülhün əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətdən danışıb. O, İranın regionda sülh və sabitliyin bərqərar olmasını və regionun geosiyasi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə qarşı olduğunu vurğulayıb. Görüşdə Cənubi Qafqazda cari proseslər ətrafında fikir mübadiləsi aparılıb. Yəni İran rəsmisi bildirib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə və istənilən geosiyasi dəyişikliyə qarşı çıxır. Tərəflər “3+3” formatında gələcəkdə keçiriləcək iclas və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü haqqında fikir mübadiləsi aparıblar. Qeyd edək ki, bir müddət əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın üçtərəfli razılaşmaları sabotaj etdiyini demişdi. Lavrov Zəngəzurdan keçən kommunikasiyaları gecikdirən tərəfin İrəvan hökuməti olduğunu bildirmişdi. Göründüyü kimi, İranda prezidentin dəyişməsinə baxmayaraq, gözlənildiyi kimi xarici siyasətdə ciddi korrektələr edilməyib. Yəni Tehran yenə Zəngəzur dəhlizinə “qırmızı xətt”i kimi baxır. Əslində, Tehranın Moskvaya etirazı onu deməyə əsas verir ki, bu “qırmızı xətt” təkcə Bakıya qarşı yox, dəhlizin açılmasında maraqlı olan bütün qüvvələrə çəkilib.
Politoloq Turan Rzayev "Sherg.az”a deyib ki, Tehran yaxşı bilir ki, dəhlizin açılması Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərini dəyişdirməyəcək. Yəni 10 Noyabr bəyanatında da maneəsiz hərəkətdən bəhs olunur, hər hansı ərazi ilhaqından deyil. Ekspertin sözlərinə görə, İranın Avropa bazarına əsas qapısı məhz Ermənistan üzərindədir:
"Tehranın Zəngəzurdan keçən yol ilə Gürcüstana, buradan Poti və Batum limanları ilə Avropa bazarına çıxışı var. İran-Ermənistan sazişlərinə görə iki ölkə arasında gömrük rüsumları azdır. Bəzi məhsulların keçidi isə yoxlanışsız, pulsuzdur. Dünya narkotik ticarətində əsas keçid nöqtəsi buradır.
İran onsuz da 44 günlük müharibədən sonra narkotik bitkilərin becərildiyi Qarabağdan məhrum oldu. İndi də bu biznesin əsas ixrac yolunu itirmək istəmir. Tehran bilir ki, dəhliz açılarsa, bura nəzarət Rusiyada olacaq. Rusiya isə Ermənistanla İran arasında imzalanan sazişləri, güzəştləri tanımayacaq. Ən azından İranın əsas narahatlığı budur. Müctəba Dəmirçilu ilə Aleksey Dedov arasında bu məsələlərin müzakirə edilməsi istisna deyil".
Analitikin fikrincə, “3+3” format çərçivəsində İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü Kremlin təklifidir:
"Rusiya İranın narahatlığını bilir və aradan qaldırmaq üçün belə görüş təklif edir. Bu görüş həm də Zəngəzurun statusunun necə olacağını müəyyən edə bilər. Yəni tərəflərin maraqları nəzərə alınaraq dəhliz açıla bilər".