Mühacir hökumət qurulacaqsa, bu ancaq və ancaq Qərbi Azərbaycan İcmasının əsasında qurulacaq
“Ermənilərin arzuları, tələbləri Qərbi azərbaycanlıları maraqlandırmır. Biz tarixi torpaqlarımıza qayıdacağıq”
Ermənistan hökuməti siyasi riyakarlığa son qoymur. Bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə separatçı qüvvələrə Ermənistan parlamentində "repatriasiya komissiyası" yaratmaqla geniş fəaliyyyət imkanı yaradır. Cəmiyyətdə yeni müharibəyə səbəb olacaq, xaricdən yönləndirilən və qızışdırılan revanşist qüvvələrin fəaliyyətlərini genişləndirmələrinə hər cür şərait yaradır. Məlum olduğu kimi, gorbagor olmuş qondarma rejimin sonuncu tör-töküntüsü Samvel Şahramanyan Fransa kimi ölkələrin, erməni lobbi və kilsəsinin təhriki ilə yenidən sərsəm açıqlamalar səsləndirir. Separatçıların axırıncı "başçısı" Qarabağa qayıdış məsələsinin beynəlxalq müstəvidə müzakirə olunduğunu, gec-tez ermənilərin Xankəndiyə qayıdacaqlarını söyləyir. Qərbi Azərbaycan İcması bəyanat yayaraq, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, "Qarabağa qayıdış"dan dəm vurulmasını kəskin şəkildə pisləyib. Bəyanatda qeyd olunub ki, Qərbi Azərbaycan İcması son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib. Ermənistan hökuməti nəinki bu addımı atmayıb, əksinə, üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verib: "Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq".
Ermənilərin Qarabağa qayıtması müqabilində rəsmi Bakı 1988-1989-cu illərdə Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə dönməsi tələbini irəli sürür. Ermənistan tərəfi isə Qərbi azərbaycanlıların Zəngəzurda, Göyçədə və digər ərazilərdə yerləşməsində maraqlı deyil. Ona görə də Paşinyan hakimiyyəti ermənilərin Qarabağa qayıtması ilə bağlı razılaşmanın sülh sazişinin mətninə salınmasından imtina edib. Samvel Şahramanyanın ermənilərin qayıdışı məsələsini qaldırması əslində, Paşinyana cavab məqsədi daşıyır. Şahramanyan “Ermənistan hakimiyyəti Qarabağdan imtina etdi” deməklə qondarma rejimin buraxılmasına görə məsuliyyəti Paşinyanın üzərinə atır. Separatçıların keçmiş rəhbərinin cinayətkar rejimin buraxılması barədə “fərman”ın etibarsız sənəd olduğunu iddia etməsi də bu niyyətə xidmət edir. Məqsəd isə erməniləri Paşinyana qarşı etirazlara təhrik etməkdir. İctimaiyyət nümayəndələri də hesab edirlər ki, ən qısa zamanda Qərbi Azərbaycan mühacir hökuməti yaradılmalıdır. Bu hökumət Ermənistan dövlətinin azərbaycanlılara vurduğu maddi-mənəvi ziyanın iqtisadi əsaslarını hazırlamalıdır. Dəymiş ziyanın ödənilməsi üçün Ermənistan və beynəlxalq təşkilatlar qarşısında tələblər qoyulmalıdır. Ən əsası son 100 ildə Ermənistandan qovulan soydaşlarımızın geri - öz dədə-baba yurdlarına qayıtmaları üçün davamlı iş aparılmalıdır. Bu məsələdə təkcə Qərbi Azərbaycandan olan soydaşlarımız yox, hər birimiz səfərbər olmalıyıq. QHT-lər, mətbuat və ictimai fəallar Ermənistan dövlətinin soydaşlarımıza qarşı apardığı soyqırımı siyasətinə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi üçün daha qətiyyətli mübarizə aparmalıdır. Yeni formalaşan parlamentin bu məsələdə üzərinə daha çox iş düşür. Onlar bütün xarici səfərlərində və iştirak etdikləri beynəlxalq tədbirlərdə Ermənistanın əsl simasını ifşa etmək üçün bütün imkanlardan istifadə etməlidirlər. Məhz bu cür mübarizə üsulu ilə ermənilərin xəstə “Miatsum” və “dənizdən-dənizə böyük Ermənistan” ideyalarının sonunu gətirə bilərik.
Qərbi Azərbaycandan olan araşdırmaçı-jurnalist, "Çapar" jurnalının baş redaktoru Dilqəm Əhməd "Sherg.az"a deyib ki, ermənilərin Qarabağa qayıdıb-qayıtmamasından asılı olmayaraq Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixi torpaqlarına dönmələri vacibdir. Araşdırmaçı-yazarın sözlərinə görə, bəzən elə təəssürat yaradılır ki, sanki bu qayıdış konsepsiyası ermənilərin Qarabağda yaşamaq istəklərini dayandırmaq üçündür:
"Bu, əsla, belə deyil. Qarabağda doğulmuş, vaxtilə Azərbaycan SSR vətəndaşı olmuş ermənilərə dövlətimiz haqq tanıdı, az bir qismi bunu qəbul etdi. Yəni onların arzuları, tələbləri biz Qərbi azərbaycanlıları maraqlandırmır. Biz tarixi torpaqlarımıza qayıdacağıq. İcmamızın bəyanatına gəldikdə isə ayrı-ayrı şəxslər tərəfindən indiyədək bir neçə "respublika" elan edilmişdi. Mən şəxsən yazılarımda buna etirazımı bildirmişdim. Çünki bu səpkidən olan addımlar hüquqi deyildi və bunun nəticəsində istəyən hər kəs 10-15 şəxsi başına yığıb "hökumət" elan edə bilər. Necə ki, bir neçəsi edilmişdi. Ona görə də mühacir hökumət qurulacaqsa, bunu ancaq və ancaq Qərbi Azərbaycan İcmasının əsasında qurmaq olar. Çünki bu icma hüquqidir, bütün Qərbi Azərbaycanın təmsilçisidir, kəndbəkənd, mahalbamahal təmsilçilər var. Azərbaycan dövləti tərəfindən də qəbul edilib. Ona görə də icmanın son təkliflərini mümkün hesab edirəm. Bunun hazırda dünyada da bir neçə nümunəsi var. Biz Qərbi Azərbaycana tanksız, dronsuz, savaşsız qayıtmaq istəyirik. Amma Ermənistan buna razı olmazsa, alternativ addımlarla bu istəyimizi mütləq həyata keçirəcəyik".